Rəqəmsal inkişafın növbəti mərhələsi üçün prioritetlər açıqlandı
Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar yeni mərhələyə qədəm qoyur. Rəqəmsal idarəetmənin genişləndirilməsi çərçivəsində dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və vahid informasiya infrastrukturunun formalaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir. Bu proses həm dövlət xidmətlərinin daha əlçatan olmasına, həm də idarəetmədə səmərəliliyin artırılmasına hesablanıb. Eyni zamanda, kibertəhlükəsizlik və texnoloji suverenliyin möhkəmləndirilməsi də prioritet istiqamətlər sırasında yer alır. Həyata keçirilən layihələr rəqəmsal ekosistemin inkişafı ilə yanaşı, hüquqi və texnoloji bazanın da təkmilləşdirilməsini nəzərdə tutur.

Bu barədə hüquq müdafiəçisi Əliməmməd Nuriyev Crossmedia.az-a açıqlamasında söyləyib ki, Dövlət xidmətlərinin rəqəmsallaşdırılması Azərbaycanda idarəetmənin müasirləşdirilməsi istiqamətində həyata keçirilən ən mühüm islahatlardan biridir:
"Elektron xidmətlərin genişlənməsi, dövlət informasiya sistemlərinin inteqrasiyası və rəqəmsal platformaların inkişafı vətəndaşların dövlət orqanları ilə münasibətlərini xeyli sadələşdirib. Bu gün bir çox xidmətin qısa müddətdə və məsafədən əldə olunması artıq adi praktikaya çevrilib. Bu, şübhəsiz ki, müsbət inkişafdır. Lakin rəqəmsallaşma yalnız texnologiyanın tətbiqi ilə məhdudlaşmır. Paralel olaraq yeni hüquq münasibətləri, yeni məsuliyyət formaları və yeni risklər də meydana çıxır. Ona görə də rəqəmsallaşma transformasiyasına yalnız informasiya texnologiyaları layihəsi kimi deyil, insan hüquqları ilə birbaşa bağlı hüquqi proses kimi də yanaşmaq lazımdır. Məlumat bazalarının inteqrasiyası dövlət idarəçiliyinin səmərəliliyini, şübhəsiz ki, artırır. Vətəndaşın eyni arayışı müxtəlif qurumlara dəfələrlə təqdim etməsinə artıq ehtiyac qalmır. Ancaq bu üstünlüyün digər tərəfi də var. Dövlət orqanlarının vətəndaş haqqında daha geniş həcmdə məlumat əldə etməsi həmin məlumatların qorunmasına dair məsuliyyəti də artırır. Əsas məsələ məlumatın toplanması deyil. Əsas məsələ həmin məlumatlardan kimin, hansı əsasla, hansı məqsədlə və hansı həddə istifadə etməsidir. Hüquqi dövlət üçün cavablandırılması vacib olan əsas suallardan biri də məhz budur".
Müsahibimizin sözlərinə görə, Milli qanunvericilikdə şəxsi məlumatların qorunmasına dair hüquqi baza mövcuddur:
" Konstitusiya şəxsi məlumatların toxunulmazlığını təmin edir. Bu sahədə eyni zamanda xüsusi qanunlar da qəbul olunub. “Şəxsi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Dövlət sirri haqqında” qanunlarda bu məsələlər öz əksini tapıb. Lakin rəqəmsal texnologiyalar çox sürətlə dəyişir. Xüsusilə süni intellektin dövlət idarəçiliyində tətbiqi ənənəvi hüquqi mexanizmlərin yenidən qiymətləndirilməsini zəruri edir. Məncə, artıq yeni mərhələyə keçməyin vaxtıdır. Vətəndaş öz fərdi məlumatları üzərində daha geniş nəzarət imkanına malik olmalıdır. O? bilməlidir ki, hansı dövlət qurumu onun məlumatlarına nə vaxt müraciət edib, bu müraciətin hüquqi əsası nə olub və həmin məlumatlardan hansı məqsədlə istifadə edilib. Belə mexanizm həm şəffaflığı artıracaq, həm də dövlət-vətəndaş münasibətlərində etimadı daha da gücləndirəcək".
Ə.Nuriyev əlavə edib ki, süni intellektin istifadəsi ayrıca hüquqi yanaşma tələb edir:
"Əgər hər hansı inzibati qərarın hazırlanmasında və risklərin qiymətləndirilməsində alqoritmlərdən istifadə olunursa, son qərara görə hüquqi məsuliyyət yenə də dövlət orqanının üzərində qalmalıdır. Süni intellekt qərar qəbul edən subyekt deyil, qərar qəbulunu dəstəkləyən vasitədir. Hesab edirəm ki, bu prinsip gələcək hüquqi tənzimləmələrin əsas istiqamətlərindən biri olmalıdır. Eyni yanaşma kibertəhlükəsizlik sahəsinə də aiddir. İnformasiya sistemlərinin etibarlılığının qorunması yalnız texniki məsələ ola bilməz. Burada söhbət qanunla qorunan hüquqlardan gedir. Məlumatın sızması təkcə texniki insident deyil, konkret şəxsin hüquqlarına müdaxilə kimi də qiymətləndirilməlidir. Buna görə mütəmadi təhlükəsizlik auditləri, məlumat bazalarına çıxışın ciddi nəzarətdə saxlanılması və hüquqi məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Rəqəmsal dövlətin uğuru yalnız yeni platformalar və elektron xidmətlərin sayı ilə ölçülməməlidir. Həlledici meyar vətəndaşın həmin sistemə etibar etməsidir. Vətəndaş əmin olmalıdır ki, onun məlumatlarından yalnız qanunun müəyyən etdiyi məqsədlər üçün istifadə olunur və hüquqları pozulduğu halda effektiv müdafiə mexanizmləri mövcuddur. Hesab edirəm ki, rəqəmsal inkişafın növbəti mərhələsində məhz bu məsələlər dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır".
Turqut Ansari
12:00 11.07.2026
Oxunuş sayı: 56