BDU-da bakalavriat səviyyəsində bəzi ixtisaslar üzrə elektron diplomlar verilib
Bakı Dövlət Universitetinin (BDU) bakalavr səviyyəsində hüquqşünaslıq, kimya, kimya müəllimliyi, kimya mühəndisliyi, riyaziyyat, riyaziyyat müəllimliyi, fizika, jurnalistika, kompüter elmləri, informatika müəllimliyi və informasiya təhlükəsizliyi ixtisasları üzrə 2025/2026-cı tədris ilində məzun olan 1000 tələbənin elektron diplomu imzalanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, elektron diplomlar növbəti günlərdə “mygov” rəqəmsal hökumət platforması və Elm və Təhsil Nazirliyinin (edu.gov.az) rəsmi veb-saytında məzunlar üçün əlçatan olacaq.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalara əsasən, doktorantura istisna olmaqla, təhsil müəssisəsində təhsilin hər hansı pillə və səviyyəsini başa vuran şəxslərə təhsil haqqında dövlət sənədi verilir. Həmin sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılır.
19:16 22.07.2026
Oxunuş sayı: 46