İsrailin qərarı Bakının strateji diplomatiyasının nəticəsidir
İsrail parlamentində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı təşəbbüs üzrə səsvermənin dayandırılması regionda və beynəlxalq siyasi dairələrdə diqqət çəkən hadisələrdən birinə çevrilib. Uzun illərdir müxtəlif siyasi qruplar tərəfindən gündəmə gətirilən bu məsələ bu dəfə də yekun qərara çıxarılmayıb. Hadisə Azərbaycan-İsrail strateji tərəfdaşlığının, xüsusilə son illər siyasi, təhlükəsizlik və enerji sahələrində dərinləşən əməkdaşlığın bu qərara mümkün təsiri barədə müzakirələri aktuallaşdırıb. Bununla yanaşı, bəzi ekspertlər hesab edirlər ki, qərarın arxasında İsrailin regional və daxili siyasi hesablamaları da dayanır. Bəs İsrail parlamentində səsvermənin dayandırılmasını Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirmək olarmı? Bu qərar İsrailin qondarma erməni soyqırımı məsələsinə yanaşmasında uzunmüddətli dəyişiklikdən xəbər verir, yoxsa söhbət yalnız cari siyasi şəraitdən irəli gələn taktiki addımdan gedir?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Yusif Bağırzadə qeyd edib ki, İsrail parlamentində 1915-ci il hadisələri ilə bağlı səsvermənin dayandırılması Azərbaycanın diplomatik fəaliyyətinin nəticələri baxımından müəyyən uğur kimi qiymətləndirilə bilər: "Belə ki, diplomatiyada belə məsələlərdə nəticə yalnız rəsmi bəyanatlarla deyil, tərəfdaşlarla aparılan davamlı siyasi dialoq, qarşılıqlı maraqların izahı və strateji münasibətlərin qorunması yolu ilə formalaşır. Azərbaycan ilə İsrail arasında münasibətlər son illərdə müxtəlif sahələr üzrə inkişaf edən strateji tərəfdaşlıq xarakteri daşıyır. Enerji, təhlükəsizlik, texnologiya və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq tərəflər arasında qarşılıqlı maraq yaradan əsas amillərdəndir. Məhz bu əlaqələr çərçivəsində Bakı öz mövqeyini İsrail tərəfinə çatdırmaq və tarixi-siyasi məsələlərdə mövcud həssaslıqları izah etmək imkanına malikdir. İsrailin parlament səviyyəsində bu təşəbbüsün dayandırılması isə bir neçə amillə bağlı ola bilər. Bir tərəfdən, İsrailin xarici siyasət qərarlarında regiondakı strateji maraqlar, tərəfdaş ölkələrlə münasibətlər və mövcud geosiyasi reallıqlar nəzərə alınır. Digər tərəfdən, bu kimi tarixi məsələlər İsrail daxilində də müxtəlif siyasi yanaşmaların predmetidir və hər zaman vahid mövqe ilə qarşılanmır".
Politoloq qeyd edib ki, məsələnin hökümət gündəliyindən çıxarılması mövzunun birdəfəlik bağlanması anlamına da gəlməməlidir: "Bu məsələ vəziyyətdən asılı olaraq müxtəlif dövrlərdə yenidən gündəmə gətirilə bilər. Xüsusilə daxili siyasi proseslər, regional hadisələr və beynəlxalq münasibətlərdə dəyişikliklər belə məsələlərin yenidən müzakirəyə çıxarılmasına səbəb ola bilər. Buna görə də düşünürəm ki, diplomatik fəaliyyət yalnız konkret qərarın qarşısının alınması ilə məhdudlaşmamalı, uzunmüddətli kommunikasiya və tərəfdaşlıq mexanizmləri ilə davam etdirilməlidir. Azərbaycan baxımından bu hadisənin əsas əhəmiyyəti ondan ibarətdir ki, Bakı öz mövqeyini beynəlxalq tərəfdaşlara çatdırmaq və milli maraqlarına toxunan məsələlərdə fəal diplomatik xətt yürütmək imkanını nümayiş etdirir. Beləliklə, İsrail parlamentində səsvermənin dayandırılması Azərbaycan diplomatiyasının effektiv fəaliyyətinin göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Lakin bunu məsələnin tam və birdəfəlik bağlanması kimi qəbul etmək hələ tezdir".
Ayhan
14:00 15.07.2026
Oxunuş sayı: 49