Ümumdünya Ekologiya Günü: Azərbaycanda vəziyyət necədir? – Ekspert açıqladı
Bu gün – 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis edilən bu gün dünyanın ən geniş ekoloji maarifləndirmə platformalarından biri hesab olunur. Tarixi 1972-ci ildə İsveçin paytaxtı Stokholmda keçirilən İnsan Ətraf Mühiti üzrə Konfransa dayanır. Həmin ilin dekabrında BMT Baş Assambleyası 5 iyunun hər il Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verib. İlk dəfə isə bu gün 1973-cü ildə qeyd olunub. Məqsəd ətraf mühitin qorunmasının vacibliyinə diqqət çəkmək, iqlim dəyişiklikləri, çirklənmə, biomüxtəlifliyin azalması və digər ekoloji problemlərlə bağlı ictimai məlumatlılığı artırmaqdır. Bu gün dünyanın 150-dən çox ölkəsində müxtəlif ekoloji aksiyalar, ağacəkmə kampaniyaları və maarifləndirici tədbirlərlə qeyd olunur. Təsadüfi deyil ki, son illərdə qlobal iqlim dəyişikliklərinin təsirləri daha qabarıq hiss olunduğundan ətraf mühitin qorunması məsələsi beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib.
Bu barədə Crossmedia.az-a danışan ekoloq Elçin Bayramlı Azərbaycanda ümumi ekoloji vəziyyətin bir çox ölkələrlə müqayisədə qənaətbəxş olduğunu qeyd edib:
"Ölkəmizdə təhlükəli ekoloji problemlər demək olar ki, yoxdur. Çünki təhlükəli sənaye sahələri çox azdır. Zəhərli tullantıları olan kimya sənayesi və buna bənzər sahələr geniş yayılmayıb. Müəyyən qədər neft emalı və neft-kimya müəssisələri fəaliyyət göstərsə də, onların miqyası elə də böyük deyil. Bu baxımdan ciddi təhlükədən söhbət getmir. Su mənbələrinin vəziyyəti də ümumilikdə qənaətbəxşdir. Havanın çirklənmə səviyyəsi də yüksək deyil. Yalnız Bakı böyük şəhər olduğundan və nəqliyyatın sıxlığı səbəbindən burada müəyyən problemlər müşahidə oluna bilər".

Ekoloq, əsas problemlərdən birinin torpaq fondu ilə bağlı olduğunu deyib:
"Torpaqlarımızın təxminən 50 %-i şoranlaşmaya məruz qalıb. Bununla əlaqədar meliorasiya və bərpa işlərinin aparılmasına ehtiyac var.
Digər mühüm problem tullantılarla bağlıdır. Məişət tullantılarının, xüsusilə plastik və polietilen tullantılarının ətraf mühitə atılması torpağı və su mənbələrini çirkləndirir. Onların yandırılması isə havanın çirklənməsinə və zəhərlənməsinə səbəb olur. Təəssüf ki, cəmiyyətdə tullantılarla davranış mədəniyyəti hələ də arzuolunan səviyyədə deyil və tullantılar çox vaxt nizamsız şəkildə ətrafa atılır. Bu istiqamətdə müəyyən tədbirlər görülür. Bakıda uzun illərdir məişət tullantılarının emalı zavodu fəaliyyət göstərir. Həmin müəssisə tullantıların toplanması, utilizasiyası və təkrar emalı ilə məşğuldur. Bundan əlavə, yeni emal müəssisələrinin yaradılması istiqamətində də işlərin aparıldığı bildirilir.
Hesab edirəm ki, Sumqayıt, Mingəçevir və Gəncə kimi iri şəhərlərdə də belə müəssisələrin fəaliyyət göstərməsinə ehtiyac var. Ümumiyyətlə, plastik və polietilen məhsulların istifadəsini azaltmaq lazımdır. Çünki ətraf mühitə ən çox zərər vuran amillərdən biri məhz budur. Bu materiallar yüz illərlə təbiətdə qalır, tərkibindəki zərərli maddələr isə ətraf mühiti çirkləndirir".
