ABŞ 100 ildən sonra ilk dəfə dairəvi olmayan sikkə buraxacaq
ABŞ Sikkəxanası son 100 ildə ilk dəfə dairə olmayan formada xatirə sikkəsi buraxacaq.
Crossmedia.az xəbər verir ki, qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, "Azadlıq Zəngi" adlanan sikkə zəng formasında hazırlanacaq və ABŞ-nin yaranmasının 250 illiyinə həsr olunacaq.
Sikkənin ön tərəfində üzərində xarakterik çat olan Azadlıq Zəngi, "Liberty" yazısı, "1776–2026" tarixləri və "In God We Trust" ("Tanrıya güvənirik") şüarı əks olunacaq.
Arxa hissədə isə "Independence Hall" binası bayram atəşfəşanlığı fonunda təsvir ediləcək. Burada həmçinin "United States of America" yazısı və latınca "E Pluribus Unum" ("Çoxluqdan vahid") devizi yer alacaq.
ABŞ-da xatirə sikkələrinin buraxılması uzun illərdir davam edən ənənələrdən biridir. Ən populyar nümunələrdən biri 1986-cı ildə təxminən 15,5 milyon tirajla buraxılan "Azadlıq Heykəli"nə həsr olunmuş sikkə olub. Bundan başqa, Corc Vaşinqtonun 250 illiyi, 1984-cü il Los-Anceles Yay Olimpiya Oyunları və ABŞ Konstitusiyasının 200 illiyi münasibətilə buraxılan sikkələr də böyük maraqla qarşılanıb.
Yeni xatirə sikkəsinin 16 iyul tarixindən satışa çıxarılması planlaşdırılır.
10:54 08.07.2026
Oxunuş sayı: 41