Ekspert: Ebola virusu təhlükəyə çevriləcək
Fransada Ebola virusuna yoluxma ilə bağlı ilk halın qeydə alınması beynəlxalq ictimaiyyətin diqqətini yenidən dünyanın ən təhlükəli yoluxucu xəstəliklərindən birinə yönəldib. Yüksək ölüm göstəricisi və sürətli yayılma riski ilə xarakterizə olunan Ebola virusu uzun illərdir qlobal səhiyyə qurumlarının ciddi nəzarətində saxlanılır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, xəstəliyin erkən mərhələdə aşkarlanması, yoluxma zəncirinin operativ şəkildə müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi mümkün epidemiya risklərinin qarşısının alınmasında həlledici rol oynayır. Fransada qeydə alınan son hadisə isə Ebola təhlükəsinin hələ də aktual olaraq qaldığını və qlobal səhiyyə sistemlərinin bu cür infeksiyalara qarşı daim hazırlıqlı olmasının vacibliyini bir daha gündəmə gətirib.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan professor, səhiyyə eksperti Adil Qeybulla bildirib ki, Ebola virusu hemorragik qızdırmalar qrupuna aid olan zoonotik infeksiyadır və əsasən yoluxmuş heyvanlardan insana keçir.
Onun sözlərinə görə, virus çox yüksək letallıq göstəricilərinə malikdir: "Ebola virusu bəzi hallarda 50-70 faizə qədər ölüm göstəricisi ilə müşahidə olunur və çox fatal infeksiya sayılır. Xəstəlik baş ağrısı, boğaz ağrısı, ümumi zəiflik və halsızlıqla başlayır, daha sonra güclü intoksikasiya əlamətləri və qanaxmalarla davam edir. Bu da həyat üçün ciddi təhlükə yaradır. Qloballaşan dünyada virusun digər ölkələrə yayılması mümkündür. İstənilən yoluxmuş şəxs özü də bilmədən başqa ölkəyə gedə və xəstəliyi orada üzə çıxara bilər. Lakin Ebola hava-damcı yolu ilə yayılmadığı üçün epidemioloji vəziyyəti nəzarət altına almaq daha asandır. Əgər gələcəkdə virus hava-damcı yolu ilə yoluxmaq xüsusiyyəti qazansa, dünya daha ciddi təhlükə ilə üzləşə bilər."

A.Qeybulla vurğulayıb ki, Azərbaycanda da sərhəd-keçid məntəqələrində nəzarətin gücləndirilməsi vacibdir: "Hemorragik qızdırma əlamətləri olan şəxslər dərhal nəzarətə götürülməli, karantinə alınmalı və onların təmasda olduqları şəxslər müəyyən edilməlidir. Bu cür tədbirlər xəstəliyin yayılmasının qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır. Ebola virusunun kiçik epidemiyaları əsasən Afrika ölkələrində, xüsusilə Konqo və Nigeriyada müşahidə olunur və indiyədək əksər hallarda vəziyyət nəzarət altına alına bilib”.
Zeynəb Həsən
20:30 24.06.2026
Oxunuş sayı: 48