Uşağınıza bu ifadələri deməyin - gələcəkləri məhv ola bilər
Valideynin uşağa dediyi sözlər onun gələcəkdə özünü necə görməsində və münasibətlərdə necə davranmasında mühüm rol oynaya bilər. “Sən bacarıqsızsan”, “səndən heç nə olmaz”, “niyə başqaları kimi deyilsən?” kimi ifadələr davamlı səsləndikdə uşaq zamanla bu sözləri sadəcə valideynin fikri kimi deyil, özü haqqında həqiqət kimi qəbul edə bilər. Nəticədə özünəinamın zəifləməsi, sevgini qazanmaq məcburiyyəti hissi və münasibətlərdə öz sərhədlərini qorumaqda çətinlik kimi problemlər yarana bilər.
İngla Kids and Preschool direktor müavini, uşaq və yeniyetmə psixoloqu Aysu Həsənova Crossmedia.az-a açıqlamasında bildirib ki, uşaqlıqda formalaşan emosional təcrübələr insanın həm özünə münasibətinə, həm də gələcək münasibətlərinə təsir göstərə bilər:
“Valideynin uşağa dediyi sözlər onun özünü necə görməsində çox böyük rol oynayır. Uşaq, xüsusilə kiçik yaşlarda, özü haqqında təsəvvürünü valideynlərinin ona münasibəti üzərindən formalaşdırır. “Sən bacarıqsızsan”, “səndən heç nə olmaz”, “niyə başqaları kimi deyilsən?” kimi tənqidi və alçaldıcı ifadələr davamlı şəkildə eşidildikdə, uşaq bir müddətdən sonra bunları sadəcə valideynin sözü kimi deyil, özü haqqında həqiqət kimi qəbul edə bilər.
Bu cür yanaşma uşağın özünəinamını zəiflədə, onda “yetərli deyiləm”, “sevilmək üçün nəyisə sübut etməliyəm”, “səhv etsəm, məni qəbul etməyəcəklər” kimi düşüncələr formalaşdıra bilər. Böyüdükdə isə bunun təsiri münasibətlərdə də görünə bilər. İnsan özünü daim qarşı tərəfə bəyəndirməyə çalışa, tənqidə həddindən artıq həssas yanaşa, öz sərhədlərini qorumaqda çətinlik çəkə bilər. Hətta ona yaxşı münasibət göstərilmədiyi halda belə həmin münasibətdən ayrılmaq çətin ola bilər.
Amma burada bir məqamı da qeyd etmək vacibdir. Uşağa irad bildirmək özü-özlüyündə zərərli deyil, əsas məsələ uşağın şəxsiyyətini deyil, davranışını tənqid etməkdir. Məsələn, “sən pissən” deməklə “etdiyin bu hərəkət düzgün deyil” demək arasında böyük fərq var. Birinci ifadə uşağın şəxsiyyətinə yönəlir, ikinci isə dəyişdirilə bilən davranışına.
Uşaqlıqda yaşanan emosional təcrübələr partnyor seçimində və münasibətdə davranışlarımızda da özünü göstərə bilər. Çünki insan yaxın münasibətin nə olduğunu ilk dəfə ailədə öyrənir. Sevginin necə göstərildiyini, mübahisələrin necə həll edildiyini, hisslərin necə ifadə olunduğunu və insanın münasibətdə özünü nə qədər güvəndə hiss etdiyini uşaq ilk növbədə evdə görür.
Bəzən insan uşaqlıqdan ona tanış olan münasibət formasını böyüdükdə də fərqində olmadan seçə bilir. Məsələn, sevgini daim qazanmağa çalışan bir uşaq gələcəkdə emosional olaraq uzaq bir partnyora bağlana və onun sevgisini qazanmağa çalışa bilər. Yaxud uşaqlıqda tez-tez tərk edilmək qorxusu yaşayan biri münasibətdə qarşı tərəfin ən kiçik uzaqlaşmasını belə təhlükə kimi qəbul edib həddindən artıq narahat ola bilər.
Digər tərəfdən, uşaqlıqda hisslərini ifadə etməsinə imkan verilməyən insan böyüdükdə də duyğuları haqqında danışmaqdan qaça, mübahisə zamanı susa, uzaqlaşa və ya qarşı tərəfə ehtiyaclarını açıq şəkildə deməkdə çətinlik çəkə bilər.
Bütün bunlar o demək deyil ki, uşaqlıqda yaşananlar insanın gələcəyini dəyişməz şəkildə müəyyən edir. İnsan öz davranışlarını və münasibətlərdə təkrarlanan nümunələri fərq etdikcə onları dəyişə bilər. Əsas məsələ “Mən niyə həmişə belə insanları seçirəm?” və ya “Niyə münasibətlərimdə eyni vəziyyətləri təkrar yaşayıram?” sualını özünə verə bilməkdir.
Bəzən bugünkü münasibətdə yaşadığımız çətinliyin kökü qarşımızdakı insandan daha əvvələ, uşaqlıqda öyrəndiyimiz münasibət modelinə gedib çıxır”.
Zeynəb Həsən
20:00 26.08.2026
Oxunuş sayı: 48