Bakı növbəti dəfə qlobal enerji gündəliyinin mərkəzinə çevrildi
İyunun ilk günü Bakı növbəti dəfə qlobal enerji gündəliyinin mərkəzinə çevrildi. Xəzərin sahilində yerləşən Azərbaycan paytaxtı bu dəfə də təkcə beynəlxalq forumlara ev sahibliyi edən şəhər kimi deyil, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və geosiyasi dialoqun kəsişdiyi mühüm platforma kimi diqqət mərkəzində oldu. 31-ci Bakı Enerji Həftəsi dünyanın 46 ölkəsindən 270-dən çox şirkəti, yüzlərlə ekspert və qərarverici şəxsi bir araya gətirdi. Enerji sektorunun aparıcı nümayəndələrinin, beynəlxalq təşkilatların, diplomatik korpusun və dövlət qurumlarının təmsilçilərinin iştirakı tədbirin qlobal miqyasını və Azərbaycana göstərilən etimadın səviyyəsini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun açılış mərasimində etdiyi çıxış isə enerji siyasətinə dair ənənəvi hesabat xarakterindən daha geniş məna daşıyırdı. Bu çıxış Azərbaycanın son üç onillikdə keçdiyi inkişaf yolunun, formalaşdırdığı enerji strategiyasının və gələcək baxışının siyasi-fəlsəfi təqdimatı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev çıxışında Bakı Enerji Həftəsinin tarixindən bəhs edərkən tədbirin keçdiyi inkişaf mərhələlərinə xüsusi diqqət ayırdı. 1994-cü ildə fəaliyyətə başlayan Xəzər Neft və Qaz Sərgisi həmin dövrdə yeni müstəqillik qazanmış Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının mühüm vasitələrindən biri idi. O dövrdə siyasi və iqtisadi çətinliklərlə üzləşən Azərbaycan enerji sahəsini inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Məhz həmin strategiya sonrakı illərdə ölkəyə milyardlarla dollar həcmində investisiyanın cəlb olunmasına, müasir infrastrukturun qurulmasına və iqtisadi müstəqilliyin möhkəmlənməsinə imkan yaratdı. Bu gün Bakı Enerji Həftəsi artıq neft və qaz sektorunun sərhədlərini aşaraq enerji keçidi, yaşıl texnologiyalar, rəqəmsal transformasiya və enerji təhlükəsizliyi kimi qlobal məsələlərin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Azərbaycanın enerji tarixində dönüş nöqtəsi hesab olunan 1994-cü il "Əsrin müqaviləsi" Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutdu. Həmin müqavilə ölkənin enerji sektoruna xarici sərmayələrin cəlb edilməsinin əsasını qoymaqla yanaşı, Azərbaycanın beynəlxalq tərəfdaşlıq modelini də formalaşdırdı. Sonrakı illərdə həyata keçirilən layihələr nəticəsində ölkə regional enerji mərkəzinə çevrildi. Dövlət Neft Fondunun yaradılması enerji gəlirlərinin səmərəli idarə edilməsinə şərait yaratdı, əldə olunan vəsaitlər isə infrastrukturun yenilənməsinə, sosial layihələrin maliyyələşdirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldildi. Bu gün Azərbaycan enerji resurslarını iqtisadi üstünlüyə çevirməyi bacaran nadir ölkələrdən biri kimi beynəlxalq müstəvidə nümunə göstərilir.Forumun keçirildiyi günün "Şahdəniz" qaz yatağı üzrə müqavilənin imzalanmasının 30 illiyi ilə üst-üstə düşməsi xüsusi rəmzi məna daşıyırdı. Dünyanın ən böyük qaz yataqlarından biri hesab olunan "Şahdəniz" layihəsi Azərbaycanın enerji xəritəsində yeni mərhələnin başlanğıcı oldu. Bir vaxtlar təbii qaz idxal edən ölkə bu gün qaz ixrac edən və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, cari ildə Azərbaycanın qaz ixracının 24 milyard kubmetrdən artıq olacağı gözlənilir. Bu göstərici ölkənin enerji sektorunda əldə etdiyi uğurların miqyasını aydın şəkildə nümayiş etdirir. Azərbaycanın enerji diplomatiyasının ən mühüm nailiyyətlərindən biri Cənub Qaz Dəhlizidir. Bu layihə artıq təkcə iqtisadi təşəbbüs deyil, Avrasiyanın enerji təhlükəsizliyinin vacib elementlərindən biri hesab olunur. İndiyədək dəhliz vasitəsilə yüz milyardlarla kubmetr qaz beynəlxalq bazarlara nəql edilib. Avropanın enerji şaxələndirilməsi siyasətində Azərbaycanın rolu hər il daha da artır. