Yəhudilərin böyük köçü
Miladdan 8 yüz il əvvəl iki İsrail dövlətinin olduğu hesab edilir. Yerusəlim paytaxt olmaqla İudey dövləti və şimalda İsrail krallığı. Miladdan öncə 720-ci illərdə Assuriya şimali İsraili işğal edir və İsrail oğullarının sürgünü başlanır.
Miladdan öncə 586-cı ildə, bu dəfə də Babillilər Yerusəlimi işğal edir və yəhudiləri əsir olaraq aparırlar. Babilistanı işğal edən Böyük Kuruş (Kir) yəhudiləri azad edir və onların İsrailə qayıtmasına icazə verir. Lakin bütün yəhudilər ölkələrinə qayıtmırlar.
Bu dövrlərdə ilk yəhudi diasporu yaranır ki, onlara da “Mizraxim” deməyə başlayırlar. Bu mizraximlər şərqə doğru müxtəlif dövrlərdə mühacirətlər edərək yeni diasporlar yaratmağa başlayırlar ki, Gürcüstan yəhudiləri, İran yəhudiləri, Buxara yəhudiləri belə yaranır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan yəhudilərinin böyük əksəriyyəti dağ yəhudisi hesab edilirlər və qədim Xəzər tayfalarına məxsus olduqlarını da bilirlər.
Müasir eranın 70-ci illərində Fələstində romalılara qarşı üç böyük qiyam qaldırmış yəhudilər üçün bu faciə ilə nəticələndi və onları yenə də sürgün etdilər. Avropa yəhudilərinin meydana gəlməsi, Sifard və Aşkinaz qruplarının yaranması da bu dövrə aid edilir. Bu barədə İosif Flavinin kitablarında geniş məlumat verilir. Bu şəxsiyyətin də həyatı və yazmış olduğu əsərlər yəhudi tarixinin öyrənilməsində əhəmiyyətli rol oynamışdır.
IV yüzilliyin əvvəllərində Roma xristianlığı dövlət dini olaraq qəbul etdi. İlk qəbul edilmiş qanunlar yəhudilərin hüquqlarını məhdudlaşdırmağa yönəldilir. İmperator Konstantin tərəfindən verilmiş 315-ci il fərmanına əsasən yəhudilər xristian olan qulların sahibi ola bilməzdilər. 329-cu ildə yəhudilərin dövlət vəzifələrini daşımağı qadağan edirdi. 338-cı il fərmanına görə yəhudilərlə xristianların ailə qurması qadağan edilir. 388-cı ildə imperator Feodosi tərəfindən sinaqoqların tikilməsinə qadağan qoyulur. Sonrakı illərdə faizə pul vermək, nuzulçuluq xristian kilsəsi tərəfindən də qadağan edildi. Bu qərar İncildə olan “Lukanın ivangeliyasında” yazılmış “borc verin lakin heç bir təmənna gözləməyin”sözlərinə əsaslanırdı.
1082-ci ildə Şpeyer yepiskopu yəhudilərə sinaqoqlar açmaq, ticarət etmək və mülkiyyət sahibi olmaq hüququ verdi . 1096-cı ildə, birinci xaç yürüşü başlayan zaman Yerusəlimi azad etməyə gedən səlibçilər yol üstündə Şpeyer şəhərinə daxil olurlar və iki gündə 800 yəhudini öldürür və qarət edirlər. Almaniyanın Maynts şəhərində də buna oxşar hadisələr baş verir və 1200 yəhudi öldürülür, qarət edilir. Baş verənlərə baxmayaraq 10 ildən sonra bu şəhərlərdə yəhudi icması özünü yenidən bərpa edir.
XI əsrdə yəhudilər İngiltərədə də məskunlaşırlar və XII əsrdə artıq yəhudi icması 5 min nəfər təşkil edir. 1199-cu ildə Londonda böyük yəhudi qırğınları baş verir. İngiltərədə xristianlığın məcburi qəbul edilməsi əleyhinə yəhudi ravinləri kütləvi özünə qəst, intihar mərasimləri də təşkil etdilər.
1290-cu ildə Kral I Eduard yəhudilərin bütünlüklə İngiltərədən köçürülməsi ilə əlaqədar göstəriş verir. Az bir müddət ərzində yəhudilər gəmilərlə Fransaya və Almaniyaya köçürlər.
1347-ci ildə Avropaya vəba xəstəliyi yayılır və beş il müddətində xəstəlik əhalinin yarısını məhv edir. Yəhudilərin su quyularını zəhərləməsi nəticəsində xəstəliyin yayılması xəbəri kilsə tərəfindən də dəstəklənir. Bu səbəbdən bir neçə yəhudi həbs olunaraq edam edilir. 1349-cu ildə Strazburq şəhərində 900 yəhudi tonqalda yandırıldı. Maynts şəhərində 6 min yəhudi öldürülür. Bazel şəhərində bütün yəhudiləri bir evin içinə toplayıb yandırırlar. 1348-1350 -ci illər arası qırğınları zamanı 100 mindən artıq yəhudi öldürüldüyü haqqında məlumat verilir.
