Paşinyandan özünəməxsus siyasi rəqs: Ritmi Avropanı, ya Rusiyanı qane edəcək?
Cənubi Qafqazın geosiyasi xəritəsində Ermənistanın xarici siyasət kursu uzun müddətdir ki, regionun ən qeyri-müəyyən, çoxvektorlu və ziddiyyətli tapmacalarından birinə çevrilmişdir. Rəsmi İrəvanın Moskva ilə Brüssel, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Qərb təhlükəsizlik çətiri arasında reallaşdırmağa çalışdığı manevrlər bəzən strateji gediş təsiri bağışlasa da, dərindən analiz edildikdə reallıqdan uzaq, sadəcə daxili və xarici auditoriyaya hesablanmış balans axtarışını xatırladır. Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya iddiaları və bu fonda Brüsselin sərgilədiyi "sakit və təmkinli" mövqe, əslində, böyük güclərin regiondakı maraqlarının və praqmatik iqtisadi-siyasi reallıqların birmənalı təzahürüdür.

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-la fikirlərini bölüşüb: "Ermənistanın baş naziri seçkidən öncə də, seçkidən sonra da çox təzadlı, qarışıq və dolaşıq fikirlərlə dolu yanaşmalar ifadə edir. Ermənistan qanunverici orqan səviyyəsində Avropa İttifaqına (Aİ) inteqrasiya ilə bağlı artıq dinləmələr keçirdi, sonra çıxışlar oldu, ardınca isə qətnamə qəbul edildi. Ermənistan prezidenti Vaaqn Xaçaturyan imza atdı, amma Avropadan bir o qədər də gözəçarpan reaksiya olmadı. Yəni, "gəlirsinizsə, gəlin" yanaşması nümayiş etdirildi. Amma digər tərəfdən, burada belə bir sual yaranır: Ermənistan əgər Avropaya "gedirsə", bəs onu qarşılamalı olan Brüssel niyə heç bir reaksiya vermir, niyə bu məsələyə belə indiferent şəkildə yanaşır? Elə düşünürəm ki, ümumiyyətlə, Ermənistanın Avropaya "getməklə" bağlı niyyəti ciddi xarakter daşımır. Çünki, Avropa heç vaxt problemli ölkələri öz qoynuna almayıb və almaq da istəmir. Yalnız bəzi məqamlarda, bəlkə də, əvvəllər belə addımlar ata bilərdi.
Bundan əvvəl Avropanın çox mahir söz ustadları bildirirdilər ki, onlar üçün qonşuluq siyasəti həddən artıq vacib əhəmiyyət kəsb edir və yeni üzvləri sıralarına dəvət etmək, qəbul etmək bunlar üçün böyük bir şərəfdir. O cümlədən də, 6 ölkəni-yəni keçmiş postsovet respublikalarının altısını birdən-birə sıx əməkdaşlıq üçün xüsusi proqram üzrə dəvət etdilər. Amma əslində nə baş verdi? Yəni indi heç bir hərəkət sezilmir. Bu 6 ölkə arasında biri Moldovadır, biri Ukraynadır ki, onlar da pis vəziyyətdə deyil, digər tərəfdə isə Belarusdur. Həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan var".
Politoloq qeyd edib ki, Azərbaycan Aİ-yə qəbul olma ehtimalı ən yüksək ölkədir: "Azərbaycan bu prosesdə ən çox fayda qazanmış ölkədir. Yəni bu məsələdə biz az danışırıq, amma çox iş görürük. Hətta Assosiasiya sazişinə də imza atmadıq. Ermənistan buna cəhd elədi - keçmiş prezident Serj Sarkisyanın dövründə, 2013-cü ildə idi. Moskva onun qulağını burdu, sonra isə dedi ki: "İmza atırsınızsa, atın, amma təhlükə ciddidir və hərbi-texniki məsələlərin həlli bizim, yəni Moskvanın və həm də KTMT üzərində qalacaq. Biz bu prosesləri yenidən gözdən keçiririk və görürük ki, burada danışıqlar, vədlər, anonslar çoxdur. Amma hərəkətə gəldikdə, nəticə minimumdur – əgər ümumiyyətlə varsa, bu, böyük bir şeydir. İndi Ermənistan guya seçim edir. Birincisi, bu, necə Aİ-nin üzvüdür ki, təşkilatda bunun heç iyi-tozu da yoxdur? Digər tərəfdən, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirir ki, biz Ermənistan üçün əlverişli şərait yaradacağıq".
O, bildirib ki, Paşinyan bu məsələlərlə bağlı manevrlər edir: "Onun sözlərinin arxasınca hər hansı düşünülmüş hərəkətlər baş verir. Digər tərəfdən, həmin hərəkətlərin Ermənistan iqtisadiyyatı üçün hər hansı bir səmərəsi və effektivliyi varmı? Yoxdur. Hələ ki bunlar yoxdur. Düşünürəm ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmayacaq. Çünki onun, ümumiyyətlə, alış-veriş məsələlərində, gömrük məsələlərində, vergilərdə elə əlverişli rejimləri var ki, özünü bunlardan məhrum edə bilməz. Digər tərəfdən, yanacağı Rusiyadan alır, ümumiyyətlə, orada "Qazprom" bütün prosesləri idarə edir. Yəni danışıqlar var və mənə elə gəlir ki, seçkiyə qədər də Paşinyan Moskvaya getmişdi. Sonra da deyir ki, seçkilər tam bitdikdən sonra mən yenidən Moskvaya gedəcəyəm. Bu, mənə elə gəlir ki, razılaşdırılmış bir ssenaridir. Yəni nə Aİ Ermənistanı qəbul edəcək, nə də Ermənistan, sözün əsl mənasında, həqiqi tərzdə ora inteqrasiya etmək istəyir. Çünki inteqrasiya etmək üçün mexanizmlər lazımdır. Bəziləri deyir ki, quru üzrə sərhədi yoxdur. Aİ öz daxilindəki 27 ölkənin bütün problemlərini həll edə bilmir. Görürsünüz, orada da ayrı-seçkiliklər var: birinci xəttin dövlətləri, ikinci xəttin dövlətləri, üçüncü xəttin dövlətləri. Yəni onlara yanaşmada rəsmi Brüsselin özünün ikili, üçlü standartlardan istifadə etdiyini görürsən. Və bu vəziyyətdə Ermənistanın problemini, onun dövlət borcunu, işsizlik və işsizliyin cəlbedicilik məsələlərini məgər Aİ öz üzərinə götürəcək? Əlbəttə, yox. Burada ancaq ritorika var. Paşinyan özünəməxsus siyasi rəqs edir. Və çalışır ki, tərəfərin onun bu ifasına reaksiyasını görsün".
Turqut Ansari
13:40 26.06.2026
Oxunuş sayı: 47