Fuad Muradov diaspor nümayəndələri ilə görüşüb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyada yaşayan Xalq rəssamı Əşrəf Heybətov və İrlandiyada fəaliyyət göstərən musiqiçi, Azərbaycan–İrlandiya Mədəniyyət Assosiasiyasının sədri Əşrəf Tağıyevlə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, görüşdə Almaniya və İrlandiyada Azərbaycan mədəniyyətinin təbliği, milli-mənəvi dəyərlərin qorunması, diaspor fəaliyyətinin gücləndirilməsi və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Fuad Muradov xaricdə yaşayan azərbaycanlıların ölkənin müsbət imicinin formalaşdırılması və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Qonaqlar isə milli kimliyin qorunması, Azərbaycan mədəniyyətinin Avropada daha geniş tanıdılması və mədəni diplomatiyanın inkişafı istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.
21:24 23.07.2026
Oxunuş sayı: 21