Yeniyetmələrin gələcəyində tərbiyə də təhsil qədər mühüm rol oynayır
Elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda Bakıda keçirilən konfransda deyib ki, cəmiyyətdə uşaqların imtahan nəticəsi qədər onların tərbiyəsi və psixoloji-emosional inkişaf məsələləri də diqqət mərkəzində olmalıdır.
Onun sözlərinə görə, ictimai şəxslər və dövlət məmurları uşaqların təhsilini və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün əllərindən gələni etməlidirlər:
"Qarşılıqlı əməkdaşlığa əsaslanan iş modelinin qurulması son dərəcə vacibdir. Təəssüf ki, bəzən müzakirələr uşaqlar üçün deyil, sadəcə uşaqlar ətrafında aparılır. Halbuki əsas məqsəd uşağın real ehtiyaclarını anlamaq və ona uyğun həll yolları tapmaq olmalıdır".
Nazir qeyd edib ki, uşaqların tərbiyəsi xüsusi həssaslıq tələb edən mühüm məsələdir:
"Tərbiyə məsələləri mürəkkəbdir və tərbiyəliliyi ölçmək hər zaman asan olmur. Buna baxmayaraq, məktəblərdə tərbiyə məsələlərinin ön plana çəkilməsi olduqca vacibdir. Dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması cəmiyyət üçün daha sağlam, məsuliyyətli və düşüncəli fərdlərin yetişməsinə zəmin yarada bilər".
E.Əmrullayevin fikrincə, təhsilli anaların sayının artması həm də təhsilli uşaqların sayının artması deməkdir:
"Evdə olan kitabların sayı, valideynlərin kitab oxumağa münasibəti, uşağın tədris prosesi ilə maraqlanması, mövud problemləri müzakirə etməsi valideynin öhdəliyindədir. Belə sadə əməllərin icrası uşağın inkişafına və təlim-tərbiyəsinə təsir edən vacib prosesdir".

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova nazirin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a bildirib ki,Əl Xarəzmi ondan insanın tərbiyəsi haqqında soruşanlara belə cavab verir: "Əgər insanın əxlaqı varsa, bu, bir rəqəmi deməkdir; əgər insan həm də gözəldirsə, bu 1-in yanına sıfır da artır = 10; əgər insanın həm də pulu varsa, bura daha bir sıfır artır = 100; əgər insan həm də əsil-nəcabətlidirsə, daha bir sıfır artır = 1000. Amma alınan rəqəmdən 1, yəni əxlaq getsə, insanın qiyməti yerdə qalan sıfırlara bərabər olacaq. Tərbiyə amili bu mənada ən vacib amildir və şəxsin gələcəkdə özünü təsdiq etməsində, onun məsuliyyət və nizam-intizam qaydalarına riayətində, xarakterini və kimliyini müəyyənləşdirən başlıca şərtdir".

Təhsil eksperti Elçin Süleymanov bildirib ki, tərbiyə təhsil qədər əhəmiyyət daşıyır və bu iki istiqamət paralel şəkildə aparılmalıdır.
“Cənab nazir düzgün vurğulayıb, tərbiyə ən az təhsil qədər əhəmiyyətlidir. Çünki ən keyfiyyətli təhsil alsa belə, əgər bir insanda xarakter, dürüstlük, tərbiyə olmazsa, o, iş dünyasında heç bir zaman müvəffəq ola bilməz.Eyni zamanda, dövlət qurumlarında çalışarkən loyallıq, sədaqət, dövlətçilik ənənələrinə sadiqlik, ailə intizamı və s. kimi məziyyətlər bir dövlət məmuru üçün vacib şərtlərdir və bu, uşağın tərbiyəsinin onun gələcək karyerasına və həyatına ciddi təsir göstərdiyini göstərir.Çünki savad, bilik, müxtəlif kommunikasiya bacarıqları sonradan qazanıla bilər. Amma xarakterin formalaşması çox çətindir və uşağın xarakteri ilk doğulduğu andan ailədə formalaşır”.
Elçin Süleymanov bildirib ki, bu proses yalnız ailə ilə məhdudlaşmır, məktəb və sosial mühit də burada mühüm rol oynayır:
“Qismən məktəbdə, onun çevrəsində, dost çevrəsində formalaşır və burada oturduğu çevrə, oxuduğu sinif, oyun oynadığı və ya məşqə getdiyi sahələrdəki çevrə o uşağın ətrafını və xarakterini formalaşdırır.Burada təbii ki, şagird günün əhəmiyyətli bir hissəsini məktəbdə keçirir, amma məktəbdən kənarda, eyni zamanda evdə internet vasitəsilə dünyaya açılmış bir hissəsi var və valideynlər burada övladlarını nəzarətdə saxlamalıdır.Onlarla dost olmalı, problemlərini, sıxıntılarını dinləməyə çalışmalıdır”.
Ekspert, həmçinin qeyd edib ki, müasir dövrdə uşaqlar müxtəlif informasiya və oyunlar vasitəsilə fərqli təsirlərə məruz qalır və bu, onların psixologiyasına təsir edə bilər:
“Günümüzün smart nəsli, gəncləri, uşaqları müxtəlif cərəyanlarla qarşılaşır. Müxtəlif oyunlar var ki, bu oyunlar vasitəsilə diqqət dağınıqlığı, səbirsizlik, əsəb və içinəqapanma kimi hallar formalaşa bilər.Burada məktəb tərbiyənin bir hissəsini üzərinə götürməlidir. Sinif rəhbərləri və müəllimlər dərslərində milli-mənəvi dəyərlərə dair yanaşma sərgiləməlidirlər. Şagirdlərin sosial və mənəvi inkişafı üçün müxtəlif sosial fəaliyyətlər də təşkil olunmalıdır. Məktəb uşaqları təbiətə, uşaq evlərinə və yaşlıların yaşadığı yerlərə ekskursiyalara aparmalıdır ki, insanlıq və yardımsevərlik duyğusu inkişaf etsin.Valideyn toplantılarında uşaqlardakı hər hansı simptom və zərərli vərdişlər mütləq valideynə çatdırılmalıdır. Yeniyetməlik dövrü xüsusilə riskli mərhələdir və bu zaman nəzarət daha da gücləndirilməlidir. Çünki o dövrdə, xüsusilə yeniyetməlik dövründə çılğınlıq olur və bu meyillərə yönəlmə riski artır. Valideynlər daha diqqətli olmalı, övladlarını dinləməlidir. Məktəbdə psixoloqlara iş düşür və bu, dediyim kimi, intizam və tərbiyə eyni zamanda gələcəkdə yaxşı bir karyeraya da vəsilə olur”.

