Ortaq əlifbadan ortaq gələcəyə: Türk dünyası tarixi dönüş nöqtəsində
Türk dünyasında ortaq dil və ortaq yazı sistemi ideyası uzun illərdir müzakirə olunan strateji və mədəni məsələlərdən biridir. Bu istiqamətdə son illərdə atılan addımlar isə artıq nəzəri müzakirələrdən praktik mərhələyə keçidin siqnallarını verir. Məhz bu kontekstdə “Ortaq Türk Əlifbası Komissiyası”nın 4-cü iclasında ortaq türk əlifbası əsasında hazırlanmış qazax və qırğız əlifbalarının tövsiyə olunan variantlarının təsdiqlənməsi diqqət çəkən hadisə kimi qiymətləndirilir. Bir tərəfdən bu qərar türk dövlətləri arasında ünsiyyətin, elmi və mədəni inteqrasiyanın genişlənməsi baxımından mühüm addım hesab olunur, digər tərəfdən isə gələcəkdə vahid və ya ortaq əlifba modelinə keçid üçün real zəmin yaradıb-yaratmayacağı ilə bağlı müzakirələr aparılır.
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər:
Professor
Firudin Cəlilov bildirib ki, əvvəla o qazax-qırğız əlifbasına baxmaq lazımdır: “Ortaq
əlifbanı biz 1991-ci ildə İstanbulda bütün türk dövlətlərinin nümayəndələri ilə
birgə qəbul etmişik. Həmin ildə də mən gətirib Azərbaycan parlamentində qəbul
etdirdim. Bu hazırda bizim işlətdiyimiz ortaq əlifbadır. Bu yeni qəbul edilmiş
ortaq əlifbanı da dəqiq təhlili üçün bir-bir hərflərə baxmaq lazımdır ki, görək
nəyi çıxarıb nəyi salıblar”.

AMEA
Nəsimi adına Dilçilik İnsitutunun direktoru, professor Nadir Məmmədli bildirib ki, keçən
il əlifbanın 34 hərf olması qəbul edilmişdi: “Sonuncu dəfə Türkiyənin Antaliya şəhərində keçirilən görüşdə mən də iştirak etdim. Ümumən prosesi yaxşı qiymətləndirirəm. 34 hərfin qəbul edilməsi
çox yüksək qiymətləndirilməlidir. Özbəklərin 40, türklərin isə 29 hərfi var.
Ortaq məxrəcə gələrək 34 hərf qəbul edilmişdi. Amma buna baxmayaraq proses
uzanır”.

Türkoloq
Elçin İbrahimov ortaq əlifba ilə bağlı qərarı yüksək qiymətləndirdiyini
bildirib: “Bu il Türkoloji Qurultayın yüz illiyidir. Məhz həmin qurultayda
ortaq türk əlifbası məsələsi qəbul olunmuşdu. Bununla bağlı artıq iki əsər —
Abay Konanbayevlə Çingiz Aytmatovun əsərləri nəşr edilib. Hamının ən çox gözlədiyi
coğrafiya isə Qırğızıstanla Qazaxıstan idi. Çünki Özbəkistan artıq latın əlifbasına
keçib, Türkmənistan isə fərqli model olsa da, müəyyən mənada latın əlifbasından
istifadə edirdi. Ən çox narahatlıq doğuran, yaxud zəif yer hesab edilən istiqamət
Qazaxıstan və Qırğızıstan idi. Son dərəcə mütərəqqi hadisədir ki, artıq ortaq əlifba
istiqamətində ciddi addımlar atılır. Sevindirici hal odur ki, qəbul edilən əlifba
modeli — o 34 hərflik ortaq əlifba — ilə yaxınlıq təşkil edir və bu da prosesi
daha da sürətləndirəcək. Azərbaycan əlifbası ilə ortaq əlifba arasında cəmi iki
hərflik fərq var. Digər bəzi əlifbalarda isə bu fərq altı hərfə qədər çatır.
Amma qazaxlar və qırğızlar birbaşa ortaq əlifbaya yaxın bir əlifba qəbul etməklə
mühüm bir seçim etmiş oldular”.

