Ömrünü Vətən nəğməsinə çevirən qəhrəman: Xudayar Yusifzadə
İnsan doğulur, yaşayır və bir gün bu dünyadan köçür... Çoxları zamanın amansız axınında unudulub gedir. Amma elə seçilmiş insanlar var ki, onlar özlərindən sonraya sadəcə bir ad yox, tükənməz bir irs, silinməz bir dəyər qoyub gedirlər. Onlar özlərini insanların sadəcə soyuq beyin yaddaşına deyil, isti və heç vaxt unutmayan ürək yaddaşına həkk edirlər. Bu gün damarlarında şərəfli türk qanı axan, Vətən sevgisi ilə döyünən hər bir kəsin qəlbinə adını qızıl hərflərlə yazmış qəhrəmanımızın — Xudayar Yusifzadənin doğum günüdür.
Xudayarın
taleyi elə uşaqlıqdan sınaqlarla başladı. 1998-ci ildə dünyaya göz açdıqdan cəmi
24 gün sonra atası Müslüm kişi bu dünyadan köçdü. Beşikdə atasız qalan
Xudayarın sığınacağı, arxası-dayağı bütöv bir məmləkət oldu. Onun himayədarı da
müqəddəs Azərbaycan torpağı — Vətən oldu. Bəlkə də elə bu səbəbdən, hərbi xidmətini
başa vurduqdan sonra da o, mavi səmaları qorumaqdan, torpağa keşik çəkməkdən
doymadı. Uşaqlıqda onun keşiyində duran Vətənin, indi özü keşiyində durmağa qərar
verdi və hərbidə qalaraq xidmətini şərəflə davam etdirdi. 2020-ci ilin iyul
ayında mənfur qonşumuz Ermənistan növbəti dəfə atəşkəsi pozaraq Tovuz istiqamətində
hücuma keçdi. Həmin döyüşlərdə xalqımızın qəhrəman oğlu, General-mayor Polad Həşimov
şəhadət şərbətini içdi. Bu acı xəbər hər bir azərbaycanlının qəlbinə sağalmaz
bir dağ çəkdi. Ölkəni bürüyən qəzəb və intiqam hissi mərd oğullarımızı ayağa
qaldırdı. Minlərlə gənc hərbi komissarlıqlara axışdı.
Bərdə
Rayon Hərbi Komissarlığına könüllü müraciət edən Xudayar, ilk olaraq Füzuli
rayonundakı sərhəd məntəqələrindən birində xidmətə başladı. 27 Sentyabrda
başlayan Böyük Vətən Müharibəsi isə onun qəhrəmanlıq dastanının ən parlaq səhifəsi
oldu. Murovdağın soyuq zirvələrindən başlayan döyüş yolu Füzulidən, Cəbrayıldan
keçərək Zəngilana qədər uzandı. O, addım-addım torpaqlarımızı azad edir, hər
qarışa can verirdi. Xudayar uşaqlıqdan musiqinin, melodiyanın içində böyümüşdü.
İncəsənət məktəbini bitirmişdi; musiqiçi atasının genindən gələn o ilahi səs
onun ruhuna hopmuşdu. Və bir gün, döyüşlərin ən qızğın vaxtında, bəlkə də şəhadətə
qovuşacağını hiss etdiyi o anlarda, Xudayarın dodaqlarından bütün Azərbaycanı lərzəyə
gətirən o məşhur nəğmə süzüldü.
Böyük
şairimiz Əliağa Vahidin sözlərinə bəstələnmiş təsnif, yüz il sonra məhz
Xudayarın ifasında əsl ruhunu və mənasını tapdı. Səngərdə, əlində silah, üzündə
məğrur bir təbəssümlə oxuduğu o mahnı, sadəcə bir musiqi deyil, bizim zəfərimizin,
milli birliyimizin və qələbəmizin diri təcəssümünə çevrildi.
Oktyabrın 22-də, Zəngilan rayonunun Ağbənd qəsəbəsi istiqamətində gedən ağır döyüşlərdə Xudayar Yusifzadə sonuncu döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. O, canını tapşırdı, amma bizə bütöv bir azad Vətən və heç vaxt susmayacaq bir səs qoyub getdi. Xudayar öz canı, qanı və o ecazkar səsi ilə sübut etdi ki, insan üçün doğulduğu, böyüdüyü torpaqdan daha müqəddəs heç nə yoxdur. Yüz il əvvəl yazılmış misralar onun şirin avazında yenidən doğuldu və tarixə silinməz bir möhür vurdu:
Həqiqətən
də, insan üçün Vətən yaxşıdır! Adın əbədi, ruhun şad olsun, Vətənin aslan ürəkli
Şəhidi! Doğum günün mübarək!
Ayhan
11:15 15.07.2026
Oxunuş sayı: 59