İşçiləri isti havada çalışdıran sahibkarlar məsuliyyətə cəlb olunacaq
Havaların kəskin isinməsi ilə əlaqədar hər il yay mövsümündə açıq havada və ağır şəraitdə çalışan işçilərin sağlamlığının qorunması məsələsi yenidən ölkə gündəminə gəlir. Xüsusilə günəş şüalarının birbaşa təsiri altında, tikinti, infrastruktur və yol işlərində çalışan fəhlələrin əmək hüquqlarının pozulması, qanunvericiliyin tələblərinə əməl edilməməsi ciddi fəsadlara zəmin yaradır. Praktikada bir çox işəgötürənlərin qabaqlayıcı tədbirlər görməməsi işçilərin sağlamlığını vizual və uzunmüddətli planda böyük risk altına atır. Bəs qanunvericilik ekstremal hava şəraitində əmək prosesini necə tənzimləyir və qaydaları pozanları hansı məsuliyyət gözləyir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, bu məsələ hər il istilər düşəndə gündəmə gəlsə də, praktikada hələ də ciddi problemlər qalmaqdadır: "Qanunvericiliyə əsasən, havanın temperaturu sürətlə tənzimlənməsi mümkün olmayan iş yerlərində, o cümlədən açıq havada temperatur 41 dərəcəyə çatdıqda iş dayandırılmalıdır. Lakin elə istehsalat sahələri var ki, orada işi tamamilə dayandırmaq qeyri-mümkündür. Belə hallarda işəgötürən mütləq zəruri qabaqlayıcı tədbirlər görməlidir. Məsələn, texniki təhlükəsizlik qaydalarına xələl gətirmədən işçilər yüngül geyimlərlə və xüsusi baş geyimləri ilə təmin olunmalıdır. Eyni zamanda iş prosesində tez-tez fasilələr verilməli, yaxınlıqda çadırlar quraşdırılmalıdır ki, işçilər həmin fasilə zamanı kölgəlikdə dincələ bilsinlər. Həmçinin onların günvurma və ya istivurmaya məruz qalmaması üçün səriniçkilər, ayran, qazlı su və çay təminatı yaradılmalıdır. Qanunvericilik bu cür tədbirlərin görülməsini birbaşa tələb edir".

S.Məmmədov qanunun tələbləri ilə real təcrübə arasındakı təzadlara diqqət çəkərək bildirib ki, hüquqi tənzimləmə mövcud olsa da, real mənzərə ürəkaçan deyil: "Təəssüf ki, praktikada tamam fərqli mənzərə ilə qarşılaşırıq. Açıq havada, çölün düzündə heç bir təhlükəsizlik tədbiri görülmədən asfalt yayan, infrastruktur layihələrində çalışan fəhlələri görürük. Nəticədə işçilər dərhal günvurmaya məruz qalmasalar belə, günəş şüaları onların orqanizminə ciddi ziyan vurur və bu fəsadlar uzunmüddətli planda özünü büruzə verir. Əslində isə proses bu cür təşkil olunmalı deyil".
Hüquqşünas Vüsalə Əhmədova isə məsələnin hüquqi məsuliyyət tərəflərinə diqqət çəkərək vurğulayıb ki, ekstremal istilərdə işçinin sağlamlığına dəyən hər bir zərər birbaşa işəgötürənin öhdəliklərindən irəli gəlir: "Əgər işçinin günvurma və ya sağlamlığına dəyən digər zərər onun əmək vəzifələrini yerinə yetirərkən və işəgötürənin təhlükəsiz əmək şəraiti yaratmaq vəzifəsini yerinə yetirməməsi nəticəsində baş veribsə, bu hal istehsalatla əlaqəli bədbəxt hadisə kimi qiymətləndirilə bilər. Əmək Məcəlləsinin 209-cu maddəsinə əsasən, işəgötürən işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmağa borcludur. Bu öhdəlik formal xarakter daşımır. Xüsusilə ekstremal isti hava şəraitində risklərin qiymətləndirilməsi aparılmalı, işçilər içməli su, kölgəlik və dincəlmə imkanları ilə təmin edilməlidir. Əgər araşdırma nəticəsində işçinin lazımi mühafizə tədbirləri görülmədən işlədildiyi müəyyən olunarsa, bu zaman işəgötürən mülki-hüquqi, həmçinin İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb oluna bilər. Səhlənkarlıq ağır nəticələrə və ya ölümə səbəb olarsa, Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət məsuliyyəti də yarana bilər".

V.Əhmədova dövlət nəzarəti mexanizmini və qanunvericiliyin gələcək inkişaf tendensiyalarını belə izah edib: "Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. Bu qurum pozuntular aşkar edildikdə onların aradan qaldırılması barədə göstərişlər verir və məsuliyyət tədbirlərinin tətbiqini təmin edir. Hesab edirəm ki, son illər profilaktik tədbirlər güclənsə də, iqlim dəyişiklikləri fonunda ekstremal istilərlə bağlı daha konkret hüquqi mexanizmlərə ehtiyac var. Məsələn, bir sıra ölkələrdə olduğu kimi, müəyyən temperaturlarda açıq havada işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı xüsusi normativ qaydaların qəbul edilməsi hüquqi məsuliyyəti daha dəqiq müəyyən edər. Əmək Məcəlləsində '35°C-dən yuxarı temperaturda işləmək qadağandır' kimi konkret norma olmasa da, işəgötürənin təhlükəsiz əmək şəraiti yaratmaq öhdəliyi onu faktiki olaraq yüksək temperaturun yaratdığı riskləri aradan qaldırmağa məcbur edir".
Fatimə Cabbarlı
16:45 18.07.2026
Oxunuş sayı: 72