Türkoloq əlavə edib ki, qazaxlar və qırğızlar ayrıca latın əlifbasına keçmək əvəzinə ortaq əlifbaya yaxın modeli seçəcəklərini və bunun ümumi işi sürətləndirəcəyini illərdir vurğulayır: “Biz bu günə qədər, istər türkoloqlar olsun, istər ümumilikdə oxucu auditoriyası, Qazaxıstanda və Qırğızıstanda çap olunan mətbuatı, jurnalları, kitabları, yazıçıların əsərlərini qazax və qırğız əlifbasında rahat oxuya bilmirdik, müəyyən çətinlik çəkirdik. Bu gün isə həmin mətnlərin latın əlifbası ilə çap olunması işimizi çox sürətləndirəcək. Əlbəttə, oxuyub anlamaq məsələsi işin ikinci mərhələsidir. Orada artıq lüğət məsələsi ortaya çıxacaq, ortaq terminologiya və ortaq lüğət məsələləri gündəmə gələcək. Amma bunlar sonrakı mərhələnin işidir. Birinci mərhələdə isə hamımızın yekdilliklə söylədiyi bir fikir var idi: ilk işimiz ortaq əlifbanın seçilməsi olmalıdır. Bu baxımdan artıq biz həm bir-birimizi təbrik edə, həm də sevinə bilərik ki, türk dünyası son dərəcə böyük bir addım atdı. Xüsusilə sevindirici hal odur ki, bu proses 1926-cı il Bakı Türkoloji Qurultayının yüz illiyi ərəfəsinə təsadüf edir. Sanki yüz il əvvəl həmin qurultayda müzakirəyə çıxarılan məsələlərin bu gün yüksək səviyyədə icra olunduğunu görürük. Yüz il əvvəl təməli qoyulan, gündəmə gətirilən problemlərin və ideyaların artıq praktik nəticəyə çevrildiyini müşahidə edirik. Bu isə türk dünyasının birliyi yolunda atılmış mühüm və tarixi addımlardan biri kimi qiymətləndirilə bilər”.
Fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq Faiq Ələkbərli bildirib ki, bu, müsbət haldır: “Hər halda biz tarixən öz türk əlifbamızdan da istifadə etmişik. Demək olar ki, runik əlifba, yaxud Orxon-Yenisey abidələrində istifadə olunan yazı sistemi də bizim üçün doğmadır. Sonrakı dövrlərdə məlum olduğu kimi, bir çox türk xalqları ərəb əlifbasından istifadə edib, daha sonra latın qrafikasına keçid mərhələləri yaşanıb, eyni zamanda kiril əlifbasından da istifadə olunub. İndi isə artıq bütün türk xalqlarının məhz latın əsaslı ortaq qrafikadan, ortaq əlifbadan istifadə etməsi müsbət hadisə kimi qiymətləndirilməlidir”.

Türkoloq bu məsələlərin ümumilikdə türk xalqlarının bir-birinə daha da yaxınlaşmasına səbəb olacağını ümid etdiyini bildirib: “Bu yaxınlaşma təkcə mədəni və mənəvi baxımdan deyil, eyni zamanda digər sahələrdə də öz müsbət təsirini göstərəcək və xüsusilə yeni nəsillər üçün faydalı nəticələr yaradacaqdır. Əlbəttə, çox yaxşı olardı ki, gələcəkdə latın əlifbası ilə yanaşı, Orxon-Yenisey əlifbasını da türk xalqlarının övladlarına öyrədək və bu tarixi irsi yaşadaq. Amma ümumilikdə latın əlifbasını da mən türk xalqları üçün yad hesab etmirəm. Hər halda bu gün latın əlifbası adlandırılan yazı sisteminin formalaşma prosesində də türklərin müəyyən tarixi rolu və təsirləri haqqında yanaşmalar mövcuddur. Ona görə də bu əlifbanın bu şəkildə qəbul olunması müsbət tendensiya kimi dəyərləndirilə bilər və inanıram ki, bu addım bir-birimizi daha yaxından anlamağımız, daha yaxşı dərk etməyimiz və türk dünyasında qarşılıqlı inteqrasiyanın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyacaqdır”.
Ayhan
10:30 24.06.2026
Oxunuş sayı: 46