Təhsildə rəqəmsal transformasiya: Məktəblər və müəllimlər yeni sistemə keçir
Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan təhsil sisteminin tam rəqəmsallaşdırılması hədəfi gündəmə gətirilib. elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal İnkişaf Şurasının ilk iclasında rəqəmsallaşma ilə bağlı fikirləri bir daha təhsilin rəqəmsallaşmasının əhəmiyyətini göstərir. Müasir dövrdə rəqəmsal transformasiya artıq sadəcə texnoloji yenilik deyil, təhsilin keyfiyyətini təyin edən əsas amildir. Bəs Azərbaycan məktəbləri və müəllimləri bu qlobal keçidə nə dərəcədə hazırdır?
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama verib:
Təhsil eksperti Elçin Süleymanov qeyd edir ki, Azərbaycan rəqəmsallaşma sahəsində bir çox dünya ölkələrini qabaqlayacaq göstəricilərə malikdir: "Xüsusilə data idarəçiliyi və infrastruktur son illərdə tamamilə avtomatlaşdırılıb. Azərbaycanda şagirdin məktəbəqədər təhsilə qəbulundan başlayaraq, məzun olmasına, daha sonra ali təhsilə qəbuluna və diplomunun elektron qaydada verilməsinə qədər bütün proses demək olar ki, tam elektronlaşdırılıb. Bu dataların vahid sistemdə izlənilməsi baxımından ölkəmiz dünyanın qabaqçıl sırasındadır".

Ekspertin sözlərinə görə, ölkədəki məktəblərin maddi-texniki bazası ümumilikdə qənaətbəxşdir: "Son illərdə tikilən və yenidən qurulan məktəblər (hansı ki, mövcud fondun təxminən 30-40%-ni təşkil edir) birbaşa yüksək rəqəmsal infrastruktura uyğun layihələndirilib. Pandemiya dövründə onlayn dərslərin təşkili də bu bazanın gücünü göstərdi. Əlbəttə, ucqar kəndlərdə müəyyən istisnalar və əlçatmazlıq problemləri ola bilər, lakin ümumi mənzərə müsbətdir".

Təhsil mütəxəssisi Vaqif Fətullayev isə qeyd edib ki, təhsildə rəqəmsallaşma artıq lokal bir texniki yenilənmə deyil, ölkənin ümumi rəqəmsal inkişaf xəttinin əsas sütunudur: "Ölkəmizdə rəqəmsal transformasiya dövlət səviyyəsində sistemli və koordinasiyalı bir strategiya kimi qəbul olunur. Bu baxımdan təhsilin tam rəqəmsallaşdırılması həm real, həm də zəruri bir hədəfdir. Lakin bu proses birdən-birə baş verə bilməz; mərhələli şəkildə həyata keçirilməlidir. İlk növbədə region məktəblərində rəqəmsal bərabərlik təmin olunmalıdır. Bütün təhsil müəssisələrinin keyfiyyətli internet və dayanıqlı platformalarla təmin edilməsi əsas şərtdir. Rəqəmsallaşma yalnız avadanlıq almaq demək deyil. Bu, idarəetmənin, tədrisin və insan kapitalının yeni modelidir. Sistemli və inklüziv aparılarsa, süni intellekt əsaslı həllər həm müəllimlərin inzibati yükünü azaldacaq, həm də şagirdlərin fərdi öyrənmə ehtiyaclarını daha dəqiq ölçməyə imkan verəcək".
Fatimə Cabbarlı
14:30 01.07.2026
Oxunuş sayı: 53