Həqiqətin keşiyində dayanan ömür: Şirməmməd Hüseynovun əziz xatirəsinə
Bu gün Azərbaycan elminin ən mübariz, ən səbrli qələmlərindən birinin - Şirməmməd Hüseynovun vəfatının ildönümüdür. 24 iyun 2019-cu ildə fiziki olaraq aramızdan ayrılsa da, o, qoyub getdiyi irslə, açdığı yolla, yetişdirdiyi nəsillə hələ də bizimlədir.
Şirməmməd Hüseynov sadəcə jurnalistika tarixini araşdıran alim deyildi. O, milli yaddaşımızın ən qaranlıq səhifələrinə işıq tutan bir fənər idi. Ömrünü üç müqəddəs ideyaya həsr etdi: tarixi həqiqəti üzə çıxarmaq, istiqlal düşüncəsini qorumaq, gələcək nəsillərə əmanət etmək. Onun adı deyildikdə, Azərbaycan mətbuat tarixi, milli istiqlal ideyası, XX əsr ictimai-siyasi fikir tarixi - hamısı eyni cümlədə birləşir.
1924-cü ildə Şəkinin dağ ətəklərində dünyaya göz açan bu uşaq, çətin dövrün sərt küləkləri altında böyüdü. Amma o küləklər onu sındırmadı, əksinə, elmin daşına çevirdi. Müəllimlik kürsüsündən yola çıxıb, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanlığı zirvəsinə ucaldı. Auditoriyalarda dayanıb dərs deyəndə təkcə məlumat vermirdi - o, xarakter formalaşdırırdı. Onun əlində yetişən jurnalistlər bu gün Azərbaycan mediasının sütunlarıdır. Çünki Şirməmməd müəllim jurnalistə təkcə yazmağı yox, məsuliyyəti və mənəvi ucalığı da öyrədirdi. O, tələbələrinə həmişə aşılayardı: "Keçmişini orijinaldan oxuya bilməyən jurnalist, millətin vəkili ola bilməz".
Alimin ən böyük xidməti isə qadağaların divarlarını yaran əzmkarlığı oldu. Sovet ideologiyasının ən sərt illərində, “qadağan mövzu” damğası vurulan zamanlarda o, ərəb və fars qrafikalı qədim arxivlərin tozlu qovluqlarını vərəqləyirdi. Köhnə əlifbanın sirlərinə dərindən bələd olan bu canlı ensiklopediyanın məqsədi təkcə elmi məqalə yazmaq deyildi - milli dövlətçilik tariximizin üzərinə çəkilmiş pərdələri aralamaq idi.
Məhəmməd Əmin Rəsulzadənin həyat yolunu izləmək, onun əsərlərini toplayıb nəşr etdirmək, eyni zamanda dahi bəstəkar və publisist Üzeyir Hacıbəylinin sovet senzurasından gizlədilən zəngin irsini üzə çıxarmaq Şirməmməd Hüseynov üçün elmi vəzifədən çox, vətəndaş borcu idi. O, bu çətin yolda tək deyildi; ömür-gün yoldaşı, fədakar alim Ülkər xanımla birlikdə öz evlərini sanki bir milli yaddaş laboratoriyasına, mənəviyyat emalatxanasına çevirmişdilər. Bu birgə əməyin bəhrəsi olan çoxcildlik “Məhəmməd Əmin Rəsulzadə əsərləri” nəşri bu gün də milli fikir tariximizin qapısını açan ən etibarlı açardır.
“Azərbaycan legionerləri”, “Milli haqq və ədalət axtarışında”, “Mənəvi irsimiz və gerçəklik”, “Azərbaycan dilində ilk bolşevik nəşrləri”... Hər biri təkcə kitab deyil, bir dövrün şahidliyidir. Onlarla kitab, yüzlərlə məqalə - hamısı eyni sualın cavabı idi: Biz kimik? Haradan gəlirik?
Dövlət onun xidmətlərini “Əməkdar jurnalist” fəxri adı, “Şərəf” ordeni, nüfuzlu mükafatlarla qiymətləndirdi. Amma Şirməmməd Hüseynovun ən böyük mükafatı başqa idi - xalqın səmimi ehtiramı. Çünki o, ömrü boyu heç kimin qarşısında əyilmədən, yalnız həqiqətin qarşısında baş əyərək yaşadı.
Bu gün onu yad edərkən başa düşürük: bəzi insanlar ölümü ilə yox, əsərləri ilə yaşayır. Hətta ömrünün son illərində, 95 yaşında belə, əlindəki əsasına söykənərək Bakı Dövlət Universitetinin pilləkənlərini inamla qalxan, son nəfəsinə qədər auditoriyaya və gəncliyə can verən Şirməmməd müəllim məhz elə alimlərdən idi. Onun elmi irsi, vətəndaş mövqeyi, milli düşüncəyə sədaqəti yaşayır. Azərbaycan elm və mədəniyyət tarixində o, həmişə özünəməxsus, heç kimin təkrar edə bilməyəcəyi bir zirvədə dayanacaq.
Görkemli alimi, böyük ziyalını dərin ehtiramla yad edir, Azərbaycan elminə və milli yaddaşımıza verdiyi əvəzsiz töhfələrə görə baş əyirik.
Ruhu şad olsun.
Nigar Xəlilli
13:00 24.06.2026
Oxunuş sayı: 433