1366-ci ildə Fransa kralı V Karl yəhudilərin krallıqdan qovulması ilə əlaqədar əmr imzalayır və buna rəsmi səbəb olaraq xristianların müdafiəsi olaraq göstərilir. İyirmi ildən sonra, müəyyən məbləğ müqabilində yəhudilərin geri qayıtmasına icazə verilir. Otuz ildən sonra yenə də onları ölkədən qovurlar. Yəhudi tarixçiləri baş verən hadisələri yəhudi xalqının sərvətinin qarət edilməsi məqsədi daşıdığını iddia edirlər. Belə hesab edilir ki, qovulma, mülkiyyətin müsadirə olunması, yenidən dəvət olunma və təkrar qovulma hadisələri iki yüz il sistemli olaraq davam etdi.
1492-ci ildə İspaniya kralı Ferdinant Araqonski yəhudilərin 4 ay müddətində İspaniyadan köçürülməsi ilə əlaqədar əmr verir və bunu xristianlığın müdafiəsi olaraq elan edir. Belə hesab edilir ki, bu zaman İspaniyada 100 mindən artıq yəhudi yaşayırdı. Osmanlı imperatorunun yəhudiləri qəbul etməsi çox sayda ölüm və qətllərin qarşısını aldı.
1516-cı ildə Venesiyada ilk yəhudi “gettaları” yaradılmağa başlanılır. Bu ənənə sonrakı illərdə avropanın müxtəlif ölkələrində də tətbiq edilir. Vatikan da müxtəlif dövrlərdə yəhudilərin hərəkət və davranışlarının məhdudlaşdırılması sahəsində qanunlar qəbul edir ki, bu qanunların icrası böyük gərginliklərlə müşahidə edilir.
1536-cı ildə Portuqaliyada “Maranları”(xristianlığı qəbul etmiş yəhudiləri) cəzalandırmaq üçün inkvizisiya məhkəməsi təşkil edilir. 1540-cı ildə Lissabonda 30 yəhudi tonqalda yandırılır. Bu hadisələr İspaniyada da baş verirdi. Məsələn, şənbə günü təmiz paltar geyinmək, donuz əti yeməmək, ölüləri yuduzdurub basdırmaq və s. hadisələrə şahidlik edənlər olurdusa o şəxs tonqalda yandırılırdı.
1550-ci ildə Praqada böyük yəhudi icması yaşayırdı. Onların ölkədən köçürülməməsi ilə əlaqədar hər dəfə qərar alındıqda böyük məbləğdə vəsait tələb olunurdu. Lakin Krak Ferdinant 1557-ci ildə yəhudilərin köçürülməsi haqqında sərəncam verir. Bu zaman da 200 min “qulden” məbləği müqabilində köçürülmə 10 il müddətinə uzadılır.
XVI əsrdə Frankfurtda 5 min yəhudi icması var idi. İldə beş min qulden vergi verən yəhudilər vətəndaş hüquqlarına malik deyildilər və onlar torpaq mülkiyyətçiləri ola bilməzdilər.
1791-ci ildə Fransa milli İnqilab şurası bütün yəhudilərə vətəndaş bərabərliyi hüququ verir və bu da Avropada yəhudilərin ilk dəfə bərabər hüquqlu vətəndaş olmasının başlanğıcı hesab edilir. Lakin belə davam etmir. 1806-cı ildə Napalyon yəhudi icmalarının assambleyası keçirir. Bu assambleyada yəhudilər Fransa qanunlarının dini qanunlarda üstün olduğunu qəbul edirlər. 1808-ci ildə Napolyunun yeni fərmanı ilə yəhudilərin bəzi iqtisadi sahələrdə fəaliyyəti qadağan edilir. Bu fərmana əsasən faizə verilmiş pul vəsaitləri, kreditlərin gəlir hissəsi 10 faizdən artıq olduqda müqavilə ləğv edilməli idi. Bütün borc əməliyyatları üçün natarius qeydiyyatının keçirilməsi tələbi irəli sürüldü. Bu sənəd on il qüvvədə qaldı və yəhudilərin ənənəvi fəaliyyətini məhdudlaşdırdı.
XIX əsrdən başlayaraq avropa ölkələri tədricən yəhudilərə rəsmi olaraq bərabər hüquqlar tanımağa başlayır. Lakin yəhudilər müxtəlif ölkələrdə fərqli münasibətlərlə qarşılaşırdılar. 1881-ci ildə rus çarı II Aleksandra edilmiş sui-qəsddən sonra Rusiyada ilk yəhudi qətlləri baş verdi. Sui-qəsdi təşkil edənlərdən birinin yəhudi olması bu hadisələri qızışdırdı. 1881-ci ildə Ukrayna və Polşada da yəhudi qətlləri baş verdi.
