Yaxın Şərqdə nə baş verir?- Üçüncü dünya savaşı başlamayacaq, əvəzində isə...- Müsahibə
Beynəlxalq siyasətin əsas tərkib hissələri regional proseslər fonunda formalaşır. Hazırkı dövrdə istənilən regionda müharibə şəraiti hökm sürməkdə, ən yaxşı halda isə ölkələrin bir-birlərinə hərbi müdaxilə təhdidləri davam etməkdədir.
Rusiya - Ukrayna müharibəsinin davam etməsi, ABŞ-İran
arasındakı gərginliyin hələ son günlərdə səngiməsi və İranın da ərəb dövlətlərini
raket zərbələri ilə qorxutmaq istəməsi fonunda təbii olaraq İsrailin rolunu da
qeyd etməliyik. ABŞ-İran müharibəsində ABŞ-nin yanında müttəfiq kimi çıxış edən
İsrail regionda ciddi şəkildə gərginlik yaratmaqla qalmır, münaqişələrə
konstruktiv yanaşan dövlətlərə də "gözucu" baxır.
Adətən quraq iqlimə sahib olan Yaxın Şərq uzun müddətdir ki, aramsız "raket yağışı"na məruz qalır. İsrailin ilkin məqamda Fələstinə hücum etməsi, daha sonra Suriyaya hərbi müdaxiləsi və ABŞ-la birlikdə İrana genişmiqyaslı hava zərbələri endirməsinin ardınca bu gün də Livana qarşı hərbi əməliyyatlar təşkil etdiyinin şahidi oluruq. Məsələnin ciddiyəti isə dünya müharibəsinin başlanmasının yenidən aktuallaşmasına qədər uzanır. Belə ki, biz Suriyada Türkiyə faktorunun mövcud olduğunu, və bu ölkə ilə bağlı həssaslığını müşahidə edirik. Türkiyə həm də NATO üzvüdür və perspektivdə daxil olduğu müharibəyə NATO-nun da müdaxilə riski var. Eyni zamanda ABŞ və İsrail arasında yaranmış taktiki fikir ayrılıqlarını da nəzərə almaq lazımdır ki, daim bir-birinin mənfəəti naminə beynəlxalq müstəvidə çıxış edən iki dövlət bu gün arxa fonda siyasi "soyuma" yaşayır. Belə olan halda faktiki risk daha da böyüyür. Birmənalı şəkildə İranın Livan məsələsinə laqeyd qalmadığı da siyasi arenada gözdən yayınmayacaq reallıqdır. Məsələnin təhlükəli tərəfi isə yarana biləcək regional münaqişənin domino effekti yaratmaq riskidir. Belə olan halda dünya ictimaiyyətində haqlı narahatlıq yaranır və bu kimi məsələlər fonunda regionun taleyi ilə bağlı suallar ortaya çıxır.

Bütün bunlarla bağlı Yaxın Şərq məsələləri üzrə ekspert,
professor Vüqar Zifəroğlu Crossmedia.az-ın suallarını cavablandırıb.
- İsrailin Livana qarşı əməliyyatları Yaxın Şərqdə sülhə və
ABŞ-İran razılaşmasına necə təsir edə bilər?
- Bəli, Livandakı əməliyyatlar regionda sülh prosesinə ciddi təsir göstərə bilər. Son günlər ABŞ və İran arasında əldə olunmuş çərçivə razılaşmasının ən həssas məqamlarından biri məhz Livan məsələsidir. İran rəsmiləri açıq şəkildə bildirirlər ki, İsrailin Cənubi Livandakı hərbi mövcudluğu davam edərsə, yekun razılaşmanın əldə olunması çətinləşə bilər. Əsas problem ondan ibarətdir ki, Vaşinqton İranla nüvə və regional təhlükəsizlik mövzusunda anlaşma əldə etməyə çalışdığı halda, İsrail Hizbullahı tam zərərsizləşdirmədən Livandan çıxmaq istəmir. Bu isə ABŞ ilə İsrail arasında taktiki fikir ayrılığı yaradır. Buna görə də Livandakı hərbi əməliyyatlar uzandıqca ABŞ-İran razılaşmasının imzalanması gecikə bilər. Eyni zamanda İran daxilində sərt xətt tərəfdarlarının mövqeyi güclənə, Hizbullahın isə yenidən aktivləşməsi riski arta bilər. Buna paralel olaraq Körfəz ölkələrinin dəstəklədiyi regional sabitləşmə planları da zəifləyər.
