Ukrayna Rusiyaya “gün verib işıq vermir”: Krımın taleyi həll olunur
Ukrayna Təhlükəsizlik Xidmətinin Krımda keçirdiyi xüsusi əməliyyat çərçivəsində Kerç yaxınlığındakı Hava Hücumundan Müdafiə sistemləri, eləcə də “Saki” və “Qvardeyskoye” hərbi aerodromlarının infrastrukturu hədəfə alınıb. Məlumata əsasən, “Saki” hərbi aerodromunda aviasiya texnikasının saxlanılması üçün istifadə olunan dörd anqar vurulub.
Bundan əlavə, “Qvardeyskoye” hərbi aerodromunun infrastrukturuna da zərbələr endirildiyi bildirilir.
Məlumata görə, Kerç yaxınlığında S-400 zenit-raket kompleksinin tərkibinə daxil olan iki sistem, iki “Pantsir-S1” zenit-raket-top kompleksi məhv edilib.
Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir ki, Rusiya ordusu Krım səması üzərində nəzarəti itirir: “Məhv edilən hər bir Hava Hücumundan Müdafiə sistemi və vurulan hər bir hərbi aerodrom Ukraynanın növbəti zərbələri üçün yeni imkanlar yaradır”.
Bundan əlavə, iyunun 24-nə keçən gecə Sevastopolda Balaklava İstilik Elektrik Stansiyasına zərbə endirildiyi, ardınca isə şəhərdə genişmiqyaslı elektrik kəsintilərinin baş verdiyi bildirilir.
Rusiya-Ukrayna müharibəsində uzaqmənzilli zərbələrin intensivləşməsi tərəflərin hərbi strategiyalarında yeni mərhələnin formalaşdığını göstərir. Xüsusilə Krım yarımadasında yerləşən hərbi obyektlərin hədəfə alınması bölgədəki təhlükəsizlik balansına və əməliyyat şəraitinə birbaşa təsir edən amillərdən hesab olunur. Son hücumlar həm hərbi ekspertlər, həm də analitiklər tərəfindən müharibənin gələcək dinamikasına təsir göstərə biləcək hadisə kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Anar Şuşalı bildirib ki, Ukraynanın Krımda yerləşən hərbi aerodromlara və hava hücumundan müdafiə sistemlərinə endirdiyi zərbələr təkcə taktiki deyil, həm də strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Krım Rusiya ordusunun Qara dəniz və cənub istiqamətində həyata keçirdiyi əməliyyatlar üçün əsas dayaq nöqtələrindən biri hesab olunur: “Bu səbəbdən yarımadada yerləşən hərbi aerodromların və hava müdafiə sistemlərinin sıradan çıxarılması Rusiyanın bölgədəki əməliyyat imkanlarına müəyyən təsirlər göstərə bilər. Belə zərbələr aviasiyanın fəaliyyət imkanlarını məhdudlaşdırmaqla yanaşı, Ukraynanın gələcək uzaqmənzilli əməliyyatları üçün daha əlverişli şərait formalaşdıra bilər”.
Hərbi ekspert vurğulayıb ki, “Pantsir-S1” zenit-raket-top komplekslərinin məhv edilməsi də xüsusi əhəmiyyət daşıyır:
“Bu sistemlərin sıradan çıxarılması Krımın hava məkanının müdafiəsini zəiflədən amillərdən biri hesab oluna bilər. Nəticədə hərbi bazalar, logistika marşrutları və digər strateji obyektlər potensial hücumlar qarşısında daha həssas vəziyyətə düşür. Son hadisələr Ukraynanın dərin arxa cəbhədə dəqiq zərbələr endirmək imkanlarının genişləndiyini göstərir. Bu hücumlar onu nümayiş etdirir ki, Krım artıq Rusiya üçün tam təhlükəsiz hərbi zona hesab edilə bilməz. Ukrayna ordusunun uzaq məsafələrdə yerləşən strateji hədəfləri vurmaq qabiliyyəti artdıqca, Rusiyanın yarımadadakı hərbi mövqeləri əlavə təzyiqlə üzləşir”.
A.Şuşalı hesab edir ki, belə əməliyyatların davam etməsi Rusiyanın Krımdakı hərbi fəaliyyətinə və logistikasına təsirsiz ötüşməyəcək: “Bu cür zərbələrin davamlı xarakter alması yarımadadakı hərbi mövqelərin zəifləməsinə, logistika imkanlarının mürəkkəbləşməsinə və ümumilikdə müharibənin dinamikasında yeni mərhələnin formalaşmasına səbəb ola bilər. Son hadisələr bir daha göstərir ki, müharibə artıq yalnız cəbhə xətti ilə məhdudlaşmır. Hazırda qarşıdurma həm də strateji arxa cəbhədə davam edir. Tərəflərin uzaqmənzilli silahlardan istifadəsinin genişlənməsi müharibənin miqyasını daha da artırır və regionun təhlükəsizlik mühitini yeni sınaqlarla qarşı-qarşıya qoyur”.
Ayxan İbişov
13:35 25.06.2026
Oxunuş sayı: 61