Paşinyan elə bir oyun oynadı ki...- Seçkilərdən on gün sonra üzə çıxdı
Ermənistanın siyasi səhnəsində baş verən son proseslər, xüsusilə də baş nazir, hakim "Mülki Müqavilə" partiyasının rəhbəri Nikol Paşinyanın bəyanatları və idarəetmə metodları ətrafındakı müzakirələr xarici təsirlərdən asılı olan bir dövlətdə real demokratik təsisatların qurulmasının çətinliyini bir daha ortaya qoyur. Beynəlxalq arenada, xüsusən də Qərb dairələrində Paşinyan hökumətinin "demokratiya carçısı" kimi təqdim edilməsi cəhdləri, əslində, regional maraqlardan və geosiyasi tarazlıqları dəyişmək planlarından irəli gələn strateji bir gediş təsiri bağışlayır. Reallıqda isə daxili siyasi rəqiblərin sıxışdırılması, administrativ resurslardan istifadə və seçki proseslərindəki qanunsuzluqlar göstərir ki, Paris və ya Vaşinqtondan görünən "şəffaflıq" mənzərəsi daxildəki reallıqla kəskin şəkildə ziddiyyət təşkil edir. Bu baxımdan, İrəvanın siyasi kursunu təhlil edərkən institusional demokratiyanın böhranından deyil, ümumiyyətlə, regional təzyiqlər fonunda formalaşan ssenarilərin və hakimiyyəti qorumaq instinktinin diktə etdiyi addımlardan bəhs etmək daha real yanaşmadır.

Məsələ ilə bağlı politoloq Sahil İsgəndərov Crossmedia.az-a açıqlama verib: "Əslində, mən belə bir fikirlə razı deyiləm ki, Paşinyanın addımları və bəyanatları Ermənistanda demokratiyanı risk altına atır. Çünk, zənnnimcə, Ermənistanda, ümumiyyətlə, yerli-dibli heç vaxt demokratiya olmayıb. Bu, ilk növbədə onunla şərtləndirilir ki, xarici havadarların və ya xarici aktorların birbaşa apardığı siyasət kontekstində, yəni onların təzyiqi və göstərişi ilə daxili və xarici siyasət kursunu müəyyənləşdirən bir dövlətdə heç vaxt demokratiya ola bilməz. Bu necə demokratiyadır ki, Ermənistan hakimiyyətləri öz daxili və xarici siyasətlərini gah Rusiyanın, gah da birbaşa Qərbin diktəsi ilə yeridirlər? Digər tərəfdən, çox təəssüf ki, Qərbdə bu məsələyə daha çox siyasi məqsədəuyğunluq kontekstindən yanaşır və Paşinyanı demokratik dəyərlərə meyilli, hakimiyyətini bu prinsiplər əsasında quran və ya şəffaf seçkilər keçirən bir siyasətçi kimi qiymətləndirirlər. Xeyr, mən heç vaxt Paşinyanı demokratiya carçısı və yaxud da demokratik dəyərlərin konkret müdafiəçisi kimi tanımamışam. Əslində, onun bütün siyasəti ilk növbədə öz hakimiyyətini qoruyub saxlamağa yönəlib.
Aydındır ki, Qərbin son seçkilərlə bağlı verdiyi bəyanatlar-guya Ermənistanda necə şəffaf və demokratik seçkilərin keçirilməsinə dair rəylər - birmənalı şəkildə Paşinyan hakimiyyətini dəstəkləmək və bu ölkəni Rusiyanın geosiyasi nəzarətindən çıxarmaq məqsədi daşıyır. Amma çox təəssüf ki, bizim ekspert camiəsində və cəmiyyətimizdə də bir çoxları nədənsə Paşinyanı demokratik seçkilər keçirən, demokratik prinsiplərə sadiq qalan bir siyasətçi kimi qiymətləndirir. Bilmirəm bu cür açıqlamalar hansı kontekstdən irəli gəlir, amma sizi inandırıram ki, Paşinyan heç bir demokratik dəyərə və prinsipə sadiq olan siyasətçi deyil. Ümumiyyətlə, onun özü böyük siyasətdə çox təsadüfi bir adamdır. Əsas məqsədi, bütün hesablamaları yalnız hakimiyyətdə qalmağa hesablanıb".
