Pentaqon ABŞ-nin itkilərini az göstərməkdə ittiham olunur
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranla münaqişə zamanı hərbi itkiləri izləyən rəsmi sistemində ölən və yaralanan hərbçilərlə bağlı məlumatların dəyişdirilməsi müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, CNN bu barədə məlumat yayıb.
Telekanalın məlumatına görə, iyulun 23-də Hərbi İtkilərin Təhlili Sistemi (DCAS) üzərindən dörd həlak olmuş hərbçi və onlarla yaralı barədə məlumat silinib. Halbuki bundan əvvəl sistemdə İranla münaqişə zamanı həlak olan ABŞ hərbçilərinin sayının 18 nəfər olduğu göstərilirdi.
CNN qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp da Delaver ştatında hərbçilərin nəşinin təhvil verilməsi mərasimində çıxışı zamanı həlak olanların sayının 18 nəfər olduğunu təsdiqləyib.
Məsələ ilə bağlı ABŞ Senatındakı Demokratlar Partiyasının üzvləri müdafiə naziri Pit Heqsetə müraciət edərək məlumatlardakı uyğunsuzluğa aydınlıq gətirilməsini tələb ediblər.
Pentaqon isə məlumat fərqinin sistemdə yaranmış texniki nasazlıqdan qaynaqlandığını, problemin aradan qaldırılacağını bildirib və itkilərin qəsdən gizlədilməsi ilə bağlı iddiaları qətiyyətlə rədd edib.
CNN-in məlumatına əsasən, DCAS sistemində oxşar problemlər əvvəllər də müşahidə olunub və məlumatlar texniki səhvlər səbəbindən mütəmadi yenilənib. Pentaqon isə bunu yaralılarla bağlı məlumatların sistemə gec daxil edilməsi ilə izah edib.
10:19 25.07.2026
Oxunuş sayı: 64