Üzeyir Hacıbəylinin ölməz irsi: "Arşın mal alan" yenə alqışlarla qarşılandı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində pərdə açılan kimi zalda vaxt sanki geriyə fırlanıb XIX əsrin sonu, XX əsrin əvvəllərinin Bakısına apardı. Səbəb təkcə dahi Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettası deyildi. Bu axşam həm də səhnənin ağbirçəyi, Əməkdar artist, Prezident mükafatçısı Nahidə Orucovanın 65 illik yubileyinə ithaf olunmuşdu.
Musiqi, teatr və minnətdarlıq ovqatının birləşdiyi gecə uzun müddət yaddaşlardan silinməyəcək.
Foyedə artıq ilk addımdan hiss olunurdu: bu adi bir tamaşa deyil. Uşaqdan ağsaqqala qədər müxtəlif nəslin nümayəndələri eyni həyəcanla pərdənin açılmasını gözləyirdi. Çünki "Arşın mal alan" sadəcə operetta deyil. Bu, Azərbaycan mədəniyyətinin ziyarətgahıdır.
İşıqlar söndü, orkestrin ilk sədaları eşidildi və tamaşaçılar Üzeyir bəyin yaratdığı dünyaya qədəm qoydular. Sevgi ilə adətin, gülüşlə satiranın, səmimiyyətlə milli dəyərlərin iç-içə keçdiyi o dünya illər keçsə də bir gün də qocalmır. Əksinə, hər yeni nəsillə birgə daha da cavanlaşır.
Bu dəfəki quruluş klassik ruhu qorumaqla yanaşı müasir nəfəs də verirdi. Səhnə dekorasiyasındakı milli memarlıq motivləri, rənglərin istiliyi, işığın oyunu və milli geyimlərin zərifliyi tamaşaçını birbaşa o dövrün Bakı küçələrinə, həyətlərinə aparırdı. Hər detal düşünülmüşdü ki, insan səhnəyə baxanda öz tarixini görsün.
Əsərin canı isə əlbəttə aktyorlar idi. Əsgərin sevdiyi qızı görmək üçün "arşın malı" kürəyinə götürməsi ilə başlayan o məşhur macəra zalı dəfələrlə gülüşə qərq etdi. Nərgiz Kərimovanın ifasında Gülçöhrənin azadlıq arzusu, Nadir Xasiyevin yaratdığı Soltan bəyin köhnə düşüncə inadkarlığı, Emin Zeynallının çılğın Əsgəri bir-birini tamamlayırdı.
Amma gecənin ruhu başqa yerdə döyünürdü. Əməkdar artist Nahidə Orucova Cahan xala obrazına elə bir istilik və zəka qatmışdı ki, zal onu hər replikasında alqışlayırdı. Onun səhnə mədəniyyəti, mimikadakı incəlik, sözü yerində demək bacarığı obrazı unudulmaz etdi. 65 illik sənət yolu olan aktrisa bir daha sübut etdi ki, əsl sənətkar yaşla yox, işığı ilə ölçülür.
Üzeyir Hacıbəylinin dillər əzbəri melodiyaları isə gecənin ayrı fəslini yazırdı. Canlı orkestrin müşayiəti ilə səslənən hər bir nəğmədən sonra zal alqışa kəsilirdi. Bəziləri mahnıları zümzümə edir, bəziləri gözlərini qapayıb dinləyirdi. Xorun, baletin və solistlərin vəhdəti operettanı sadəcə tamaşadan çıxarıb bayram ovqatına çevirmişdi.
Səhnə arxasında bu möhtəşəmliyin memarları da vardı: quruluşçu rejissor Elvin Mirzəyev, bərpaçı rejissor Əhəd Hacıyev, dirijorlar Nazim Hacıəlibəyov və Fəxrəddin Atayev, rəssam Nabat Səmədova, baletmeysterlər Zakir və Yelena Ağayevlər və bütün yaradıcı heyət.
Pərdə qapanandan sonra isə gecənin ən duyğulu anı yaşandı. Səhnə Nahidə Orucovanın 65 illik yubileyinə çevrildi. Əməkdar artist Əkbər Əlizadə aktrisanın Azərbaycan teatrına verdiyi töhfələrdən danışdı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Fəxri fərmanını təqdim etdi. Xalq artisti İlham Namiq Kamal isə onu "Teatr fədaisi" medalı ilə təltif edərək dedi: "Sən bu səhnənin bəzəyisən".
Uzun sürən ayaqüstü alqışlar həm "Arşın mal alan"a, həm də yubilyara ünvanlandı.
Bu axşam bir daha sübut olundu ki, Üzeyir Hacıbəylinin operettası zamanın sınağından çıxıb. O, nəsilləri bir araya gətirən körpüdür. Gülürük, düşünürük, kövrəlirik və səhnədən ayrılarkən ürəyimizdə milli qürurla çıxırıq.
Nigar Xəlilli
13:00 13.07.2026
Oxunuş sayı: 387