Şuşa Bəyannaməsi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı
2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərinin tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu sənəd iki qardaş ölkə arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı dəstək münasibətlərini daha yüksək — müttəfiqlik səviyyəsinə yüksəltdi. Siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan Bəyannamə yalnız ikitərəfli əlaqələr baxımından deyil, eyni zamanda regionda formalaşan yeni geosiyasi reallıqlar və Türk dünyasının inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Şuşada imzalanması isə bu sənədə xüsusi siyasi və simvolik məna qazandıraraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verilən dəstəyin göstəricilərindən biri kimi tarixə düşüb.
Şuşa bəyannaməsinin əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı Asim Mollazadə Crossmedia.az-a açıqlama verib:

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni — iki qardaş ölkəni — bütün sahələrdə, xüsusilə təhlükəsizlik istiqamətində daha da yaxınlaşdıraraq müttəfiq münasibətlərini yeni mərhələyə yüksəldib. Bizim geniş əməkdaşlıq və qarşılıqlı dəstək ənənəmiz hər zaman mövcud olub. Lakin Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türk dünyası bu birliyə daha fərqli prizmadan yanaşmağa başlayıb və bu əməkdaşlıq modeli region ölkələri üçün daha etibarlı bir nümunə kimi qəbul olunub. Əslində, Şuşa Bəyannaməsi təkcə Cənubi Qafqaz regionu ilə məhdudlaşmayan, daha geniş geosiyasi və strateji əməkdaşlıq sisteminin formalaşmasına təkan verib. Bu sənəd iki qardaş ölkənin münasibətlərini yeni səviyyəyə qaldırmaqla yanaşı, digər dövlətlər üçün də nümunəvi əməkdaşlıq modeli ortaya qoyub və onların gələcəyə daha inamla baxmasına şərait yaradıb”.
O, əlavə edib ki, bunun çox böyük əhəmiyyəti var: “Çünki sabitlik və təhlükəsizlik həm iqtisadi, həm humanitar, həm də mədəni əlaqələrin daha sürətli inkişafına, qarşılıqlı inteqrasiyanın dərinləşməsinə və yeni əməkdaşlıq sisteminin formalaşmasına imkan yarada bilər. Mən çəkinmədən deyə bilərəm ki, Şuşa Bəyannaməsi əslində Türk dünyasının birliyini gücləndirən və bu istiqamətdə yeni mərhələnin əsasını qoyan mühüm amillərdən biridir”.
Politoloq Aytən Qurbanova isə söyləyib ki, Şuşa Bəyannaməsi bu gün artıq şifahi və siyasi müstəvidə öz təsirini göstərən, praktik nəticələr doğuran bir sənəd kimi çıxış edir: "Bu sənəd sadəcə Türkiyə–Azərbaycan münasibətlərinin inkişafını nəzərdə tutmur, ümumilikdə Türk dünyasını daha sıx şəkildə birləşdirəcək xarakter daşıyır. Həmçinin Şuşa Bəyannaməsi nümunəsində biz digər türk dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində artıq müəyyən bir ənənənin formalaşdığını və bu istiqamətdə konkret addımların atıldığını aydın şəkildə müşahidə edirik”.

Politoloq bildirib ki, digər tərəfdən, Bəyannamənin məhz Şuşada imzalanması kifayət qədər önəmli və simvolik xarakter daşıyır: “Müharibədən dərhal sonra belə bir sənədin Azərbaycanın Milli Qurtuluş Günündə imzalanması ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verilmiş mühüm mənəvi və siyasi dəstək kimi qiymətləndirilə bilər. Eyni zamanda bu addım dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı önəmli bir mesaj verdi. Düşünürəm ki, Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələyə daxil olmasını təmin etdiyi kimi, eyni zamanda Cənubi Qafqazda formalaşmış yeni reallıqların hüquqi müstəvidə ifadə olunmasına da xidmət edir. Bu sənəddə öz əksini tapan prinsiplər və sonrakı mərhələdə atılan addımlar artıq dünya ictimaiyyətinə, regional və qlobal aktorlara da mühüm mesajlar vermiş olur”.
Ayhan
17:01 13.06.2026
Oxunuş sayı: 71