Fəxrəddin Atayev: Dirijorun fərdiliyi onun təfsirində üzə çıxır – MÜSAHİBƏ
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru, Əməkdar incəsənət xadimi, bəstəkar və pedaqoq Fəxrəddin Atayev uzun illərdir həm akademik səhnədə, həm teatr mühitində, həm də elmi fəaliyyətdə Azərbaycan musiqisinin inkişafına töhfə verən sənət adamlarındandır. Onun fəaliyyəti yalnız orkestr idarəçiliyi ilə məhdudlaşmır. O, eyni zamanda vətənpərvərlik ruhlu əsərlərin müəllifi, folklor tədqiqatçısı və müxtəlif musiqi janrlarını bir araya gətirən yaradıcı simadır. Dirijorluq sənətinin görünməyən tərəflərindən, bəstəkarlıq fəaliyyətindən, teatr təcrübəsindən və yeni nəşr olunan monoqrafiyasından danışan sənətkarla söhbətimizi təqdim edirik.

- Dirijorluq sənətinə gəlişiniz necə başladı?
- Mən Musiqi Akademiyasında təhsil aldığım illərdə artıq ikinci kursdan paralel şəkildə professor Yusif Axundzadənin sinfində hərbi dirijorluq üzrə də hazırlıq keçirdim. Əslində bu, mənim gələcək fəaliyyətimin əsas istiqamətini müəyyənləşdirdi. Daha sonra magistratura pilləsində xalq artisti, professor Yalçın Adıgözəlovun sinfində opera-simfonik dirijorluq üzrə təhsil aldım. Beləliklə, Musiqi Akademiyasını həm nəfəs alətləri orkestrinin dirijoru, həm də simfonik orkestr dirijoru kimi bitirdim. Dirijorluq fəaliyyətimə tələbəlik illərindən başlamışdım. Müxtəlif hərbi orkestrlərlə çalışırdım. Simfonik orkestrdə ilk ciddi çıxışım isə 1999-cu ildə Opera və Balet Teatrında “Aşıq Qərib” operası ilə oldu. Paralel olaraq Dövlət Rəqs Ansamblında fəaliyyət göstərirdim. Həmin dövrdə Azərbaycanın muğam operalarının tam heyətlə İstanbulda təqdim olunması mənim üçün çox əlamətdar hadisə idi. “Leyli və Məcnun” və “Aşıq Qərib” operalarının həmin çıxışlarına dirijorluq etmək böyük məsuliyyət idi.
- İlk dəfə böyük səhnədə orkestr idarə etdiyiniz anı necə xatırlayırsınız?
- Səhnəyə ilk çıxışlar insanın yaddaşında xüsusi qalır. Çünki orada artıq təkcə texniki hazırlıq deyil, psixoloji məsuliyyət də başlayır. Orkestri idarə etmək sadəcə tempi göstərmək deyil. Sən eyni anda onlarla musiqiçinin emosiyasını, nəfəsini və enerjisini bir istiqamətə yönəldirsən. İlk böyük çıxışlarım mənə bu sənətin nə qədər ciddi məsuliyyət tələb etdiyini göstərdi.
- Sizin bəstəkarlıq fəaliyyətinizdə vətənpərvərlik xətti xüsusi yer tutur. Bu istiqamətə yönəlməyinizin şəxsi səbəbləri varmı?
- Bəli, əlbəttə. Mənim bəstəkarlığa yönəlməyim müəyyən mənada daxili ehtiyacdan yarandı. Təhsil aldığımız illər Azərbaycan torpaqlarının işğal altında olduğu dövrə təsadüf edirdi. Birinci Qarabağ müharibəsində böyük qardaşım şəhid olmuşdu. O tankçı idi. Bu ağrı insanın daxilində başqa bir məsuliyyət yaradır. Mən də tələbə olaraq düşündüm ki, öz sahəmdə Vətənə xidmət etməliyəm. İlk əsərlərim də məhz bu səbəbdən hərbi marşlar oldu – “Tankçılar marşı”, “Topçular marşı”, “Bayrakdar (Sərhədçilər) marşı”. Daha sonra “Vətən oğlu” əsərini yazdım. Bu əsərlər uzun illərdir Azərbaycan Ordusunun repertuarında yer alır.
- İlk əsərinizin müsabiqədə mükafat qazanması sizdə hansı hissləri yaratdı?
- İlk marşım Azərbaycan Televiziyasının keçirdiyi müsabiqədə üçüncü yerə layiq görüldü. Mən o zaman tələbə idim və həmin müsabiqədə çox görkəmli bəstəkarlarla bir sırada olmaq mənə böyük motivasiya verdi. Açığı, bu uğur məni daha da ruhlandırdı. Çünki ilk addımın uğurlu olması sənət adamı üçün çox önəmlidir.