Müsahibimizin fikrincə, hazırda Azərbaycanın Cənubi Qafqazda yaratdığı və gündəmə gətirdiyi sülh prioriteti kontekstində Paşinyanın hakimiyyətdə qalması bizim üçün daha əlverişlidir: "Amma onun hakimiyyətdə qalmasının bizim üçün əlverişli olması o demək deyil ki, biz orada seçkilər zamanı baş verən pozuntulara, qeyri-demokratik, antidemokratik addımlara göz yummalı və bunu alqışlamalıyıq. Alqışlamalıyıq ki, guya Paşinyan Ermənistanda demokratik şərait yaradıb? Xeyr, həm seçkiərəfəsi kampaniyada, həm də seçkilərin özündə ciddi qanunsuzluqlar oldu. Əlbəttə, biz Aram Qarapetyanın, Robert Köçəryanın və Qaqik Tsarukyanın kim olduğunu yaxşı bilirik. Amma istənilən halda, Ermənistanda son parlament seçkiləri öncəsi kampaniyada yol verilən pozuntuları, təzyiqləri, müxalifət partiyalarının qərargahlarında axtarışların aparılmasını, insanların həbs olunmasını və seçki günü qeydə alınan külli miqdarda saxtakarlıqları görməzlikdən gəlmək olmaz. Qərbdə isə buna göz yumaraq, guya demokratik bir proses baş tutubmuş kimi alqışlayırlar. Digər tərəfdən, artıq bilirik ki, Ermənistan hakimiyyəti müxalifət liderləri Tsarukyanın və Köçəryanın ölkədən çıxışına qadağa qoyub. Bunu necə anlamaq olar? Guya onlara qarşı cinayət işləri açılır. Yeri gəlmişkən, Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası ətrafında qurulan oyunlar birbaşa ondan xəbər verirdi ki, administrativ resurslardan istifadə edən Paşinyan hökuməti bu partiyanın parlamentə keçməsinə imkan verməməli idi. Çünki bu, hakim partiyanın ən azı 5 mandat itirməsi demək idi. Baxın, özünü demokratik prinsiplərə sadiq göstərən Paşinyan elə bir oyun oynadı ki, partiyası parlamentdə sadə çoxluğu qazansa da, konstitusion (xüsusi) çoxluğu əldə edə bilmədi. Bu isə ölkədə yeni konstitusiyanın qəbul olunması ilə bağlı nəzərdə tutulan bütün prosedurları və prosesləri birbaşa təhlükə və sual altına qoyur. Bizim camiədə bəziləri buna aldanır, lakin Paşinyanın özünü sülhə meyilli siyasətçi kimi göstərməsinə inanmaq olmaz. Azərbaycan öz suverenliyini tam bərpa edənə qədər, birtərəfli qaydada Ermənistana qarşı nə qədər humanitar addımlar atdı. Nəinki başqa ölkələrdən, hətta Rusiyadan gələn müxtəlif yüklərin Ermənistana daşınmasına şərait yaradıldı. Amma bunun qarşılığında biz Paşinyan hökuməti tərəfindən hansısa adekvat qarşılıqlı addım gördükmü? Xeyr! Ona görə də mən həmişə deyirdim ki, onların siyasəti məhz buna hesablanıb. Yeri gəlmişkən, Paşinyanın regionda sülh məsələləri və konkret olaraq ərazi iddiaları ilə bağlı mövqeyi nə Köçəryandan, nə Qarapetyandan, nə Tsarukyanın mövqeyindən, nə də revanşistlərdən fərqlənir. Sadəcə, bugünkü reallıq - Azərbaycanın "dəmir yumruq" gücü ilə yaratdığı reallıq - onu sülh prosesinə getməyə məcbur edir. Bu məsələdə fikrim konkretdir. Son seçkilərdə əlində olan konstitusion çoxluğu əldən verib sadə çoxluğa keçmək, Paşinyan hökuməti tərəfindən qabaqcadan düşünülmüş bir oyun idi. Əgər Paşinyan, həqiqətən, demokratik prinsiplərə sadiq və Azərbaycana qarşı səmimi bir adam olsaydı, son seçkilərə qədər malik olduğu konstitusion çoxluqdan istifadə edib lazımi hüquqi dəyişiklikləri həyata keçirərdi. Lakin o, prosesi qəsdən uzatdı və indi konstitusion çoxluq itirildiyi üçün bəhanəsi bu olacaq: "Mən istəyirəm, amma bu qərar parlamentdən keçmir və bunu referenduma çıxarmağa siyasi gücüm yoxdur". Təsadüfi deyil ki, artıq Qərbdəki erməni ekspertlər və hətta bəzi qərbli analitiklər belə bir ideyanı gündəmə gətiriblər və genişləndirirlər. Düşünürəm ki, Paşinyan öz addımları ilə Ermənistanda demokratiyanı risk altına atmır. Çünki ümumiyyətlə, Ermənistanda heç vaxt demokratiya olmayıb - nə Paşinyanın dövründə, nə də ondan əvvəlki dövrlərdə".
Turqut Ansari
12:12 17.06.2026
Oxunuş sayı: 107