1880-1920-ci illər arasında Yəhudilərin Amerikaya kütləvi mühacirəti həyata keçir. Xüsusilə də sionistlər bu köçdə aktiv iştirak edirlər. Bir qrup sionist Fələstində məskunlaşmağa başlayır. İmkanlı yəhudilərin mühacirət etməsi, imkansız yəhudilərin qalması Avropada yeni gərginliklər yaradırdı. XX əsrin əvvəllərində Moldovada, Polşada, Ukraynada çox sayda yəhudi qırğınları baş verdi.
XX əsrin birinci yarısında baş vermiş iki dünya müharibəsinin nəticəsində bir çox xalqlar müstəqillik əldə etdilər və milli dövlətlərini qurdular. Yəhudilərin böyük maliyə imkanları, ciddi bank qurumları, sənayeçiləri, siyasi və güclü dini qurumlarının olmasına baxmayaraq milli dövlət qurmaq səyləri özünü göstərmirdi.
1903-cü ildə “Sion müdrüklərinin protokolları” kitabının çap olunması böyük əks-səda yaratdı. Qolovincki tərəfindən rusiyada çap olunmuş bu kitab Fransada XIX əsrin ikinci yarısında çap olunmuş müxtəlif mənbələrə əsaslanılrdı. 1920-ci ildə bu kitab çox sayda avropa dillərinə tərcümə olunur. Qenri Ford bu kitabın tərcüməsi və çapına sponsorluq edir və özünün diller şəbəkəsi vasitəsi ilə yayırdı. Hesab edilir ki, Alman nasist ideologiyasının formalaşmasında bu kitab mühüm rol oynadı.
1933-cü ildə A.Hitlər Almaniyada hakimiyyətə gələndə Avropanın heç bir ölkəsində yəhudilər azad və sərbət yaşamaq hüququna malik deyildilər. Hitler də yəhudilər əleyhinə siyasətini tədriclə həyata keçirməyə başlayır. 1935-ci ildə yəhudilərin səsvermə hüququ və dövlət orqanlarında işləmək hüququ əllərindən alındı. 1938-ci ildə yəhudi mühacirləri ilə əlaqədar bir konfrans keçirilir və onları qəbul edən ölkə tapılmır. Yalnız Dominikan respublikası 100 min yəhudini qəbul etməyi üzərinə götürür, lakin o da baş tutmur. Konfransda iştirak edən Avstraliya nümayəndəsi deyir ki, “bizdə milli problem yoxdur, lakin biz onu import etmək bahasına yaratmaq da istəmirik.” Bu dövrdə Amerika da yəhudi mühacirlərə kvota təyin etmişdi.
1938-ci ildə Paris şəhərində alman diplomatının bir 17 yaşlı yəhudi tərəfindən öldürülməsi nəticəsində “büllur gecə”(xrustalnıy noç) hadisələri vəziyyəti dəyişdirdi. 1939-cu ilə qədər 500 min yəhudinin yarısı Almaniyadan mühacirət etdilər. Digər yarısı baş verəcəklərin ciddiyyətini anlamayaraq qalmalı oldular.
Almanların Polşaya hücumu zamanı Polşada 3 milyona qədər yəhudi yaşadığı hesab edilir. Bu Polşa əhalisinin 10 faizini təşkil edirdi. Almanlar Polşa ərazisində çox sayda gettalar təşkil etməyə başladılar və bu gettalarda az bir müddətdə yüz minlərlə insan yalnız acından ölməsi haqqında məlumatlar mövcuddur.
İkinci dünya müharibəsi illərində altı milyon yəhudinin öldürülməsi hesabına avropada yaşayan yəhudilərin yarısı azaldı. Müharibədən sonra konslaqerlərdən, ölüm düşərgələrindən, həbsxanalardan azad edilmiş yəhudilər evlərinə qayıda bilmədilər, çünki artıq onların evləri, mülkləri satılmış, qarət edilmiş və başqalarına verilmişdi. Yəhudilər Avropada yenidən problem təşkil etməyə başladılar. Nəticədə 1947-1949-cu illər arasında İsrail dövlətinin yaradılması həyata keçirilir. Əlbəttə ki, yəhudilər Amerikaya köçməyə üstünlük verir və Fələstinə getməyə çox da maraq göstərmirdilər. İsrail dövlətinin qurulması Avropanı yəhudi problemindən azad etməyi nəzərdə tutur və bütün cinayətləri, qırğınları, genosidi, vəhşilikləri almanların üzərinə qoymaqla problemi bir dəfəlik bağlamaq istəyirlər.
İsrail dövlətinin qurulması prosesi və ondan keçən 70 il ərzində problemlər bitmək bilmədi. Müharibə nəticəsində qurulan dövlət yəhudilərin bütünlükdə vətəninə çevrilmədi və son dərəcə fərqli bir dövlət modeli qarşıya çıxdı. Yəhudi dinində dövlət qurmaq doktrinası çox fərqli və daha çox dini-fantastik hadisələrə söykənir. Bu ayrıca və maraqlı bir araşdırmanın mövzusu ola bilər.
12:02 04.05.2026
Oxunuş sayı: 150