Marneulidə vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneuli şəhərində fəaliyyət göstərən "Azərbaycan Evi"ndə vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası təşkil olunub. Aksiyanın əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımızın hüquqi maarifləndirilməsi, onların qarşılaşdıqları hüquqi problemlərin operativ həllinə dəstək göstərilməsi və bu sahədə xidmətlərə əlçatanlığın artırılması olub.
Crossmedia.az xəbər verir ki, hüquqi yardım tanınmış vəkillər Eda Qocayeva və Lena Qocayevanın iştirakı ilə həyata keçirilib.
Əvvəlcədən qeydiyyatdan keçmiş 50-yə yaxın Marneuli sakini qəbulda iştirak edib. Vətəndaşların müraciətləri əsasən Ədliyyə Evində göstərilən hüquqi xidmətlər, ailə və məişət münasibətləri, mülkiyyət və torpaq məsələləri, miqrasiya, məhkəmə prosesləri, eləcə də digər hüquqi məsələlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaş fərdi qaydada dinlənilib, onların hüquqi problemləri araşdırılıb və qüvvədə olan qanunvericiliyə uyğun məsləhətlər verilib.
Hüquqşünaslar belə görüşlərin hüquqi maarifləndirmənin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bildiriblər ki, vətəndaşların öz hüquqlarını bilməsi, qanunvericiliyin tələblərindən xəbərdar olması və hüquqi problemlərin vaxtında peşəkar dəstəklə həll edilməsi cəmiyyətdə hüquqi mədəniyyətin inkişafına mühüm töhfə verir.
Vətəndaşlar göstərilən diqqət və yaradılan şəraitə görə təşəkkürlərini bildirərək, bu cür hüquqi qəbul günlərinin davamlı təşkili və maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.
Nəzərə çatdıraq ki, bu kimi layihələr xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə, dövlət qurumları ilə əlaqələrinin güclənməsinə və hüquqi xidmətlərə çıxış imkanlarının genişlənməsinə töhfə verir.
19:32 01.07.2026
Oxunuş sayı: 35