Psixoloq Aysu Həsənova açıqlamasında bildirib ki, təhsil yalnız akademik göstəricilərdən ibarət deyil:
“Məncə, təhsil naziri Emin Əmrullayev çox vacib bir məqama toxunub. Çünki bir uşağın gələcəyini formalaşdıran təkcə imtahan nəticələri deyil, onun şəxsiyyəti, davranışları, empati qurma bacarığı, özünü ifadə etmə tərzi və mənəvi dəyərləridir.Bəzən çox yüksək nəticə göstərən uşaqlar görürük, amma emosiyalarını idarə etməkdə, insanlarla sağlam münasibət qurmaqda və ya çətinliklərlə mübarizədə çətinlik yaşayırlar. Bunun əsas səbəbi akademik bilik qədər emosional və sosial inkişaf üzərində dayanılmamasıdır.Halbuki həyat yalnız testlərdən ibarət deyil. İnsan gələcəkdə bir kollektivdə çalışacaq, ailə quracaq, övlad böyüdəcək, cəmiyyətin bir parçası olacaq. Bütün bunların təməlində isə tərbiyə dayanır".
Onun fikrincə, düzgün tərbiyə uşağın daxili dünyasını formalaşdırır:
“Tərbiyə uşağa sadəcə ‘necə davranmalı olduğunu’ öyrətmir. O, uşağın vicdanını, məsuliyyət hissini, özünə və başqalarına hörmətini formalaşdırır. Kiçik yaşlardan sevgi, anlayış və doğru yönləndirmə ilə böyüyən uşaqlar gələcəkdə daha sağlam şəxsiyyətə sahib olurlar.Psixoloji baxımdan da uşağın gördüyü münasibət onun gələcək həyat modelinə çevrilir. Daim alçaldılan, yalnız nəticəyə görə qiymətləndirilən uşaqlar zamanla özlərini ‘yetərsiz’ hiss edə bilirlər. Amma dəstəklənən, fikrinə dəyər verilən uşaqlarda özünəinam daha sağlam formalaşır.Əsl uğur yalnız yüksək bal toplamaq deyil. Əsl uğur həm savadlı, həm mərhəmətli, həm də insanlığı qoruyan bir fərd yetişdirməkdir. Çünki yaxşı tərbiyə almış insan getdiyi hər yerdə həm öz həyatına, həm də cəmiyyətə müsbət təsir göstərir".
Psixoloqun sözlərinə görə, təhsil anlayışı daha geniş şəkildə dərk edilməlidir:
“Yəni qısaca desək, təhsil yalnız yüksək qiymətlərdən ibarət deyil”.

Sosioloq Əhməd Rəhmanov isə bildirib ki, Azərbaycanda tərbiyə məsələsi son 30 ildə ciddi problemlərlə üzləşib.
Onun sözlərinə görə, əsas problem uşaqların onlara deyilənlərlə real həyatda gördükləri davranışlar arasındakı ziddiyyətdir:
“Biz uşağa tərbiyə verəndə o, dediklərimizlə etdiklərimizi müqayisə edir. Bir tərəfdən deyirik ki, oğurluq etmək, rüşvət vermək, insanları aldatmaq olmaz. Digər tərəfdən isə uşaq görür ki, gündəlik həyatda bunun tam əksi baş verir. Çox təəssüf ki, bəzən həyatın özü insanları buna məcbur edir.Əgər biz özümüzü tərbiyə etməsək, övladımıza verdiyimiz tərbiyə əks təsir göstərə bilər. Uşaq deyilən sözə yox, gördüyü nümunəyə inanır”.
Ə.Rəhmanov qeyd edib ki, bu gün tərbiyə yükünü yalnız valideynlərin üzərinə qoymaq da doğru yanaşma deyil. Onun fikrincə, sosial-iqtisadi reallıqlar valideynlərin uşaqlarla kifayət qədər vaxt keçirməsinə mane olur:
“Bu gün bir çox valideyn ailəsini dolandırmaq üçün gün ərzində 10 saata yaxın, hətta həftənin 6-7 günü işləməyə məcbur qalır. Belə olan halda övladına necə yetərincə vaxt ayırıb onu tərbiyə etsinİstəsək də, istəməsək də, uşaq yaşadığı mühitdən təsirlənir. Cəmiyyətimizi isə biz özümüz formalaşdırırıq. Bir tərəfdən dürüstlükdən danışırıq, digər tərəfdən isə əməllərimiz bunun əksini göstərir”.
Mehriban Yariyeva
19:20 09.05.2026
Oxunuş sayı: 59