Müsahibimizin sözlərinə görə, ölkəmizdə yaşıllıq sahələrinin artırılmasına böyük ehtiyac var:
"Təəssüf ki, bəzi hallarda ağacların kəsilməsi və onların yerində müxtəlif obyektlərin, binaların tikilməsi müşahidə olunur. Bu cür halların qarşısı alınmalı, əksinə, mümkün olan bütün ərazilərdə yeni yaşıllıq zolaqları və parklar salınmalıdır. Bu, həm ölkənin ekoloji vəziyyətinin yaxşılaşmasına, həm də insanların həyat keyfiyyətinin yüksəlməsinə xidmət edir. Su mənbələrinin çirklənməsinin qarşısının alınması da vacib məsələlərdəndir. Sənaye müəssisələrinin və yaşayış məntəqələrinin kanalizasiya suları çaylara, göllərə və dənizə axıdılmadan əvvəl mütləq təmizləyici sistemlərdən keçirilməlidir. Bu istiqamətdə işlər görülsə də, sistemlərin daha da təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda, bəzi müəssisələrin atmosferə buraxdığı qazların təsirini azaltmaq üçün müasir filtrasiya sistemləri tətbiq olunmalıdır. Bu, ətraf mühitə dəyən zərərin minimuma endirilməsinə kömək edər. Son illərdə ekoloji məsələlər Azərbaycanda daha da aktuallaşıb. Həm dövlət başçısının bu sahəyə göstərdiyi diqqət, həm də hökumətin həyata keçirdiyi tədbirlər onu göstərir ki, ekologiyanın qorunması istiqamətində ardıcıl addımlar atılır. Bu sahədə müəyyən irəliləyişlər də müşahidə olunur. Xüsusilə yaşıl enerjiyə keçid prosesi ekologiyanın sağlamlaşdırılmasına müsbət təsir göstərir. Tullantıların çeşidlənməsi və idarə olunması sahəsində də vəziyyət əvvəlki dövrlərlə müqayisədə yaxşılaşıb.
Bununla belə, torpaqların şoranlaşmasının qarşısının alınması ən vacib məsələlərdən biri olaraq qalır. Torpaqlarımızın böyük hissəsi artıq əkin üçün yararsız vəziyyətə düşüb və bu sahədə ciddi tədbirlərin görülməsi vacibdir. Bu, həm iqtisadi, həm də ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır.
Əgər bu istiqamətdə işlər davam etdirilərsə və vətəndaşlar da məsələyə məsuliyyətlə yanaşarsa, ağac əkməyə üstünlük verər, plastik tullantıları ətrafa atmaz və onların istifadəsini azaldarsa, ölkəmizin ekoloji vəziyyəti daha da yaxşılaşa bilər.
Müasir dövrün çağırışları göstərir ki, dünya ekologiyası ciddi təzyiqlərlə üz-üzədir. İqlim dəyişiklikləri, intensiv yağışlar, anomal istilər və təbii fəlakətlərin artması qlobal ekoloji sistemdə baş verən pozuntuların nəticəsidir. Bu proseslər Azərbaycana da təsirsiz ötüşmür".
E.Bayramlının qeyd etdiyinə görə, baxmayaraq ki, qlobal çirklənmədə ölkəmizin payı böyük deyil, dünyanın müxtəlif yerlərində baş verən ekoloji dəyişikliklər bizə də təsir göstərir:
"Bu səbəbdən biz öz mikro mühitimizi, təbiətimizi və ekologiyamızı qorumağa çalışmalıyıq. Bunun üçün yalnız dövlətin fəaliyyəti kifayət deyil. Cəmiyyətin, hər bir vətəndaşın məsuliyyətli davranışı da vacibdir.Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və iqlim şəraiti var. Bu üstünlükləri qorumaq və gələcək nəsillərə sağlam şəkildə ötürmək əsas vəzifələrimizdən biridir. Yaşıl iqtisadiyyata və yaşıl enerjiyə keçid, tullantıların utilizasiyası, torpaqların sağlamlaşdırılması, su mənbələrinin qorunması və havanın çirklənməsinin azaldılması qarşıda duran əsas prioritetlərdir.
Ümid edirəm ki, gələcəkdə Azərbaycan ekologiyanın qorunması sahəsində dünyanın nümunəvi ölkələrindən birinə çevrilə biləcək. Bu istiqamətdə həyata keçirilən proqramlar və layihələr uzunmüddətli nəticələr verəcək və ölkəmiz yaxın onilliklərdə ciddi müsbət dəyişikliklərə nail olacaq".
Fatimə Məmmədova
17:30 05.06.2026
Oxunuş sayı: 92