Vətəndaşların səyyar ticarətlə məşğul olmasına lazımi şərait yaradılırmı?
Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının təməlində vətəndaş rifahı, özünüməşğulluğun dəstəklənməsi və yerli istehsalın stimullaşdırılması dayanır. Bu gün yarım milyondan çox insanın fəaliyyət göstərdiyi səyyar ticarət sahəsi sadəcə fərdi dolanışıq vasitəsi deyil, həm də kənd təsərrüfatı potensialımızın birbaşa istehlakçıya çatdırılmasını təmin edən mühüm iqtisadi zəncirdir.
Ölkə rəhbərliyinin və hökumətin qəbul etdiyi mütərəqqi qərarlar, xüsusilə də Baş nazir tərəfindən imzalanmış Baş Kollektiv Saziş bu sahənin həm hüquqi, həm də estetik cəhətdən müasirləşdirilməsi üçün mükəmməl bir yol xəritəsidir. İndi əsas hədəf dövlətimizin yaratdığı bu güclü hüquqi bazadan istifadə edərək yerli icra strukturları və bələdiyyələr səviyyəsində icra mexanizmlərini daha çevik qurmaq və küçə ticarəti ilə məşğul olan vətəndaşlarımız üçün layiqli iş şəraiti yaratmaqdır. Bu mövzu barəsində isə
Milli Məclisin dörd çağırış deputatı (III, IV, V, VI), iqtisad elmləri doktoru, professor Rüfət Quliyev və beynəlxalq “Street-Net” təşkilatının Azərbaycan üzrə nümayəndəsi, “Xidməti-iş”federasiyasın Sabiq vitse prezidenti Cəmaləddin İsmayılov Crossmedia.az-a açıqlama verib.

Rüfət Quliyev məsələyə öz praktiki yanaşmalarını şərh etməklə başlayıb.
O, xalqın haqq və hüquqlarının təmin edilməsi naminə aidiyyəti dairələrə çağırış edib, o, sözünün yalnız işini tam şəkildə icra etməyən bir qisim məmura olduğunu da bildirib: “Biz bəzi məmurlara müraciət edirik! Hörmətli məmurlar, Azərbaycan dövlətinin formalaşmış qanunları, cənab Prezidentin qəbul etdiyi mühüm qərarlar var! Siz hansı səbəbdən bu qanunlara əməl etmirsiniz və ya əməl etmək istəmirsiniz? İnsanları niyə incidir, onları çətinliyə və əziyyət çəkməyə sövq edirsiniz? Təbii ki, mənim sözüm hər icra başçısı və ya bələdiyyə orqanına deyil, onların içində öz işini yüksək səviyyədə icra edən də var. Lakin bəzilərində vəziyyət fərqlidir”.
Professor Rüfət Quliyev öz təcrübəsini bölüşərək əhalinin narazılığını apardığı praktiki görüşlər əsasında belə səsləndirib:
“Mən rayonlarımıza səfər edərkən yerli, təbii və orqanik məhsullar almaq istəyirəm. Çünki hansı bölgəmizin nə ilə məşhur olduğunu, haranın meyvəsinin daha dadlı olduğunu yaxşı bilirəm. Qəbələdə Tofiq İbrahimovun icra başçısı olduğu dövrlərdə mən də orada çalışmışam. O zaman kənd camaatının öz məhsullarını rahat sata bilməsi üçün bir təşəbbüs irəli sürüldü və xüsusi bir bazar yaradıldı. Adını da elə xalq dilində "Vedrə bazarı" qoydular. İnsanlar orada öz təsərrüfatlarında hazırladıqları məhsulları – mürəbbələri, kompotları, topladıqları təzə meyvələri satırdılar. Təbii ki, vergi əməkdaşları da qanunla müəyyən edilmiş aylıq vergini toplayırdılar. Hər şey tamamilə qanuni idi. Heç kim demir ki, hər şey qanunsuz olsun. Axı ölkə rəhbərliyi deyir ki, bu şəraiti yaradın, vətəndaşlara imkan tanıyın. Bəzi məmurlar niyə buna imkan vermirlər? Təbii ki, Tofiq İbrahimov kimi məmurlarımız da kifayət qədərdir və onlar da əhalinin rifahını təmin edir və ya etməyə çalışır. Digər məmurlar üçün belə bir sual yaranır, dövlət tərəfindən belə bir şərait yaradıldığı halda, bu təşəbbüslərin qarşısının alınmasında nə kimi bəhanə və ya problem ola bilər? Kim bu qadağaları əsaslandırmaq istəyirsə, dəvət edirəm, gəlsinlər və izah etsinlər. Bəlkə elə bir ‘ağıllı’ arqument gətirəcəklər, elə bir təklif verəcəklər ki, o, indiki dövlət qanunlarından daha üstün olacaq?! Lakin mən bunun ola biləcəyinə çox böyük şübhə ilə yanaşıram.
