Qlobal təhlükəsizlik arxitekturası dəyişir: Avropa hərəkətə keçdi
Avropa İttifaqının (Aİ) ortaq ordu ideyası son illərdə qitənin təhlükəsizlik arxitekturası ilə bağlı ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Xüsusilə Rusiya–Ukrayna müharibəsi, ABŞ–Avropa münasibətlərində yaranan yeni yanaşmalar və NATO daxilində məsuliyyət bölgüsü ilə bağlı debatlar fonunda Avropanın öz təhlükəsizlik modelini yenidən nəzərdən keçirməsi barədə fikirlər daha tez-tez səslənir.
Lakin Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bu ideyaya ehtiyatla yanaşaraq bildirib ki, Aİ üzv dövlətlərin artıq öz orduları mövcuddur və onların əksəriyyəti eyni zamanda NATO çərçivəsində təhlükəsizlik təminatına malikdir. Bu isə sual yaradır: Avropanın, həqiqətən, vahid orduya ehtiyacı varmı, yoxsa bu təşəbbüs daha çox geosiyasi müstəqillik və qlobal güc statusu qazanmaq məqsədi daşıyır?
Bəs ortaq Avropa ordusunu yaratmaq istəyənlərin əsas məqsədi nədir və belə bir model gələcəkdə Aİ-nin təhlükəsizlik siyasətini necə dəyişə bilər?

Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlama verib: “Aİ-nin qlobal güc, hətta hegemon güc olması üçün onun özünün müstəqil ordusuna və təhlükəsizliyini müstəqil şəkildə təmin etmək imkanlarına ehtiyacı var. Ancaq bu günə qədər Aİ nə qədər iqtisadi qüdrəti ilə özünü böyük güc kimi təqdim etsə də, bu müəyyən mənada ABŞ-nin təhlükəsizlik çətiri altında mümkün olub. Üstəlik, bu ideya yalnız Kaya Kallasa aid deyil. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron da dəfələrlə Aİ ordusunun yaradılması ilə bağlı fikirlər səsləndirib. Belə təşəbbüslər uzun müddətdir Avropa siyasi gündəmində mövcuddur. Ancaq nəzərə almaq lazımdır ki, Avropa Birliyinə üzv dövlətlərin böyük hissəsi eyni zamanda NATO-nun bərabərhüquqlu üzvləridir. Digər tərəfdən, bu gün NATO daxilində maliyyə yükünün bərabər bölüşdürülməməsi də ciddi problemlərdən biri kimi çıxış edir. ABŞ prezidenti Donald Tramp hələ birinci prezidentlik dövründə bu məsələni gündəmə gətirmişdi və bildirmişdi ki, hər bir NATO üzvü təhlükəsizlik baxımından daha böyük məsuliyyət daşımalı, əvvəlcə ÜDM-in ən azı 2 faizini, sonrakı mərhələdə isə daha yüksək payı müdafiə xərclərinə yönəltməlidir. Yəni dolayısı ilə NATO üzvlərinin hər birinin təhlükəsizlik baxımından daha çox məsuliyyət götürməsi tələb olunurdu”.
