Nicat Məmmədli: Sahibkarlıq düşüncəsi və maliyyə savadlılığı erkən yaşlardan öyrədilməlidir
Süni intellekt və texnoloji dəyişikliklər təhsilin və əmək bazarının gələcəyini formalaşdıran əsas amillərdən birinə çevrilib. Yeni dövrdə insanların yalnız peşə biliklərinə deyil, həmçinin rəqəmsal savadlılıq, tənqidi düşüncə, yaradıcılıq və ömürboyu öyrənmə bacarıqlarına sahib olması getdikcə daha çox əhəmiyyət kəsb edir.
Crossmedia.az xəbər verir ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli AZƏRTAC-a müsahibəsində alfa nəslinin təhsil ehtiyacları, gələcəyin əmək bazarında tələb olunan bacarıqlar, süni intellektin peşə seçiminə təsiri və uşaqların gələcəyə hazırlanmasında valideynlərin rolu ilə bağlı fikirlərini bölüşüb.
- Alfa nəslinin təhsil ehtiyacları əvvəlki nəsillərdən nə ilə fərqlənir?
- Alfa nəslinin təhsil ehtiyacları əvvəlki nəsillərlə müqayisədə bir çox aspektdən fərqlənir. Əsas fərq ondan ibarətdir ki, müxtəlif dövrlərdə təhsilin qarşısında duran əsas məqsədlər dəyişib.
Təxminən 50-60 il əvvəl dünyanın əsas çağırışlarından biri ümumi savadlılığın artırılması idi. Həmin dövrdə savadlılıq dedikdə əsasən oxumaq və yazmaq bacarıqları nəzərdə tutulurdu. Hətta BMT-nin İnsan İnkişafı İndeksində yazıb-oxuma bacarıqları əsas göstəricilərdən biri kimi qiymətləndirilirdi. Təxminən 20 il əvvəl isə diqqət rəqəmsal savadlılığın artırılmasına yönəldi. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatlarında da insanların yeni texnologiyalarla işləmək bacarıqlarının inkişaf etdirilməsi əsas məsələlərdən biri kimi vurğulanırdı.
Bu gün isə əsas çağırış süni intellektlə əməkdaşlıq etmək bacarığıdır. Yəni biz yazı-oxu savadlılığından rəqəmsal savadlılığa, rəqəmsal savadlılıqdan isə artıq süni intellekt savadlılığı mərhələsinə keçmişik. Alfa nəslinin qarşısında duran mühüm vəzifələrdən biri süni intellektlə birgə yaşamağı, onun imkanlarından düzgün istifadə etməyi və bu texnologiyanı öz fəaliyyətinə inteqrasiya etməyi öyrənməkdir.
Müasir dövrdə əsas məsələ artıq sadəcə məlumat əldə etmək deyil. Əvvəllər əsas problem müəyyən bilik və informasiyaya çıxış imkanlarının məhdud olması idisə, bu gün informasiya bolluğu ilə qarşı-qarşıyayıq. Buna görə də əsas bacarıq informasiyanı seçmək, təhlil etmək, düzgün istehlak etmək və yeni informasiya yaratmaq qabiliyyətidir.
Alfa nəsli məhz bu informasiya bolluğu şəraitində formalaşır və onların təhsil ehtiyacları da həmin məlumat axınını düzgün idarə etmək, texnologiyalardan səmərəli istifadə etmək və süni intellektlə əməkdaşlıq etmək bacarıqları üzərində qurulmalıdır.
-Gələcəyin əmək bazarında hansı bacarıqlar daha çox tələb olunacaq?
-Süni intellektin sürətli inkişafı gələcəyin əmək bazarında tələb olunan bacarıqları dəyişir. Yeni texnologiyalar bəzi peşələrin transformasiyasına səbəb olsa da, eyni zamanda, yeni iş imkanları və fərqli bacarıq tələbləri yaradır. Qarşıdakı dövrdə texnologiyadan səmərəli istifadə bacarığı ilə yanaşı, tənqidi düşüncə, yaradıcılıq, empatiya və liderlik kimi xüsusiyyətlər daha böyük əhəmiyyət qazanacaq.
Avtomatlaşdırma nəticəsində bəzi işlər aradan qalxa bilər, lakin yeni texnologiyalar həmin sistemlərin idarə olunması, nəzarəti və inkişafı ilə bağlı yeni vəzifələr formalaşdırır. Süni intellekt proqramlaşdırma, istehsal və digər sahələrdə bir sıra prosesləri avtomatlaşdıra bilsə də, insanın tənqidi düşüncə, qərarvermə və yaradıcı yanaşma imkanları əsas üstünlük olaraq qalacaq. Xüsusilə süni intellektlə əməkdaşlıq edə bilmək, texnologiyanı düzgün yönləndirmək və nəticələri qiymətləndirmək gələcəyin əsas bacarıqlarından olacaq. Gələcək əmək bazarında yumşaq bacarıqlar – empatiya, liderlik, yaradıcılıq və estetik zövq daha böyük əhəmiyyət qazanacaq. Süni intellekt müxtəlif məzmunlar yarada bilsə də, həmin məzmunun keyfiyyətini qiymətləndirmək və dəyərini müəyyənləşdirmək üçün insan amili vacib olaraq qalır. Süni intellektin inkişafı əmək bazarında ortasəviyyəli bir sıra işlərin dəyişməsinə səbəb ola bilər. Gələcəkdə yüksək analitik düşüncəyə, liderlik bacarığına və mürəkkəb problemləri həll etmək qabiliyyətinə malik mütəxəssislərə daha çox ehtiyac yaranacaq. Dəyişən əmək bazarına uyğunlaşmaq üçün əsas istiqamətlərdən biri ömürboyu öyrənmə mədəniyyətinin formalaşdırılmasıdır. İnsanlar yeni texnologiyalara uyğunlaşmaq və daim yeni bacarıqlar əldə etmək imkanlarına malik olmalıdırlar.
