Madonna Londondakı evinin qapılarını “Vogue”a açdı
Dünya şöhrətli müğənni Madonna Londondakı evində saxladığı ən dəyərli şəxsi əşyalarını nümayiş etdirib. O, “Vogue”a verdiyi eksklüziv tur zamanı Frida Kahlonun əsərlərindən ailə yadigarlarına qədər onun üçün xüsusi məna daşıyan əşyaların hekayəsini bölüşüb. Madonna bəzi əşyaların həyatındakı mühüm xatirələrlə bağlı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Madonna evinin ofisində Frida Kahlonun avtoportretini nümayiş etdirib. Sənətçinin sözlərinə görə, Nyu-Yorkda ilk günlərində əsərin açıqcasını görməsi onu 11 il sonra həmin tablonu hərracdan almağa ilhamlandırıb.
Madonna həmçinin mərhum anasına məxsus taxta təsbehi, qızının yazdığı qeydləri və oğlu Rocco tərəfindən hədiyyə edilən heykəli göstərib. Qonaq otağında isə doğuşu təsvir edən ikinci Frida Kahlo əsərini nümayiş etdirən müğənni bu əsərin anasız böyüməsi ilə bağlı xüsusi məna daşıdığını deyib.
Yataq otağında Madonna ilk nəşr kitablarını, karantin zamanı qızının toxuduğu örtüyü və bacısının hədiyyə etdiyi “Octavia” adlı oyuncaq ahtapotu da göstərib. Müğənni bildirib ki, bu oyuncaq ona xəstəxanada keçirdiyi ağır dövrdə ona dəstək olan tibb bacısını xatırladır.
06:27 13.08.2026
Oxunuş sayı: 38