Rusiya neft sənayesinə zərbələr: Kiyev nəticələri açıqladı
Ukrayna Müdafiə Qüvvələrinin iyul ayında Rusiyanın bir sıra neft obyektlərinə zərbələr endirdiyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, hücumlar nəticəsində Sankt-Peterburqdakı neft terminalında bir neçə yanacaq çəni, texnoloji boru kəmərləri və digər avadanlıqlar zərər görüb.
Məlumata görə, iyulun 6-da Yaroslavl vilayətində yerləşən "Slavneft-YANOS" neft emalı zavoduna zərbə endirilib. Hücum nəticəsində zavodun bəzi qurğularında və boru kəmərlərində zədələnmələr qeydə alınıb.
Həmçinin Ukrayna tərəfi iyulun 8-də Tatarıstanın Nijnekamsk şəhərindəki "TAİF-NK" neft emalı zavodunun, iyulun 10-da isə Krasnodar vilayətindəki İlsk neft emalı zavodunun hədəfə alındığını açıqlayıb. Bildirilib ki, həmin obyektlərdə yanğın və texniki zədələr qeydə alınıb.
Baş Qərargah əlavə edib ki, iyulun 10-u və 11-nə keçən gecə Rusiya ordusunun hərbi obyektlərinə də zərbələr endirilib. Hücumların Donetsk vilayətindəki "Kalmiusski" poliqonuna, Belqorod və Zaporojye vilayətlərindəki pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə, eləcə də canlı qüvvə toplanan ərazilərə yönəldiyi bildirilib.
Ukrayna tərəfinin məlumatına görə, iyunun 27-də Volqoqraddakı "Titan-Barrikadı" müəssisəsinə endirilən zərbədən dəyən birbaşa zərər təxminən 105 milyon dollar qiymətləndirilir.
Qeyd edək ki, Rusiya tərəfi isə Ukraynanın bu cür hücumları ilə bağlı müxtəlif açıqlamalar verib və bir sıra hallarda pilotsuz aparat hücumlarının qarşısının alındığını bildirib.
12:08 12.07.2026
Oxunuş sayı: 54