Məsələn, Hindistanda təqribən 700 milyon insan rəsmi olaraq səyyar ticarətlə məşğuldur. Bu rəqəm ölkə əhalisinin təxminən 45 faizini əhatə edir. Bu isə o deməkdir ki, vətəndaşlar dövlətin iqtisadi çarxının fırlanmasına töhfə verməklə bərabər, dövlətdən heç bir maddi resurs və ya sosial müavinət də tələb etmirlər. Bir sözlə, dövlətin büdcəsinə yük olmayıb, öz zəhmətləri ilə dolanırlar. Bizim də tək istəyimiz budur ki, insanlar öz zəhmətləri ilə dolanışıqlarını təmin edə bilsinlər.”
O, həmçinin qeyd edib ki, bu hüquqları cəmiyyətə çatdırmaq birbaşa aidiyyəti dövlət orqanlarının səlahiyyəti və vəzifə borcudur.

Cəmaləddin İsmayılov da məsələyə öz təcrübələrini bölüşməklə başlayıb.
“Mən 35 il müddətində Həmkarlar İttifaqında fəaliyyət göstərmişəm. Əmək fəaliyyətlərinin tənzimlənməsi sahəsində “Xidmət-İş” Həmkarlar İttifaqı Fəaliyyət Göstərir və mən 26 ildir ki, bu qurumun vitse-prezidenti vəzifəsini icra edirəm. Yalnız bir aydır ki, buradakı fəaliyyətimi dayandırmışam. Hazırda isə “StreetNet” beynəlxalq alyansının katibi vəzifəsində çalışıram. Bu təşkilatın yaradılması istiqamətində ilk addım 2012-ci ildə Cənubi Afrikada səyyar ticarətlə məşğul olan insanların hüquqlarının qorunması məqsədilə atılıb və belə bir qurumun təsis olunması təşəbbüsü irəli sürülüb. Biz bu qurumla ölkə səviyyəsində ilk dəfə Gürcüstanda keçirilən genişmiqyaslı bir tədbir çərçivəsində tanış olduq. Sonradan Azərbaycan da bu beynəlxalq təşkilata üzv qəbul edildi və artıq uzun illərdir ki, onlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstəririk.
Reallığı etiraf etmək lazımdır ki, bu təşkilatla əməkdaşlığa başlayana qədər Azərbaycanda səyyar ticarətlə (küçə və bazar ticarəti) məşğul olan insanlara ciddi şəkildə diqqət yetirilmirdi. Düzdür, Azərbaycanın bəzi rayonlarında insanlar rahat şəkildə səyyar ticarətlə məşğul olur və öz ailəsini dolandıra bilir.
Biz uzun müddətdir ki, bu fəaliyyətin cəmiyyət üçün əhəmiyyətini və mahiyyətini insanlara çatdırmaqla məşğuluq. Azərbaycan qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş müəyyən peşə sahələri mövcuddur. Lakin təəssüflər olsun ki, küçə və bazar ticarəti ilə məşğul olan insanların rəsmi peşə statusu yoxdur. Müşahidə etsək görərik ki, istənilən rayonda, kənd və qəsəbədə insanlar küçə ticarəti və bazar alveri ilə, yəni səyyar ticarətlə məşğul olurlar. Onlar orada başqa bir məqsədlə deyil, sırf öz təsərrüfatlarında yetişdirdikləri məhsulları satıb, evlərinə “beş manat” ruzi apara bilmək üçün çalışırlar. Statistik məlumatlara əsasən, Azərbaycanda səyyar ticarətlə məşğul olan insanların sayı yarım milyondan çoxdur. Dediyim kimi, onların hamısı problemlə üzləşmir, müəyyən bir hissəsi bəzi məmurların dövlətin tapşırıqlarını gec yerinə yetirməsindən qaynaqlanır
Digər bir mühüm nüans isə ondan ibarətdir ki, bu şəxslərin bir qismi ali təhsillidir; onların arasında müəllimlər, mühəndislər və digər ixtisas sahibləri var. Lakin iş yerlərinin çatışmazlığı səbəbindən onlar dolanışıqlarını təmin etmək üçün məhz bu ticarətlə məşğul olmaq məcburiyyətində qalırlar.
