Əziz Səncər və mühüm elmi nailiyyətləri
Prezident İlham Əliyevin 2026-cı il sentyabrın 7-də imzaladığı sərəncama əsasən, professor Nobel mükafatçısı Əziz Səncər Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində göstərdiyi xüsusi xidmətlərə görə “Şöhrət” ordeni ilə təltif olunub. Bu yüksək dövlət mükafatı, alimin 80 illik yubileyi ərəfəsində onun elmi nailiyyətlərinin, Türk dünyasına bağlılığının və Azərbaycanla elmi-mədəni əlaqələrin inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.
Bu yazıda dünya elminin zirvəsinə yüksəlmiş, lakin köklərinə, dilinə və Türk dünyasına sadiq qalan böyük alimin həyat yolu, elmi kəşfləri, humanitar fəaliyyəti və Azərbaycanla bağlılığı ətraflı şəkildə işıqlandırılacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova Crossmedia.az-a açıqlamasında Əziz Səncərin elmi fəaliyyətindən danışıb:
“Professor Əziz Səncərin elmi fəaliyyətinin əsas istiqamətini DNT-nin zədələnməsi və reparasiyasının molekulyar mexanizmlərinin tədqiqi təşkil edir. Onun tədqiqatları hüceyrədə genom sabitliyinin saxlanmasını təmin edən DNT reparasiya mexanizmlərinin, o cümlədən DNT zədələrinin tanınması, zədələnmiş sahələrin çıxarılması və genetik materialın bərpası proseslərinin molekulyar əsaslarının aydınlaşdırılmasına mühüm fundamental töhfə vermişdir. Bu tədqiqatlar yalnız molekulyar biologiyanın inkişafı baxımından deyil, həm də mutasiyaların yaranması, genom sabitliyinin pozulması, kanserogenez və xərçəngin müalicə strategiyalarının elmi əsaslarının anlaşılması baxımından böyük əhəmiyyət daşıyır. Məhz bu sahədə əldə etdiyi fundamental nəticələrə görə professor Əziz Səncər Tomas Lindahl və Paul Modrich ilə birlikdə 2015-ci il Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Onun ilk mühüm elmi nailiyyətlərindən biri fotoliaza fermentinin molekulyar biologiyasının öyrənilməsi ilə bağlı olmuşdur. Fotoliaza ultrabənövşəyi şüalanmanın DNT-də yaratdığı pirimidin dimerlərini işıq enerjisindən istifadə etməklə bərpa edən fermentdir. Bu fermenti professor Əziz Səncər kəşf etməmişdir; fotoliazanın müəyyənləşdirilməsi onun rəhbəri Claud Rupertin adı ilə bağlıdır. Lakin o, Rupertin laboratoriyasında işləyərkən Escherichia coli-də fotoliazanı kodlaşdıran phr genini klonlaşdırmış, bununla da fermentin daha böyük miqdarda alınmasına və onun quruluş-funksiya xüsusiyyətlərinin ətraflı öyrənilməsinə imkan yaratmışdır. Sonrakı tədqiqatlarda fotoliazanın işıq enerjisindən istifadə edərək DNT zədəsini necə tanıdığı və aradan qaldırdığı molekulyar səviyyədə araşdırılmışdır. Bu işlər professor Əziz Səncərin DNT reparasiyası sahəsində sonrakı fundamental tədqiqatları üçün mühüm elmi baza yaratmışdır. Professor Səncəri Nobel mükafatına aparan əsas tədqiqatlar isə nukleotid eksiziyası ilə bərpa — Nucleotide Excision Repair (NER) mexanizminin molekulyar əsaslarının aydınlaşdırılması ilə bağlıdır. Bu reparasiya sistemi ultrabənövşəyi şüaların və müxtəlif kimyəvi agentlərin təsiri nəticəsində DNT-nin strukturunda yaranan iri həcmli zədələrin aradan qaldırılmasını təmin edir. Yale Universitetində işlədiyi dövrdə o, uvrA, uvrB və uvrC genlərini klonlaşdırmış və onların kodlaşdırdığı zülalların DNT reparasiyasındakı funksiyalarını tədqiq etmişdir. 1982-ci ildə professor Səncər UvrABC zülal kompleksinin zədələnmiş DNT sahəsini zədənin hər iki tərəfindən koordinasiyalı şəkildə kəsdiyini göstərmişdir. Nəticədə zədəni daşıyan təxminən 12–13 nukleotidlik DNT fraqmenti bütöv şəkildə kənarlaşdırılır. O, bu ferment kompleksinə onun ikili kəsik mexanizmini xarakterizə etmək üçün “ABC excinuclease” adını vermişdir. Bu nəticə nukleotid eksiziyası ilə reparasiyanın molekulyar mexanizminin anlaşılmasında mühüm dönüş nöqtəsi olmuşdur”.

