Türkiyədəki turizm şirkəti ilə bağlı iddialar: Türk dövlətləri arasında nifaq toxumu səpilir?
Son dövrlərdə onlayn turizm xidmətləri ilə bağlı vətəndaş narazılıqları daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Xüsusilə ofisi Türkiyədə yerləşən Turna.com adlı platforma ilə bağlı sosial şəbəkələrdə və müxtəlif platformalarında ödəniş edildikdən sonra biletin təqdim olunmaması, prosesin uzadılması və vəsaitin geri qaytarılmaması ilə bağlı iddialar səsləndirilir. Belə ki, şikayətçi qismində çıxış edən insanlar əsasən türk dövlətlərinin vətəndaşlarıdır. Bunu sosial media platformalarından aydın şəkildə görmək olar. Narazı salınan insanlar ya Azərbaycan, ya Özbəkistan, ya Qazaxıstan ya da digər türk dövlətləri vətəndaşlarıdır. Sual yaranır ki, bu şirkət, Türkiyə ilə digər türk dövlətləri arasında nifaq salmaq istəyir? Niyə məhz türk dövləti vətəndaşları aldadılır? Bu narazılıqların yaradılmasında məqsəd nədir?
Belə hallarda xüsusilə xaricdə qeydiyyatdan keçmiş şirkətlərə qarşı hüquqi mübarizə və vətəndaşların öz hüquqlarını necə qoruya biləcəyi sualı aktuallaşır. Maraqlıdır, bu vəziyyətlə üzləşən şəxslər mərhələli şəkildə hansı hüquqi addımları atmalıdır və belə şirkətləri hansı hüquqi məsuliyyət gözləyə bilər?

Mövzu ilə bağlı hüquq elmləri doktoru Vüsalə Əhmədova Crossmedia.az-a açıqlama verib, məsələnin hüquqi tərəflərindən, görülməli olan cəza tədbirlərindən danışıb: “İnternetdə çoxlu şikayətin olması hələ o demək deyil ki, şirkət dələduzluqla məşğuldur. Əgər, doğrudan da, vətəndaş ödəniş edib, lakin bilet təqdim olunmayıb və ya vəsait əsassız olaraq geri qaytarılmayıbsa, bunun üçün bir neçə hüquqi prosedur tövsiyyə edilə bilər. Bildiyim qədərilə onlayn səyahət və bilet rezervasiyası platforması olan şirkət 2014-cü ildə Türkiyədə təsis edilib və baş ofisi İstanbul şəhərində yerləşir. Şikayətçilər isə Azərbaycan Respublikası və ya başqa bir ölkə vətəndaşları olduğu üçün, məsələ beynəlxalq mülki-hüquqi mübahisəsidir. İlk növbədə, "Turna.com"-un istifadə şərtlərində mübahisələr zamanı hansı ölkə hüququnun tətbiq ediləcəyinə, mübahisələrin hansı ölkə məhkəmələrində və ya arbitrajda həll olunacağına baxmaq lazımdır. Çünki, bir çox beynəlxalq platformalar mübahisələrin Türkiyə məhkəmələrində baxılacağını nəzərdə tutur. Yəni, ümumi qayda budur ki, iddia cavabdehin yerləşdiyi ölkədə qaldırılır. Məsələn, Turna.com-un platformasının istifadə şərtlərində "mübahisələr İstanbul məhkəmələrində həll olunur" bəndi varsa, Azərbaycan vətəndaşı müvafiq İstanbul məhkəmələrində iddia qaldıra bilər. Bu mərhələdə Azərbaycan vətəndaşının Türkiyəyə getməsi də mütləq deyil. Bir çox halda etibarnamə ilə vəkil təyin olunur, sənədlər göndərilir, proses məsafədən aparılır. Hər bir halda, zərərçəkən vətəndaşlar ödəniş qəbzləri, bank çıxarışları, PNR və ya rezervasiya kodu, şirkətlə e-poçt yazışmaları, telefon danışıqlarının tarixçəsi, ekran görüntüləri və s. kimi sübutları toplamalıdır. Bunlar olmadan sonrakı hüquqi proseslər çətinləşir. Məqsəd, "pul ödənilib, lakun qarşı tərəf müqavilə üzrə öhdəliyini yerinə yetirməyib" faktını sübut etməkdir”.
Hüquqşünas qeyd edib ki, ancaq, məhkəmə prosesinin başladılmasından öncə, şirkətə yazılı tələb məktubu göndərilməsi daha məqsədə uyğundur: “Bu, istər elektron poçt vasitəsilə rəsmi bildiriş formasında və ya mümkün olduqda notarial xəbərdarlıq formasında ola bilər. Bu mərhələ vacibdir, çünki sonradan məhkəmədə göstərilir ki, mübahisə məhkəmədən kənar həll edilməyə cəhd göstərilib. Bir çox hallarda, xarici şirkətlə mübahisələrdə ən effektiv vasitələrdən biri də, ödənişin edildiyi bankdan "chargeback" prosedurunun başlanmasını tələb etməkdir. Ən praktik addımlardan biridir və çox vaxt xarici şirkətlərlə mübahisələrdə məhkəmədən daha sürətli nəticə verir. Bu halda bank "Visa" və ya "Mastercard" sisteminə sorğu göndərir və davamında şirkətdən izahat tələb olunur. Əgər istifadəçi, həqiqətən, haqlıdırsa, vəsait geri qaytarılır. Bir məqamı da qeyd edim ki, Türkiyədə fəaliyyət göstərən turizm agentlikləri üzərində ciddi nəzarət mexanizmləri mövcuddur. Şirkət Türkiyə yurisdiksiyasında fəaliyyət göstərdiyindən, Türkiyənin istehlakçı hüquqlarını qoruyan qurumlarına, turizm sektoru üzrə nəzarət strukturlarına müraciət edilə bilər. Məsələn, şikayət turizm agentliklərinin birliyi olan TÜRSAB-a təqdim edilə bilər. TÜRSAB-ın istehlakçı şikayətləri üzrə ayrıca proseduru mövcuddur. Bu mərhələdə artıq ciddi geri dönüşün alına biləcəyini düşünürəm. Ən son addım isə əvvəldə də qeyd etdiyim kimi, vəkil vasitəsilə məhkəmədə mülki iddianın qaldırılmasıdır. Nəticə etibarilə, şirkətə pul ödənilib, lakin hər hansı səbəbdən xidmət göstərilməyib. İddia məbləğinin nisbətən kiçik, proses xərclərinin isə daha yüksək olması səbəbindən, digər tələb üsullarının məhkəmə prosesindən daha əlçatan olduğunu düşünürəm. Həmçinin, məhkəmə proseslərində çoxsaylı zərərçəkənlərin birgə hərəkət etməsi praktik baxımdan daha effektivdir”.
Ayhan
12:10 16.06.2026
Oxunuş sayı: 2219