Politoloq əlavə edib ki, bu günə qədər Avropa ölkələri müəyyən mənada ABŞ-nin təhlükəsizlik təminatı fonunda iqtisadi rifah və inkişaf mühiti formalaşdırıblar: “Lakin Donald Trampın ikinci prezidentlik dönəmində vəziyyətin fərqli olduğu ortaya çıxıb və Vaşinqton Avropa dövlətlərini əvvəlki kimi qeyd-şərtsiz qorumaq niyyətində olmadığını açıq şəkildə göstərməyə başlayıb. Bu isə Avropa Birliyinin təhlükəsizlik sistemində mövcud boşluqları daha görünən edib. Məhz buna görə də zaman-zaman Rusiya müxtəlif hibrid üsullarla Avropa və NATO məkanının dayanıqlığını test edir. Müxtəlif səviyyələrdə pilotsuz uçuş aparatları, kiber və digər qeyri-ənənəvi təhlükələr Avropa ölkələrinin təhlükəsizlik gündəmində yer alır. Bu da onu göstərir ki, müəyyən boşluqlar mövcuddur. Məhz buna görə də bu gün vahid Avropa ordusunun yaradılması ilə bağlı fikirlər yenidən gündəmə gəlir. Ancaq bu, o qədər də asan həll ediləcək məsələ deyil. Çünki Aİ vahid iqtisadi məkan kimi ABŞ-nin təhlükəsizlik sistemi daxilində böyüyüb, elmi və texnoloji baxımdan güclü mərkəzə çevrilib. Amma hərbi birlik, siyasi birlik və çevik qərar qəbuletmə mexanizmlərində problemlərin qalması Avropa Birliyinin hələ də tam vahid güc mərkəzi kimi formalaşmadığını göstərir. Bunun nəticəsi olaraq, Ukrayna–Rusiya müharibəsi fonunda da Aİ daxilində qərarların ləng qəbul olunması və daxili fikir ayrılıqları özünü göstərdi. Bu da müəyyən mənada proseslərin uzanmasına və Ukraynanın daha ağır nəticələrlə üzləşməsinə səbəb oldu. Çünki Avropa Birliyi daxilində tam siyasi birlik və operativ qərar mexanizmi mövcud deyil. Digər tərəfdən, üzv ölkələr arasında parçalanmalar da zaman-zaman açıq şəkildə özünü göstərir. Bundan əlavə, müxtəlif qlobal güc mərkəzlərinin Aİ ölkələri üzərində təsir imkanları qalmaqdadır. Məsələn, Macarıstan və Slovakiya kimi ölkələrdə Rusiyanın təsiri ilə bağlı tez-tez müzakirələr aparılır. Digər tərəfdən, ABŞ-ın da xüsusilə Şərqi Avropa ölkələri üzərində ciddi təsir imkanları mövcuddur”.
N.Miri qeyd edib ki, problemin qısa müddətdə həlli mümkün görünmür: “Üstəlik, vahid Avropa ordusunun yaradılması NATO ilə paralel təhlükəsizlik strukturunun meydana çıxması deməkdir. Bu halda isə sual yaranır: Avropa ordusu yaradılarsa, NATO daxilində Avropa ölkələrinin rolu necə olacaq? Paralel təhlükəsizlik sistemi formalaşacaqmı? Digər mühüm məsələ isə təchizat və hərbi-sənaye kompleksidir. Belə bir ordunun formalaşması üçün Avropanın sürətli şəkildə hərbi sənaye potensialını genişləndirməsi tələb olunur. Bu mövzu əsasən ona görə gündəmə gətirilir ki, Aİ ABŞ-nin arxasında dayanan dəstəkçi güc kimi deyil, müstəqil geosiyasi və qlobal güc mərkəzi kimi çıxış edə bilsin və ən azından ABŞ-la daha bərabər siyasi mövqedən danışmaq imkanına malik olsun. Ancaq mən bu ehtimalı o qədər də yüksək qiymətləndirmirəm. Ümumiyyətlə, yaxın perspektivdə Aİ-nin ABŞ-ı əvəz edə biləcək qlobal güc mərkəzinə çevriləcəyini düşünmürəm. Çünki Aİ nə qədər iqtisadi və texnoloji baxımdan inkişaf etmiş olsa da, bu sistem hələ tam dayanıqlı siyasi-hərbi model deyil. Eyni zamanda vahid ordunun yaradılması, birgə fəaliyyət mexanizminin qurulması və Aİ-nin vahid dövlət kimi davranması imkanlarını da yaxın perspektivdə tam real hesab etmirəm. Görünür, Kaya Kallas da məhz bu məqamları nəzərə alaraq belə bir ordunun hələlik real və mümkün olmadığını düşünür”.
Ayhan
17:05 09.06.2026
Oxunuş sayı: 60