"Havana sindromu" qurbanlarına ilk dəfə kompensasiya verildi
ABŞ hökuməti "Havana sindromu"ndan zərər çəkmiş kəşfiyyat əməkdaşları və diplomatlara ilk dəfə kompensasiya ödəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, ABŞ kəşfiyyat orqanlarının və diplomatik korpusun "Havana sindromu"ndan zərər çəkmiş əməkdaşlarına ABŞ-ın Nevroloji Hücumların Amerika Qurbanlarına Yardım Aktı (HAVANA Act) çərçivəsində ümumilikdə təxminən 3 milyon dollar məbləğində kompensasiya ödənilib.
Pentaqonun məlumatına görə, bu, sözügedən qanun əsasında həyata keçirilən ilk kompensasiya ödənişləridir.
Qeyd edək ki, "Havana sindromu" termini ilk dəfə 2016-cı ildə Kubanın paytaxtı Havanada çalışan ABŞ diplomatlarında müşahidə olunan başgicəllənmə, güclü baş ağrısı, eşitmə problemləri və digər nevroloji simptomlardan sonra gündəmə gəlib. Sindromun səbəbi ilə bağlı yekdil elmi nəticə hələ də mövcud deyil.
10:38 12.07.2026
Oxunuş sayı: 51