Qazaxıstan və Azərbaycan Ələt limanında yük terminalının yaradılmasını müzakirə edib
Qazaxıstan və Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) nəqliyyat-logistika infrastrukturunu gücləndirmək məqsədi daşıyan Ələt limanında intermodal yük terminalının yaradılmasını müzakirə ediblər.
Crossmedia.az "Qazaxıstan Dəmir Yolları"nın bəyanatına istinadən xəbər verir ki, layihənin icrası ilə bağlı məsələlər qurumun İdarə Heyəti sədrinin müavini Yerlan Koyşibayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya işgüzar səfəri zamanı müzakirə olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Ələt limanında olub və intermodal yük terminalının yerləşdirilməsi üçün nəzərdə tutulan sahə ilə tanış olub. Onun yaradılması nəqliyyat infrastrukturunun imkanlarını genişləndirməyə və Çin, Qazaxıstan və Azərbaycanın logistika habları arasında qarşılıqlı əlaqəni gücləndirərək TBNM üzrə daşımaların həcmini artırmağa imkan verəcək.
Bundan əlavə, nümayəndə heyəti "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nin (AZCON) rəhbərinin müavini Vüqar Mirzəzadə ilə görüşüb. Tərəflər əməkdaşlığın gələcək inkişafını, yük axınlarının idarə edilməsi üzrə vahid sistemin yaradılmasını, logistika infrastrukturunun sinxron inkişafını, limanların gücünün genişləndirilməsini və donanmanın inkişaf etdirilməsini müzakirə ediblər.
İritonnajlı gəmilərin qəbul edilməsi imkanını təmin etmək üçün limanların akvatoriyasında dibdərinləşdirmə işlərinin aparılmasının zəruriliyinə xüsusi diqqət yetirilib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmovla da görüş baş tutub. Tərəflər dəmir yolu nəqliyyatı sahəsində strateji tərəfdaşlığın mövcud vəziyyəti və perspektivlərini, eləcə də TBNM-ə əlavə yük axınlarının cəlb edilməsi üzrə birgə tədbirləri müzakirə ediblər.
Qeyd edək ki, 2026-cı ilin 7 ayının yekunlarına görə, TBNM üzrə tranzit daşımalarının həcmi 36 min TEU (350 konteyner qatarı) təşkil edib. 2025-ci ilin analoji dövrü ilə müqayisədə konteynerlərlə daşımaların həcmi 50 %, konteyner qatarlarının sayı isə 82 % artıb. 2025-ci ilin 7 ayı ərzində 24 min TEU, 192 konteyner qatarı daşınıb.
18:36 26.08.2026
Oxunuş sayı: 69