Zelenskiyə qarşı yeni çağırış: Hakimiyyət getməlidir
Fransanın sağçı "Patriotlar" partiyasının lideri Florian Filippo Ukraynada hakimiyyət dəyişikliyinə çağırış edib.
Crossmedia.az xəbər verir ki, siyasətçi bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Filippo bu açıqlamanı Ukrayna Milli Bankının sabiq rəhbəri Kirilo Şevçenkonun Kiyev hakimiyyətinə qarşı səsləndirdiyi ittihamlardan sonra verib. Şevçenko paylaşımında Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyətini bir sıra cinayət xarakterli əməllərdə, o cümlədən ukraynalı iş adamı Vadim Yermolayevə qarşı sui-qəsd cəhdində ittiham edib.
Fransalı siyasətçi iddia edib ki, sabiq mərkəzi bank rəhbəri Zelenski hakimiyyətinin "cinayətkar və mafiya üsulları"ndan danışıb. Onun fikrincə, Avropa bu hakimiyyəti maliyyələşdirməklə və silahlandırmaqla səhv siyasət yürüdür.
Filippo bildirib ki, bu vəziyyətə son qoyulmalı və hazırkı Ukrayna hakimiyyəti dəyişdirilməlidir.
Qeyd edək ki, Florian Filippo daha əvvəl də Ukraynaya hərbi və maliyyə yardımının dayandırılması ilə bağlı oxşar mövqedən çıxış edib.
10:00 12.07.2026
Oxunuş sayı: 50