Yeni dələduzluq üsulu: Əməkdaş adı ilə SMS kodu istəyirlər
Rusiyada dələduzlar özlərini marketpleys əməkdaşları kimi təqdim edərək vətəndaşlardan SMS təsdiq kodlarını ələ keçirməyə çalışırlar.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin üzvü Anton Nemkinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, dələduzlar vətəndaşlara zəng edərək guya mövcud olmayan sifarişin saxlanılmasına görə pul tutulmasının qarşısını almaq üçün SMS-lə göndərilən təsdiq kodunu tələb edirlər.
Nemkin bildirib ki, həmin kodlardan istifadə etməklə cinayətkarlar istifadəçi hesabına daxil ola, şəxsi məlumatları dəyişdirə və ya digər qanunsuz əməliyyatlar həyata keçirə bilərlər.
Deputat vurğulayıb ki, marketpleys əməkdaşları heç vaxt telefon vasitəsilə SMS kodu istəmir və sifarişin ləğvi və ya çatdırılma ilə bağlı məsələlərin həlli üçün məxfi məlumatların açıqlanmasını tələb etmirlər.
O, belə zənglər daxil olduqda vətəndaşlara marketpleysin rəsmi tətbiqinə və ya saytına daxil olaraq şəxsi kabinetdə məlumatları müstəqil şəkildə yoxlamağı tövsiyə edib.
22:39 26.07.2026
Oxunuş sayı: 54