- İsrail Livandan sonra Suriyaya qarşı daha geniş əməliyyatlara
başlaya bilərmi?
- Bu ehtimal tamamilə istisna deyil. Əslində İsrail artıq Suriya ərazisində mütəmadi hava və quru əməliyyatları həyata keçirir. 2026-cı ildə də Quneytra və Qolan bölgəsində İsrail hərbi əməliyyatları qeydə alınıb.
- İsrailin Suriyadan nə istəyir?
- İsrailin Suriyada üç əsas məqsədi var. İranın və ona bağlı
silahlı qrupların yerləşməsinin qarşısını almaq, Hizbullahın silah təchizat
marşrutlarını kəsmək, Qolan yüksəklikləri ətrafında təhlükəsizlik buferi
yaratmaq. Lakin İsrailin Suriyada Livandakı kimi genişmiqyaslı quru müharibəsinə
başlaması hazırkı şəraitdə daha az ehtimal olunur.
- Niyə?
Çünki Suriyada Türkiyə faktoru mövcuddur. Eyni zamanda ABŞ bölgədə yeni geniş müharibə istəmir. İsrail isə eyni vaxtda Qəzza, Livan və Suriya istiqamətlərində uzunmüddətli müharibə aparmaq imkanlarının məhdud olduğunu anlayır. Buna görə yaxın perspektivdə daha çox hava zərbələri və məhdud quru əməliyyatları ssenarisi ehtimal kimi qala bilər.
- İsrail Suriyada geniş əməliyyatlara başlasa, Türkiyə hərbi
müdaxilə edə bilərmi?
- Türkiyə Suriyanın yeni siyasi sisteminin əsas himayədarlarından biri hesab olunur. Ankara dəfələrlə Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini və İsrailin hücumlarını pislədiyini bəyan edib. Lakin "İsrail hücum etdi, Türkiyə dərhal müharibəyə girdi" ssenarisi real görünmür. Türkiyənin mümkün addımları diplomatik təzyiq, NATO və BMT platformalarında təşəbbüslər, Suriya ordusuna hərbi-texniki dəstək, hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi, kəşfiyyat və logistika yardımı formalarında ola bilər. Türkiyənin İsraillə birbaşa müharibəyə girməsi isə yalnız o halda gündəmə gələ bilər ki, Türkiyə hərbçiləri və ya bazaları birbaşa hədəfə alınsın və ya Suriyada Türkiyənin təhlükəsizlik maraqlarına ciddi zərbə vurulsun, regional balans tamamilə dəyişsin. Rəsmi Tel-Avivin isə bu addımları atması inandırıcı deyil.
Hazırkı mərhələdə Ankara ilə Təl-Əviv arasında siyasi gərginlik
yüksək olsa da, birbaşa hərbi qarşıdurma ehtimalı aşağı qiymətləndirilir.
- Yaxın Şərqdəki gərginlik üçüncü dünya müharibəsinə səbəb
ola bilərmi?
Bu sual tez-tez səslənsə də, hazırda "Üçüncü Dünya
Müharibəsi" ssenarisi ən real variant deyil.
- Niyə belə düşünürsünüz?
- Bunun bir neçə səbəbi var. Bitincisi, ABŞ və İran arasında diplomatik kanal açıq qalır. İkincisi, Rusiya və Çin genişmiqyaslı regional müharibədə birbaşa iştirak etmək istəmir. Üçüncüsü, Türkiyə, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri eskalasiyanın qarşısını almağa çalışır. İsrailin özü də ABŞ dəstəyi olmadan region miqyasında çoxcəbhəli müharibə aparmaq istəmir. Daha real ssenari "regional böyük müharibə"dir. Yəni İsrail, İran, Hizbullah, Suriyadakı müxtəlif silahlı qüvvələr, İraq və Yəməndəki İran tərəfdarı qruplar arasında geniş, lakin coğrafi baxımdan Yaxın Şərqlə məhdudlaşan qarşıdurma. Hazırkı vəziyyət 1914-cü ilin Avropasına deyil, daha çox Soyuq Müharibə dövrünün regional böhranlarına bənzəyir: tərəflər sərt rəqabət aparırlar, lakin böyük dövlətlərin əksəriyyəti nəzarətsiz eskalasiyadan qaçmağa çalışır.
Turqut Ansari
10:59 18.06.2026
Oxunuş sayı: 122