Bilmədiyimiz qanunlar - Toy günü edilən bu səhvin sonu məhkəmədə bitə bilər
Toylar Azərbaycan mədəniyyətinin əvəzolunmaz hissəsidir. Toy mərasimlərinin ən vacib detallarından biri də bu şad günün çəkilişlə ömürlük xatirəyə çevrilməsidir. Mərasimin çəkilişi isə ya şadlıq sarayına, ya da bu işlə məşğul olan şəxslərə tapşırılır. Əslində toy sahibləri ən önəmli tapşırığı məhz çəkiliş heyətinə verirlər. Bəs bu heyət çəkilişi unutsa, nə olar?
Unutqanlıq və ya hər hansı texniki problem toy sahiblərinin şad gününü alt-üst edə bilər.
Bəs belə hal baş verərsə, Azərbaycan qanunlarında bu necə öz əksini tapıb? Toy sahibləri belə halda təzminat ala bilərmi?

Məsələ ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənova Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən belə bir hadisə baş verərsə, bu, sadəcə peşə etikası məsələsi deyil, eyni zamanda mülki-hüquqi məsuliyyət yaradan hüquq pozuntusu hesab olunur:
“İlk növbədə qeyd edilməlidir ki, video və foto çəkilişi xidmətləri mülki hüquq münasibətləridir və tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Müqavilə yazılı formada bağlanmasa belə, ödəniş sənədləri, elektron yazışmalar, sifarişin təsdiqi, bank köçürmələri, şahid ifadələri və digər sübutlarla müqavilə münasibətlərinin mövcudluğu təsdiq edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüququna malikdir. Həmin maddəyə görə, zərərin tərkibinə həm real zərər, həm də əldən çıxmış fayda daxildir. Buna görə də videoqraf müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi halda sifarişçi ödədiyi xidmət haqqının geri qaytarılmasını, eləcə də həmin pozuntu nəticəsində yaranmış digər maddi zərərlərin əvəzinin ödənilməsini tələb edə bilər. Burada onu da qeyd etmək lazımdır ki, inzibati xəta məsuliyyəti nəzərdə tutulmadığı üçün konkret, sabit məbləğdə cərimə tətbiq edilmir. Lakin xidmətin icra olunmadığı hər gün üçün xidmət haqqının 1 faizi məbləğində cərimə hesablanır. Yəni tərəflər arasında hansı məbləğdə xidmət haqqı razılaşdırılıbsa, həmin məbləğin hər gecikdirilmiş gün üçün 1 faizi həcmində cərimə ödənilməlidir. Bununla yanaşı, daha məqsədəuyğun olardı ki, tərəflər mütləq yazılı müqavilə bağlasınlar və müqavilədə xidmətin göstərilməməsi və ya öhdəliyin yerinə yetirilməməsinə görə konkret cərimə məbləği nəzərdə tutsunlar. Çünki toy bir dəfə keçirilən mərasimdir və qanunvericilikdə nəzərdə tutulan ümumi cərimə məbləği belə hallarda kifayət qədər aşağı ola bilər. Buna görə də müqavilənin özündə ayrıca cərimə şərtinin müəyyən edilməsi daha məqsədəuyğundur. Bundan əlavə, bu münasibətlər "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tənzimləmə predmetinə daxildir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, icraçı xidməti müqaviləyə uyğun göstərmədikdə istehlakçı müqavilədən imtina etmək, çəkdiyi zərərin ödənilməsini tələb etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək səlahiyyətinə malikdir.”
Hüquqşünas vurğulayıb ki, burada ən mühüm məsələlərdən biri mənəvi zərərdir:
“'İstehlakçıların hüquqlarının müdafiəsi haqqında' Qanun istehlakçının hüquqlarının pozulması nəticəsində ona vurulmuş mənəvi ziyanın da ödənilməsini nəzərdə tutur. Mənəvi ziyanın məbləği konkret işin hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Toy çəkilişi adi kommersiya xidməti deyil. Toy insan həyatında, bir qayda olaraq, yalnız bir dəfə baş verən və sonradan eyni şəkildə təkrar olunması mümkün olmayan mühüm ailə hadisəsidir. Video çəkiliş xidmətinin əsas məqsədi də məhz həmin unikal hadisənin gələcək nəsillər üçün qorunub saxlanılmasıdır. Bu səbəbdən videoqrafın ümumiyyətlə çəkiliş aparmaması və ya öz kobud səhlənkarlığı nəticəsində çəkiliş materiallarını itirməsi təkcə maddi itki yaratmır, həm də ailənin həmin günə dair xatirələrinin birdəfəlik itirilməsinə səbəb olur. Bu isə mənəvi zərərin mövcudluğunu əsaslandıran mühüm hüquqi arqumentdir. Əgər müqavilədə cərimə (dəbbə pulu) nəzərdə tutulubsa, sifarişçi həmin cərimənin də tutulmasını tələb edə bilər. Bundan başqa, xidmətin göstərilməməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı iddialar qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən istifadə edilməklə qaldırıla bilər.”
İlhamə Həsənova vətəndaşlara tövsiyə edib ki, belə xidmətləri sifariş edərkən mütləq yazılı müqavilə bağlasınlar, ödənişləri bank vasitəsilə həyata keçirsinlər:
"Xidmətin həcmi, müddəti, nəticəsi və tərəflərin məsuliyyəti müqavilədə aydın şəkildə göstərilsin. Bu, sonradan yaranacaq hüquqi mübahisələr zamanı onların hüquqlarının müdafiəsini əhəmiyyətli dərəcədə asanlaşdıracaq".
16:30 23.07.2026
Oxunuş sayı: 281