Yarım milyon insana qarşı laqeyd münasibət göstərilməsi yolverilməzdir. Həmin ticarətlə məşğul olan insanların hər biri Azərbaycan vətəndaşıdır; onlar yad və ya düşmən deyillər. Səyyar ticarətlə məşğul olan insanların hüquqları mütləq təmin olunmalıdır. Dövlət onlara müəyyən hüquqlar tanımalıdır ki, bu vətəndaşlar qanuni şəkildə ticarətlə məşğul olsunlar və dövlət büdcəsinə vergi ödəsinlər. İnanıram ki, buna heç kim etiraz etməz və hər kəs nominal olaraq vergisini ödəyər. Burada əsas bir məqama da xüsusi diqqət yetirmək lazımdır: bəzi səyyar tacirlərin fəaliyyəti mövsümi xarakter daşıyır. Belə olan halda vergi tənzimləmələri də çevik olmalıdır. Vergi qazanc müqabilində alınırsa, mövsümi ticarət başa çatdığı an vergitutma da dayandırılmalıdır. Vergi orqanlarının nümayəndələri də istənilən vaxt yerində yoxlama apara bilərlər ki, həmin səyyar satıcı digər mövsümdə həqiqətən fəaliyyət göstərir, yoxsa yox. Davamlı təzyiqlər və lüzumsuz çağırışlarla vətəndaşları incitmək lazım deyil”.
Cəmaləddin İsmayılov yenidən məsələ ətrafında danışaraq səyyar ticarətlə məşğul olan insanların beynəlxalq səviyyədə tənzimlənmiş hüquqlarının olduğunu bildirib və Beynəlxalq Əmək Təşkilatının (BƏT) 204 nömrəli tövsiyəsinin ölkəmiz tərəfindən də qəbul edildiyini xatırladıb.
Cəmaləddin İsmayılov qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatının 204 nömrəli tövsiyəsinə əsasən, qeyri-formal sektordan formal ticarətə keçid prinsiplərinin tətbiqi ölkədə çox geniş imkanlar yarada bilər. Bununla bağlı Azərbaycanda xüsusi komissiya da fəaliyyət göstərir, lakin təəssüflər olsun ki, bu barədə demək olar ki, heç kimin məlumatı yoxdur.
“Şanslıyam ki, mən bu il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Konfederasiyası arasında hər üç ildən bir imzalanan Baş Kollektiv Sazişin tərtibi və imzalanması prosesində iştirak etdim. Bu saziş modeli bütün dünyada tətbiq olunur. Burada əsas hədəf dövlətin öz üzərinə məsuliyyət götürməsi və sahibkarların da bu fəaliyyətə dəstək verməsidir. Bundan əlavə, iş yerlərində zorakılıq və təhqirə qarşı mübarizə məsələsi də sazişin 196-cı bəndində öz əksini tapıb. Lakin çox təəssüf ki, Azərbaycan Parlamenti Beynəlxalq Əmək Təşkilatının bu barədə olan 190 nömrəli Konvensiyasını hələ də ratifikasiya etməyib. Maraqlı olan odur ki, Baş Kollektiv Saziş hüquqi qüvvəyə malikdir, Baş nazir tərəfindən imzalanıb və birmənalı olaraq tətbiq edilməlidir.
Həmin sazişin 4.1.45-ci bəndində açıq şəkildə göstərilir ki, küçə və bazar ticarəti ilə məşğul olan şəxslər üçün yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən layiqli iş şəraitinin yaradılması istiqamətində müvafiq işlər aparılmalıdır”,-,deyə, Cəmaləddin İsmayılov əlavə edib.