Akademik qeyd edib ki, sonrakı mərhələdə professor Səncər insan hüceyrələrində nukleotid eksiziyası ilə reparasiya sisteminin öyrənilməsinə yönəlmişdir: “Uzunmüddətli tədqiqatlar nəticəsində professor Əziz Səncərin laboratoriyası insan hüceyrələrində zədələnmiş DNT sahəsinin iki tərəfdən kəsilərək təxminən 24–32 nukleotiddən, orta hesabla isə 27 nukleotiddən ibarət oliqonukleotid fraqmenti şəklində kənarlaşdırıldığını müəyyən etmişdir. Daha sonra bu reaksiyada iştirak edən əsas zülal komponentləri müəyyənləşdirilmiş və reparasiya prosesi təmizlənmiş komponentlər əsasında laboratoriya şəraitində yenidən qurulmuşdur. Bununla da prokaryotlardan insan hüceyrələrinə qədər nukleotid eksiziyası ilə reparasiyanın əsas molekulyar prinsipləri daha dolğun şəkildə aydınlaşdırılmışdır. Onun mühüm elmi nailiyyətlərindən biri də transkripsiya ilə əlaqəli DNT reparasiyasının mexanizminin öyrənilməsidir. Aktiv şəkildə transkripsiya olunan genlərdə RNT-polimeraza DNT zədəsi ilə qarşılaşdıqda onun hərəkəti dayanır və həmin sahənin daha sürətli reparasiyası üçün xüsusi mexanizm işə düşür. Onun və əməkdaşlarının tədqiqatları dayanmış RNT-polimerazanı tanıyan və reparasiya sistemini zədələnmiş sahəyə yönəldən TRCF — Transcription-Repair Coupling Factor zülalının funksiyasının aydınlaşdırılmasına mühüm töhfə vermişdir. Bu nəticələr transkripsiya ilə DNT reparasiyası arasında mövcud olan funksional əlaqənin molekulyar əsaslarını izah etməyə imkan yaratmışdır. Professor Əziz Səncərin tədqiqatlarının sonrakı mərhələsində DNT reparasiyasının artıq ayrı-ayrı genlərdə deyil, bütöv genom səviyyəsində öyrənilməsi və xəritələndirilməsi mümkün olmuşdur. Onun laboratoriyasının inkişafına mühüm töhfə verdiyi XR-seq — excision repair sequencing metodu nukleotid eksiziyası zamanı DNT-dən kəsilib çıxarılan fraqmentlərin genomdakı mövqeyini yüksək dəqiqliklə müəyyən etməyə imkan verir. Bu yanaşma əsasında insan genomunda DNT reparasiyasının genişmiqyaslı xəritələri yaradılmış və reparasiya prosesinin genom boyunca bərabər intensivliklə getmədiyi göstərilmişdir. Genomun bəzi sahələri daha sürətli, digərləri isə daha zəif reparasiya olunur. Professor Əziz Səncər bu xəritəni məşhur türk dənizçisi və kartoqrafı Piri Reisin dünya xəritəsinə bənzədərək “Mənim Piri Reis xəritəm” adlandırmışdır. Bu tədqiqatlar xüsusilə DNT-ni zədələyən xərçəng əleyhinə preparatların təsir mexanizmlərinin və şiş hüceyrələrinin belə preparatlara fərqli reaksiyalarının anlaşılması baxımından yeni imkanlar yaratmışdır. Professor Əziz Səncərin elmi irsinin digər mühüm istiqaməti kriptoxrom zülalları və sirkad — bioloji saat mexanizmlərinin tədqiqi ilə bağlıdır. Fotoliazalarla struktur oxşarlığı olan CRY1 və CRY2 kriptoxrom zülallarının məməlilərin sirkad saat sisteminin əsas tənzimləyici komponentlərindən olduğu onun laboratoriyasının tədqiqatlarında geniş şəkildə araşdırılmışdır. CRY1 və CRY2 genlərinin funksiyasının pozulmasının normal sirkad ritmlərin dəyişməsinə səbəb olması bu zülalların bioloji saatın tənzimlənməsində fundamental rolunu təsdiq etmişdir”.
Əziz Səncərin fəaliyyətindən danışan İradə Hüseynova qeyd edib ki, sonrakı tədqiqatlar sirkad ritmlərlə DNT reparasiyası arasında funksional əlaqənin mövcudluğunu da ortaya qoymuşdur: “Müəyyən edilmişdir ki, bəzi DNT reparasiya proseslərinin intensivliyi sutkanın müxtəlif vaxtlarında dəyişə bilir. Bu nəticələr xərçəng müalicəsində yalnız hansı preparatın seçilməsinin deyil, onun hansı vaxtda tətbiq edilməsinin də bioloji və terapevtik əhəmiyyət daşıya biləcəyini göstərmişdir. Beləliklə, müalicənin orqanizmin bioloji ritmlərinə uyğun şəkildə vaxtlaşdırılmasını nəzərdə tutan xronoterapiya istiqamətinin elmi əsaslarının inkişafına da mühüm töhfə verilmişdir. Beləliklə, professor Əziz Səncərin elmi irsini yalnız bir kəşflə və ya Nobel mükafatına səbəb olmuş tədqiqatlarla məhdudlaşdırmaq düzgün olmaz. Fotoliazanı kodlaşdıran genin klonlaşdırılması və fermentin fəaliyyət mexanizminin öyrənilməsi, bakteriya və insan hüceyrələrində nukleotid eksiziyası ilə DNT reparasiyasının molekulyar mexanizmlərinin aydınlaşdırılması, transkripsiya ilə əlaqəli reparasiyanın tədqiqi, insan genomunda DNT reparasiyasının xəritələndirilməsi, kriptoxromların bioloji saatdakı rolunun və sirkad ritmlərlə DNT reparasiyası arasındakı əlaqənin müəyyənləşdirilməsi professor Əziz Səncərin dünya elminə verdiyi əsas fundamental töhfələr sırasındadır. Professor Əziz Səncərin yarım əsrdən artıq davam edən elmi fəaliyyətini birləşdirən əsas xətt genom sabitliyinin necə qorunması və hüceyrənin genetik materialda yaranan zədələrə hansı molekulyar mexanizmlərlə cavab verməsi probleminin öyrənilməsidir. Bu tədqiqatlar DNT reparasiyası haqqında fundamental biliklərimizi əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, mutagenez, kanserogenez, xərçəng hüceyrələrinin müalicəyə reaksiyası və daha məqsədyönlü terapevtik yanaşmaların işlənib hazırlanması üçün mühüm elmi zəmin yaratmışdır”.
Ayhan
13:10 09.09.2026
Oxunuş sayı: 51