-Süni intellektin inkişafı peşə seçiminə necə təsir göstərəcək?
-Süni intellektin inkişafı təhsil sisteminə ciddi təsir göstərəcək. Burada iki əsas məqam xüsusilə önə çıxır. Birincisi, ömürboyu öyrənmə artıq zərurətə çevrilir. Əvvəllər insan bir dəfə ali təhsil alaraq uzun illər həmin biliklərlə karyera qura bilirdi. Lakin süni intellekt və texnologiyaların sürətli inkişafı şəraitində bu yanaşma dəyişir. İnsan daim yeni bilik və bacarıqlar əldə etməli olacaq.
İkincisi, təhsil sistemi daha çevik formaya keçməlidir. Universitetlər yalnız uzunmüddətli diplom proqramları ilə kifayətlənməməli, qısamüddətli kurslar, mikrokreditlər və yeni bacarıqların sürətli öyrənilməsinə imkan verən modellər yaratmalıdır.
Gələcəyin əsas bacarıqlarından biri isə “öyrənməyi öyrənmək” olacaq. İnsan nə qədər tez yeni bilik əldə etməyi bacarsa, dəyişən əmək bazarına və yeni texnologiyalara bir o qədər uğurla uyğunlaşa biləcək.
-Təhsilin İnkişafı Fondu gələcəyin peşəsinə hazırlıq istiqamətində hansı layihələri həyata keçirir?
-Təhsilin İnkişafı Fondu gələcəyin peşələrinə hazırlıq istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu istiqamətdə xüsusilə 4SİM mərkəzi ilə birlikdə reallaşdırdığımız “Coursera” layihəsini qeyd etmək olar. Layihə çərçivəsində “Coursera” platformasında təqdim olunan beynəlxalq kurslar Azərbaycan ictimaiyyətinin istifadəsinə verilib və minlərlə insan bu imkanlardan faydalanıb.
Bu təşəbbüsün əsas məqsədi insanların qısa müddət ərzində yeni bilik və bacarıqlar əldə etməsinə şərait yaratmaqdır. Layihə çevik öyrənmə modelinə uyğun olaraq, insanlara müasir əmək bazarının tələblərinə cavab verən yeni kompetensiyalar qazanmaq imkanı verir.
-Məktəblərdə sahibkarlıq, maliyyə və rəqəmsal savadlılığın inkişafı nə dərəcədə vacibdir?
-Məktəblərdə sahibkarlıq, maliyyə və rəqəmsal savadlılığın inkişafı çox vacib məsələlərdən biridir. Xüsusilə rəqəmsal bacarıqların uşaqlıqdan formalaşdırılması gələcək nəsillər üçün böyük əhəmiyyət daşıyır.
Bu gün ömürboyu öyrənmə zərurəti yaranıb. İnsan gələcəkdə peşəsini və ya fəaliyyət istiqamətini dəyişməyə hazır olmalıdır. Lakin yeni bilik və bacarıqları daha rahat mənimsəmək üçün əsas vərdişlərin uşaqlıqdan formalaşdırılması vacibdir.
Xüsusilə sahibkarlıq düşüncəsi və maliyyə savadlılığı erkən yaşlardan öyrədilməlidir. Uşaqlar gəlirləri idarə etməyi, maliyyə qərarları verməyi, resurslardan səmərəli istifadə etməyi və investisiya düşüncəsini erkən yaşda mənimsəməlidirlər. İnsan nə qədər tez öyrənməyə başlayırsa, yeni bacarıqları mənimsəmək və həyatı boyu inkişaf etmək imkanları bir o qədər geniş olur. Buna görə də məktəblərdə bu istiqamətlərə xüsusi diqqət ayrılması gələcəyin daha hazırlıqlı nəsillərinin formalaşmasına xidmət edir.
-Valideynlər övladlarını gələcəyin dünyasına hazırlamaq üçün nələrə diqqət yetirməlidir?
-Gələcək nəsillərin hazırlanmasında əsas məsələlərdən biri texnologiya ilə insani bacarıqlar arasında düzgün balans yaratmaqdır. Z və Alfa nəsilləri texnologiyanın içində böyüyən nəsillərdir, buna görə də onların rəqəmsal bacarıqlara yiyələnməsi vacibdir.
Lakin gələcəyin əsas üstünlüklərindən biri yalnız texnologiyadan istifadə etmək deyil, insana xas olan bacarıqları inkişaf etdirməkdir. Empatiya, tənqidi düşüncə, yaradıcılıq və estetik zövq kimi xüsusiyyətlər süni intellekt dövründə daha böyük əhəmiyyət qazanır.
Buna görə də uşaqları yalnız texnologiya ilə tanış etmək kifayət deyil. Onlara fundamental biliklər vermək, düşünmə bacarığını inkişaf etdirmək və zövq formalaşdırmaq da vacibdir.
Valideynlərin əsas vəzifəsi övladlarını həm texnoloji yeniliklərə hazırlamaq, həm də onların yumşaq bacarıqlarını inkişaf etdirməkdir. Bu iki istiqamət arasında balans qorunarsa, gələcəkdə daha yaradıcı, çevik və rəqabətədavamlı insanlar yetişdirmək mümkün olacaq.
11:36 20.07.2026
Oxunuş sayı: 95