QEYD: Bu qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında imzalanmış Baş Kollektiv Sazişə əsaslanır və 12 may 2026-cı il tarixli, 142 nömrəli qərarla qüvvəyə minib.
Cəmaləddin İsmayılov yenidən məsələnin qanunvericilik tələblərinə və bunun icra mexanizminə toxunub:
“Belə bir mühüm qərar qəbul olunub. Amma gedin yoxlayın, araşdırın, görün bu mexanizmdən hansı yerli məmurun xəbəri var? Bələdiyyələr bu məsələləri araşdırmalıdırlar. Satıcılar üçün piştaxtalar varmı, axşam ticarəti üçün işıqlandırma sistemi qurulubmu? Bütün bunları nəzərə alıb müvafiq şərait yaratmaq lazımdır. Həmçinin estetik görünüş və səliqə-sahman da çox önəmlidir. Təsəvvür edin, satıcının məhsulu torpağın, daşın üzərinə qoyub satması yaxşıdır, yoxsa təmiz bir piştaxtanın üzərində? Həm yerli sakinlər, həm də xarici turistlər bu estetik görünüşə xüsusi diqqət yetirirlər. Vətəndaşlar deyirlər ki, təki bizə normal şərait yaradılsın, biz bunun müqabilində müəyyən xidmət haqqı və ya ödəniş etməyə də hazırıq.
Bələdiyyə orqanları, bu insanlar sizin seçicilərinizdir! Niyə onlara şərait yaratmırsınız?! Təbii ki, yenə də sözüm onların hamısına deyil, bəzilərinədir. Mən bir məsələni də vurğulamaq istəyirəm. Keçən günlərdə rayonların birindən keçərkən yol kənarından təbii meyvə-tərəvəz almaq istədim. Gördüm ki, heç bir satıcı yoxdur. Səbəbini soruşduqda dedilər ki, yerli orqanlar icazə vermir. Axı nəyə görə?! Gədəbəydə də icazə vermirdilər, Kürdəmirdə də. Bu mənim şəxsi müşahidələrimdir. Axı bu kasıb kəndli öz məhsulunu harada satsın? Hər kəndlinin şəxsi avtomobili var ki, məhsulunu Bakıya gətirib satsın? Bir az məhsulla bazara yaxınlaşan kimi dırnaqarası bazar sahibləri kəndlinin ətrafını kəsir və məhsulu onun əlindən su qiymətinə alıb, bazarda od qiymətinə satırlar. Yerli icra orqanlarının hamısı bu reallığı gözəl bilir.
Biz dəstək verməliyik ki, kəndlərimiz boşalmasın. Əgər kəndli öz məhsulunu sata bilməsə, məcbur olub dolanmaq üçün Bakıya köçəcək. Onda hamı Bakıya yığışsın? 10 milyon əhali Bakıda nə edəcək? Əksinə, kəndliyə dəstək verilməlidir ki, öz təsərrüfat məhsulunu yerində satsın; həm iqtisadi dövriyyə təmin olunsun, həm də vətəndaş dövlətindən razı qalsın. Baş nazir bu qərarı imzalayıb, aidiyyəti qurumlar bəyanat versinlər, bunu ictimaiyyətə elan etsinlər və yerli icra orqanları nəhayət hərəkətə keçsinlər.”
Daha sonra iqtisadçı ekspert başqa bir vacib məqamı da qeyd edib ki, qanunvericiliyə görə pay torpağı olan və kənd təsərrüfatı ilə məşğul olan şəxslər məşğul əhali (işçi) sayıldığı üçün gələcəkdə yaşa görə pensiya təminatı hüququ qazanırlar. Lakin təəssüf ki, əksər kənd sakinləri bu hüquqlarından xəbərsizdirlər.
“Əgər vətəndaşın torpağı və istehsal etdiyi məhsulu varsa, o, bu məhsulu sərbəst şəkildə satmalıdır. Axı siz hansı haqla buna icazə vermirsiniz?”.
