Kulinariya - xalqları birləşdirən mədəni körpü
Fransanın paytaxtı Parisdə Azərbaycanın zəngin mədəni irsini, milli kulinariya ənənələrini və qonaqpərvərlik dəyərlərini tanıtmaq məqsədilə xüsusi tədbir təşkil olunub.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının və Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Soydaşımız Ülviyyə Məmmədli Azərbaycan mətbəxinin minilliklərə söykənən tarixindən, zəngin kulinariya irsindən və özünəməxsus xüsusiyyətlərindən bəhs edib. O vurğulayıb ki, Azərbaycan mətbəxi yalnız özünəməxsus dad çalarları ilə deyil, həm də təbii və ekoloji cəhətdən saf məhsullara, sağlam qidalanma ənənələrinə əsaslanması ilə dünya kulinariya mədəniyyətində xüsusi yer tutur.
Tədbirin maraqlı hissələrindən biri interaktiv kulinariya ustad dərsi olub. İştirakçılar Azərbaycanın müxtəlif bölgələrinə məxsus milli təamların hazırlanmasında bilavasitə iştirak edərək bu zəngin kulinariya ənənəsini yaxından tanımaq və praktik təcrübə qazanmaq imkanı əldə ediblər. Milli yeməklərimizin rəngarəngliyi, çoxəsrlik kulinariya irsi və hazırlanma mədəniyyəti fransız qonaqların böyük marağına səbəb olub, rəğbətlə qarşılanıb və onlarda Azərbaycan xalqının qonaqpərvərliyi, zəngin mədəniyyəti haqqında xoş təəssürat yaradıb.
Səmimi və yüksək əhval-ruhiyyədə keçən tədbir Azərbaycanın milli mətbəxinin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin zəngin mədəni irsinin təbliği və Azərbaycan-Fransa mədəni əlaqələrinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.
22:48 02.07.2026
Oxunuş sayı: 31