Barışın Türküsü: Turandan gələn səda
Zalın işıqları yavaş-yavaş sönəndə, havada səmimi bir həyəcan dolaşırdı. Səhnə pərdəsinin arxasında hazırlıq var idi, amma artıq iki xalqın nəfəsi eyni ritmdə döyünürdü. “Barışın Türküsü: Turandan gələn səda” – adı özü bir vəddir. Türk ilə Azərbaycanın ortaq ruhunun, minillik musiqi yaddaşının səhnədə görüşünə dəvət.
Aparıcı səhnəyə çıxan kimi zal alqışlarla doldu. Gecənin proqramı və iştirakçılar təqdim edildi. Ardınca Yunus Emre İnstitutunun nümayəndəsi Gökhan Seyhan rəsmi çıxış edərək iştirakçıları salamladı və tədbirin mədəni həmrəylik baxımından əhəmiyyətini vurğuladı.
Sonra işıqlar söndü. Səhnəyə “Ün” ansamblı addımladı. Heç bir söz demədən, təkcə sazın, qanunun, nağaranın səsi ilə danışdılar. İlk nota çalınan an, sanki zaman geriyə, Orta Asiya çöllərinə, ozanların ocaq başında dastan dediyi gecələrə qayıtdı. Ansamblın ifası sözsüz musiqi ilə başladı və zala xüsusi ab-hava qatdı. Tamaşaçılar nəfəsini tutmuşdu. Musiqi sözsüz danışırdı – kədərdən, həsrətdən, amma ən çox da qardaşlıqdan.
Proqramın davamında səhnəyə solistlər Nərmin Mirzəyeva, Rauf Cəfərov, Azər Çəlibiyanı və Ramiz Abbasov dəvət olundu. Onların iştirakı gecəyə əlavə rəng qatdı. Səsləndirilən əsərlər arasında “Sənin eşqin məni gətirdi dilə”, “Yandırdı məni qəlbin ilə”, “İntizarım”, “Qal sənə qurban” kimi mahnılar yer aldı. Bu əsərlər Türk və Azərbaycan musiqisinin melodik zənginliyini, duyğusal ifadəsini və iki xalqın ortaq mədəni yaxınlığını bir daha nümayiş etdirdi.
Səhnədə həm ənənəvi muğamın kövrəkliyi, həm müasir aranjemanın gənc nəfəsi bir-birinə qarışmışdı. Sazla başlayan musiqi piano ilə tamamlanırdı. Qanunla köklən səs zərblə bitirdi. Türkü ilə muğam, bozlaqla dəsgah qardaş kimi əl-ələ tutmuşdu.
Tamaşaçılar arasında yaşlı bir kişi gözlərini yumub mırıldanırdı. Yanındakı gənc qız telefonda videosunu çəkirdi, amma gözləri yaşlı idi. Biri keçmişini, o biri gələcəyini dinləyirdi. Amma hər ikisi eyni mahnıda tapışırdı özünü.
Proqramın sonunda səhnəyə çıxan bütün sənətçilər və tədbir iştirakçıları alqışlarla təltif olundu. “Barışın Türküsü: Turandan gələn səda” gecəsi Türk və Azərbaycan musiqisinin birləşdirici gücünü göstərən, mədəni həmrəyliyi ön plana çıxaran bir proqram kimi yadda qaldı. Pərdə bağlananda da zalda səda qaldı. Notlar getdi, amma hiss qaldı. Qardaşlıq səsi qaldı.
Nigar Xəlilli
13:40 13.06.2026
Oxunuş sayı: 106