Ekspert, həmçinin Beynəlxalq Əmək Təşkilatının iş yerində zorakılığın qarşısının alınmasını nəzərdə tutan 190 nömrəli Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya olunmamasından danışıb. O, bu məsələni yaxın vaxtlarda Sumqayıtda icra məmurunun səyyar satıcıya qarşı göstərdiyi kobud və zorakı rəftarı ilə əlaqələndirib:
“Baxın, elə bu davranışın özü iş yerində zorakılığın bariz nümunəsidir. Biz bu tələbləri özümüzdən uydurmuruq, dövlətimizin qəbul etdiyi rəsmi qərarlara istinadən danışırıq. Baş verən bu hadisələr məni çox mütəəssir etdi. Bu kəndlilərin taleyi necə olacaq? Yol kənarında səliqəli bir piştaxta qurmaq axı elə də çətin iş deyil. Həmin yerli məmurlara səslənirəm: necə olur ki, yol kənarında özünüzə məxsus dəbdəbəli restoranları bəzəyib fəaliyyət göstərə bilirsiniz, amma kasıb kəndlinin yol kənarında iki vedrə meyvə satmasına şərait yarada bilmirsiniz?
Təəssüf ki, medalın digər üzü də var. Yerli və təbii məhsulların satışına icazə verməyən bəzi məmurlar, öz şəxsi biznes maraqları üçün Xəzərin o tayından (məsələn, İrandan) ölkəyə kütləvi şəkildə məhsul gətirib bazarlara çıxarırlar. Həmin məhsulların demək olar ki, hamısı kimyəvi maddələrlə yetişdirilir. Bizim camaatımız niyə kimyəvi maddələrlə zəngin olan idxal kartofunu yeməlidir? Axı bu, birbaşa insan orqanizminə və genofondumuza ziyandır!”
Cəmaləddin İsmayılov bəzi süni əngəllərin gənclərin əmək motivasiyasına da mənfi təsir göstərdiyini və onları təsərrüfatdan soyutduğunu qeyd edib. O bildirib ki, əvvəllər məhsul yığımı dövründə gənclər kollektiv şəkildə fəaliyyət göstərir və məhsullarını rahat sata bilirdilər; bu da onlar üçün böyük həvəs yaradırdı. İndi isə yerlərdə şərait yaradılmadığı üçün tonlarla məhsul sahələrdə çürüyüb məhv olur:
“Mən öz başıma gələn başqa bir təcrübəni də bölüşüm. Bu yaxınlarda marketlərin birindən meyvə almaq istədim, lakin vitrindəki məhsulların demək olar ki, tamamilə çürümüş vəziyyətdə olduğunu gördüm. Səbəbi bəllidir: bəzi inhisarçı sahibkarlar keyfiyyətsiz məhsulları öz yaxın adamlarından ucuz qiymətə alıb marketlərin vitrinlərinə çıxarırlar. (Təbii ki, bu hər birinə şamil deyil) Nəticədə faktiki olaraq zibilliyə atılmalı olan məhsulları baha qiymətə əhaliyə təqdim edirlər. Bu, sadəcə rəzalətdir! Çünki yerli və keyfiyyətli kənd təsərrüfatı istehsalı qərəzli şəkildə sıxışdırılıb məhv edilir. Sovet İttifaqı dövründə bizim cənub zonamız ölkənin əsas bağçılıq mərkəzi hesab olunurdu və bir kiloqram belə məhsul zay olmurdu. İndi isə vəziyyət tamamilə acınacaqlıdır.”
Ekspert sonda qeyd edib ki, xarici ölkələrdə bu qəbildən olan məsələlərlə bağlı keçirilən beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edir və bununla baglida öz təcrübəsini bölüşüb.
“Mən iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə fəxrlə qeyd edirəm ki, ölkəmizin bu sahədə çox güclü qanunvericilik bazası mövcuddur. Çünki mənim ən çox nifrət etdiyim məqam bir vətəndaşın xaricdə öz dövlətini və vətənini pisləməsidir; bu, vətəndaşlığa zidd hərəkdir. Dünyanın 70-dən çox ölkəsində səfərdə olmuşam və hər yerdə Azərbaycanın uğurlarını təbliğ etmişəm. Mövcud problemlərə gəldikdə isə, bəzi yerli məmurların öz vəzifə borclarını layiqincə icra etməməsi məsləsi aradan qalxarsa, bu kimi problemlər də həll olar”.
Turqut Ansari
16:38 16.07.2026
Oxunuş sayı: 95