KİV: Berlində avtomobillə izdihamın üzərinə sürən şəxs islamçı motivlərlə hərəkət edib
Almaniyanın paytaxtı Berlində avtomobilin insanların üzərinə sürülməsi hadisəsini törətməkdə şübhəli bilinən şəxsin islamçı motivlərlə hərəkət etdiyi ehtimal edilir.
Crossmedia.az xəbər verir ki, "Bild" bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi araşdırır. İddia olunur ki, şübhəli 21 yaşlı Almaniya vətəndaşı, Livan əsilli Abdul Ballutdur.
Bildirilir ki, o, əvvəllər ağır bədən xəsarəti yetirmə və hədə-qorxu ilə tələb etmə kimi cinayətlərə görə hüquq-mühafizə orqanlarının diqqətində olub. Həmçinin nəşrin iddiasına əsasən, şübhəlinin İŞİD terror təşkilatının tərəfdarı olduğu ehtimal edilir.
"Bild" yazır ki, Almaniyanın dövlət təhlükəsizliyi orqanlarında onun dini radikalizm və islamçılıq fəaliyyəti ilə bağlı geniş məlumatlar mövcuddur. Bu səbəbdən istintaq hadisənin islamçı motivli terror aktı olması versiyasını əsas götürür.
Qeyd edək ki, istintaq davam edir və Almaniya rəsmiləri hadisə ilə bağlı yekun nəticəni hələ açıqlamayıb.
15:18 26.07.2026
Oxunuş sayı: 66