- Bəstəkar Fəxrəddin Atayevlə dirijor Fəxrəddin Atayev arasında bəzən yaradıcı “dialoq” yaranırmı? Öz əsərlərinizi idarə edərkən özünüzə daha tələbkar yanaşırsınız?
- Maraqlı sualdır. Açığı, mən heç vaxt özümü sırf bəstəkar kimi görməmişəm. Bəstəkarlıq mənim üçün daha çox zərurətdən yaranan bir fəaliyyət olub. Amma orkestr həlli, aranjeman və çoxsəsli işləmələr mənim peşəkar fəaliyyətimin əsas hissəsidir. Mən uzun müddət Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblında xormeyster kimi çalışmışam. Həmin dövrdə 45-ə yaxın xalq və bəstəkar mahnısını xor üçün işləmişdim. Akademik Musiqili Teatrında da bir çox tamaşaların musiqi materialını simfonik orkestr üçün yenidən işləməli olmuşam. Bu baxımdan dirijorla bəstəkar bir-birini tamamlayır.
- Akademik Musiqili Teatrında fəaliyyətiniz dövründə çox fərqli janrlara müraciət etmisiniz. Sizi ən çox hansı janrlar cəlb edib?
- Teatr canlı sənətdir və orada janr sərhədi demək olar ki, yoxdur. Elə tamaşalar olub ki, orada həm klassik musiqi, həm estrada, həm də meyxana elementləri bir araya gəlib. Məsələn, “999-cu gecə” tamaşasında simfonik orkestrin müşayiəti ilə meyxana hissələri işlənmişdi. Bu, maraqlı təcrübə idi. Eyni zamanda “Notre Dame de Paris” rok operasının bütün orkestr həllini simfonik orkestr üçün hazırlamışdım. Dünyada əsasən rok qrupunun ifasında səslənən əsəri simfonik orkestr formatında təqdim etmək kifayət qədər mürəkkəb proses idi.
- Azərbaycan milli nəfəs alətləri ilə orkestr yaratmaq ideyası necə yarandı?
- Milli Konservatoriyada çalışdığım dövrdə düşündüm ki, Azərbaycan milli nəfəs alətləri əsasında Avropa tipli orkestr modeli yaratmaq olar. Müəllimlər və tələbələrlə birlikdə belə bir kollektiv formalaşdırdıq. Çox maraqlı eksperiment idi. Çünki bu vaxta qədər milli nəfəs alətlərinin klassik orkestr prinsipi ilə təqdimatı demək olar yox idi. Hazırladığımız repertuar da kifayət qədər uğurlu alındı.
- Tamaşaçı səhnədə yalnız nəticəni görür. Bəs dirijorluq sənətinin ən çətin və görünməyən tərəfi sizcə nədir?
- Ən çətin tərəf məşq prosesidir. Əgər dirijor məşqə ciddi yanaşırsa, konsert artıq problem yaratmır. Çünki bütün çətinliklər əvvəlcədən həll olunur. Dirijor yalnız musiqini idarə etmir. O, musiqiçilərin emosiyasını, daxili enerjisini və düşüncəsini bir nöqtədə birləşdirir. Buna görə də bu sənətdə hazırlıq prosesi çox vacibdir.
- Dirijorluqda “təfsir” anlayışı xüsusi vurğulanır. Sizcə bir dirijorun fərdiliyini məhz nə müəyyən edir?
- Dirijorluğun ən mürəkkəb tərəfi məhz təfsirdir. Bəstəkar əsəri yazır və partitura artıq mövcud olur. Amma həmin əsərə müxtəlif dirijorlar fərqli yanaşır. Motzartı, Betxoveni və ya Çaykovskini hər dirijor başqa cür təqdim edir. Dirijorun özünəməxsusluğu da məhz burada üzə çıxır. Eyni jesti, eyni emosiyanı təkrar etmək mümkün deyil. Çünki musiqi canlı prosesdir. Hər məşqdə, hər konsertdə enerji dəyişir.
- Uzun illərin səhnə həyatında yaddaşınızda xüsusi qalan maraqlı hadisə olubmu?
- Belə hadisələr çox olur. Bir dəfə Opera Teatrında tamaşa zamanı pərdə açıldı, amma səhnəyə çıxmalı olan obraz ortada yox idi. Mən də düşünürdüm ki, tamaşanı saxlayım, yoxsa davam etdirim. Bir neçə saniyə sonra həmin ifaçı qaça-qaça səhnəyə gəldi və musiqini davam etdirdi. Tamaşaçı isə ümumiyyətlə heç nə hiss etmədi. Səhnənin görünməyən tərəflərində belə gözlənilməz məqamlar çox yaşanır.
- “Göyçə Aşıq mühitinin ifaçılıq xüsusiyyətləri” monoqrafiyası üzərində işləmək ideyası necə yarandı?
- Musiqi xalqın yaddaşıdır. Qərbi Azərbaycan mövzusu da təkcə coğrafiya deyil, həm də mədəni yaddaşdır. Aşıq mühitləri, ifaçılıq ənənələri, folklor nümunələri bizim milli kimliyimizin bir hissəsidir. Bunların qorunması və elmi şəkildə araşdırılması çox vacibdir. Uzun illər Folklor İnstitutunda çalışdığım dövrdə Azərbaycan aşıq mühitləri ilə bağlı araşdırmalar aparırdım. Göyçə məktəbi isə xüsusi maraq doğururdu. Bu istiqamətdə topladığım materiallar sonradan monoqrafiya şəklində formalaşdı. Bu yaxınlarda Azərbaycan Dillər Universitetində kitabın təqdimatı keçirildi. Çox sevindirici hal idi ki, Qərbi Azərbaycan Mərkəzinin ilk təqdimat tədbirlərindən biri məhz bu kitabla bağlı oldu.

- Uzun illərdir həm səhnədə, həm pedaqoji, həm də elmi fəaliyyətdə varsınız. Bu gün geriyə baxanda musiqinin həyatınızdakı əsas mənasını necə ifadə edərdiniz?
- Musiqi mənim üçün sadəcə sənət deyil. O, həm düşüncə formasıdır, həm də insanın daxili dünyasını ifadə etmə üsuludur. Dirijor isə yalnız orkestri idarə etmir. O, insan ruhunu, emosiyanı və enerjini bir istiqamətə yönəldir. Məncə, bu sənətin ən böyük möcüzəsi də məhz budur.
18:30 09.05.2026
Oxunuş sayı: 67