AMEA-da “Türkoloji sənətşünaslıq” mövzusunda elmi müzakirələr aparılıb
İyulun 1-də AMEA-nın Rəyasət Heyətində “Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres çərçivəsində “Türkoloji sənətşünaslıq” mövzusunda diskussiya paneli keçirilib.
Qurumdan Crossmedia.az-a bildirilib ki,tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin açılış mərasiminin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Akademik qeyd edib ki, nüfuzlu türk elmi mərkəzlərindən gələn rəhbər nümayəndələrin iştirakı ilə reallaşan bu tədbirdə 6 qardaş ölkədən rəhbər şəxslər təmsil olunub, eləcə də rəngarəng birgə bədii-musiqi proqramı geniş tamaşaçı auditoriyasına təqdim edilib. Eyni zamanda açılış mərasimindən sonra seksiyalar üzrə davam edən iclaslarda rəsmi nümayəndələrin, tanınmış türkoloq alimlərin məruzələrində olduqca maraqlı mövzulara toxunulub, türkologiyanın gələcək inkişaf perspektivləri və bu istiqamətdə təşəbbüslər irəli sürülüb. Beynəlxalq konqresdə ümumilikdə 300-dən çox nümayəndənin iştirak etdiyini diqqətə çatdıran AMEA rəhbəri bu möhtəşəm tədbirin gələcək beynəlxalq əməkdaşlıqlar üçün yeni və geniş imkanlar açdığını vurğulayıb.
Sonra çıxış edən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtəgin Salamzadə rəhbərlik etdiyi elmi müəssisədə aparılan türkoloji tədqiqatlardan danışıb. Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə 2014-cü ildə Astanada nəşr olunan “Türk Sənəti Antologiyası” layihəsində Azərbaycanın geniş şəkildə təmsil olunduğunu deyən Ərtəgin Salamzadə institutun əməkdaşlarının bu işdə fəal iştirak etdiyini bildirib. Həmçinin Türk Dövlətləri Başçılarının Bişkekdə 11-ci Zirvə Görüşündə qəbul edilmiş qərarlara əsasən hazırda tərtib olunan çoxcildlik “Türk Xalqlarının Mədəniyyət Tarixi” kitabının ikinci cildi üçün də institut mütəxəssisləri tərəfindən Azərbaycanın şəhərsalma, memarlıq, təsviri incəsənət, musiqi və kino tarixinə aid xüsusi bölmələrin işlənildiyini diqqətə çatdırıb.
Azərbaycan irsinin Türk dünyasında təbliği istiqamətində beynəlxalq əlaqələrin mühüm rol oynadığını vurğulayan institut rəhbəri, türkoloji tədqiqatların genişləndirilməsi çərçivəsində Özbəkistanın Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu, həmçinin Qazaxıstanın köçəri mədəniyyətini araşdıran qurumları ilə birgə elmi layihələrin uğurla icra olunduğunu bildirib. Sonda institutun Türkiyənin Aydın Adnan Menderes Universiteti ilə uzunmüddətli tərəfdaşlığına toxunan institutun direktoru, bu əlaqələrin beynəlxalq simpoziumlarda mütəmadi təmsilçiliklə xarakterizə olunduğunu bildirib.
Daha sonra diskussiya panelində AMEA-nın müxbir üzvü Rəna Məmmədova “Musiqi türkologiyasının əsasları”, Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov “Azərbaycan incəsənətində Atatürk obrazı”, institutun elmi katibi sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev “Türk təsviri sənətində Dədə Qorqud obrazı”, Aslan Xəlilov “Türk miniatürlərində kompozisiya həllinin bədii prinsipləri”, sənətşünaslıq üzrə elmlər doktoru Rəna Abdullayeva “Türklərin dekorativ-tətbiqi sənəti”, Səmədli Mehdi (İran) “Azərbaycan və Anadolu xalçaları və tekstilində oxşar motivlər”, dosent Vidadi Qafarov “Koroğlu – Türk xalqlarının nəğməkar bahadırı kimi”, İftixar Piriyev “Azərbaycan-Özbəkistan teatr əlaqələri”, Sevinc Tanqudur “Cümhuriyyət dövrü İstanbul memarlığı” və Ellada Abbasova “Azərbaycan və Tatarıstan mədəni əlaqələri” mövzularında məruzələrlə çıxış ediblər.

17:17 01.07.2026
Oxunuş sayı: 46