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, bu gün Cənub Qaz Dəhlizi olmadan Avropanın enerji mənzərəsini təsəvvür etmək çətindir. Bu fikir Azərbaycanın qitənin enerji təhlükəsizliyində tutduğu strateji mövqenin ifadəsidir. Bakı Enerji Həftəsi çərçivəsində imzalanan sənədlər forumun praktik nəticələrini ortaya qoydu. Enerji, investisiya, texnologiya və sənaye sahələrini əhatə edən sazişlərin ümumi maliyyə dəyərinin milyardlarla dollar olması Azərbaycanın investisiya cəlbediciliyinin yüksək səviyyədə qaldığını göstərir. ABŞ şirkətləri ilə imzalanmış sənədlər, kritik minerallar üzrə əməkdaşlıq təşəbbüsləri, SOCAR-ın beynəlxalq maliyyə institutları ilə əlaqələrinin genişləndirilməsi Azərbaycanın enerji siyasətinin yeni istiqamətlərini müəyyənləşdirir. Beynəlxalq reytinq agentliklərinin ölkəyə verdiyi müsbət qiymətlər də iqtisadi sabitliyin və etibarlı biznes mühitinin göstəricisi kimi çıxış edir. Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də bərpaolunan enerji sektorunun inkişafı idi. Azərbaycan ənənəvi enerji resursları ilə zəngin ölkə olsa da, gələcəyin enerji balansının müxtəlif mənbələr üzərində qurulmasının vacibliyini diqqətə çatdırır. Bu yanaşma enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyət arasında balansın qorunmasına xidmət edir. Xəzər dənizinin külək potensialı, günəş enerjisi layihələri və Qarabağ ilə Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi Azərbaycanın enerji keçidində fəal iştirak etdiyini göstərir. Bu siyasət ölkənin COP29-a ev sahibliyi etmiş dövlət kimi beynəlxalq iqlim gündəliyinə verdiyi töhfələrin məntiqi davamı kimi də qiymətləndirilə bilər. Forum zamanı müxtəlif dövlət rəhbərlərinin ünvanladıqları təbrik məktubları tədbirin beynəlxalq nüfuzunun göstəricilərindən biri oldu. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin müraciətləri Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu əks etdirən mühüm siyasi mesajlar kimi dəyərləndirilə bilər. Bu fakt bir daha göstərir ki, Azərbaycan artıq regional enerji layihələrinin iştirakçısı deyil, qlobal enerji təhlükəsizliyinə töhfə verən strateji tərəfdaş statusuna yüksəlib. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışı Azərbaycanın enerji siyasətinin keçmiş uğurlarını xatırlatmaqla kifayətlənməyərək gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirdi. Çıxışın əsas ideyası ondan ibarət idi ki, enerji resursları məqsəd deyil, dövlətin iqtisadi qüdrətini, siyasi müstəqilliyini və beynəlxalq nüfuzunu gücləndirən strateji vasitədir. Bu gün Azərbaycan enerji təhlükəsizliyi, yaşıl enerji keçidi, beynəlxalq tərəfdaşlıq və regional əməkdaşlıq istiqamətlərində formalaşdırdığı model ilə qlobal enerji gündəliyinin vacib iştirakçılarından biri kimi çıxış edir. Bakı Enerji Həftəsi isə bu siyasətin dünyaya təqdim olunduğu ən mühüm platformalardan biri olaraq öz əhəmiyyətini daha da artırır.

Fərid Mustafayev
YAP Yasamal rayon təşkilatının fəalı
20:02 04.06.2026
Oxunuş sayı: 53