Ərzaq qiymətləri niyə artır? – süfrələrimizin kasadlaşmasının əsas səbəbləri
Azərbaycanda son dövrlərdə ərzaq qiymətlərinin artması həm rəsmi statistikada, həm də gündəlik bazar müşahidələrində aydın şəkildə hiss olunur.
Ötən il olduğu kimi, bu il də ərzaq məhsulları inflyasiyanın ən sürətlə bahalaşan komponentlərindən biri olaraq qalır. İlk rübün nəticələri göstərir ki, ümumi inflyasiya səviyyəsi 5,7 faiz olduğu halda, ərzaq qiymətləri daha yüksək — 6,8 faiz artım nümayiş etdirib.
Təkcə mart ayında ərzaq qiymətləri indeksində 1 faizlik artım qeydə alınması isə bu tendensiyanın davamlı və sistemli xarakter daşıdığını göstərir.
Mövcud vəziyyət onu deməyə əsas verir ki, inflyasiya ərzaq bazarında qiymətləri sabitləşdirmək əvəzinə, əksinə, onların daha da yüksəlməsinə təkan verir.
Bu prosesə yalnız daxili amillər deyil, həm də qlobal iqtisadi və geosiyasi hadisələr ciddi təsir göstərir. Xüsusilə, Yaxın Şərqdə baş verən gərginliklər enerji qiymətlərinin, daşınma xərclərinin və nəticə etibarilə istehsal maya dəyərinin artmasına səbəb olaraq, ərzaq qiymətlərinin yüksəlməsini şərtləndirən əsas faktorlar sırasında yer alır.
Bu kontekstdə Azərbaycanda ərzaq qiymətlərinin artımını daha geniş iqtisadi çərçivədə təhlil etmək zərurəti yaranır.
Crossmedia.az məsələ ilə bağlı araşdırma aparıb:
Milli Məclisin deputatı Aydın Hüseynov:

“Məlumdur ki, inflyasiyanın və qiymətlərin artmasının səbəblərindən biri də idxal inflyasiyasıdır. Yəni, idxal olunan məhsulların ölkəyə yüksək qiymətlə daxil olmasıdır. Elə məhsul növləri var ki, biz onları məcburi qaydada, yəni daxili bazarda istehsal olmadığı təqdirdə, xaricdən idxal edirik.
Əgər həmin məhsulların qiyməti istehsal olunduğu ölkədə artıbsa, bu artım sözsüz ki, Azərbaycana da ötürülür və məhsullar ölkəmizə daha yüksək qiymətlə daxil olur.
Bunun qarşısının alınması yollarına gəldikdə isə, bəzi məhsullar üzrə alıcılar seçim edə bilər. Məsələn, eyni çeşidli məhsullar arasında yerli mala üstünlük verilə bilər və ya alternativ məhsullara yönəlmək mümkündür.
Tənzimləmə məsələsinə gəldikdə isə, əgər bu məhsullar daha əhəmiyyətlidirsə, yüksək tələbat varsa və daxili istehsal mövcud deyilsə, müəyyən vergi güzəştləri tətbiq oluna bilər. Bu güzəştlər təchizatçı təşkilatlara, müəssisələrə və ya şirkətlərə şamil edilə bilər.
Digər tərəfdən, əgər idxal prosesində sui-istifadə halları varsa, onların qarşısı alınmalıdır. Ümumilikdə isə, idxal nəticəsində yaranan qiymət artımının qarşısını almaq üçün geniş alternativ metodlar məhduddur.
Digər tərəfdən, dünyada baş verən proseslər də qiymətlərə təsir edir. İqlim dəyişiklikləri və ekoloji amillər nəticəsində ərzaq məhsullarının bahalaşması qlobal miqyasda müşahidə olunur”.
Deputat əlavə edib ki, ikinci böyük səbəb isə körfəz bölgəsində, xüsusilə, Hörmüz körfəzi ətrafında baş verən proseslərdir:
“İran, Amerika və İsrail arasında gərginliklər enerji qiymətlərinə təsir edir və bu da dolayısı ilə ərzaq bazarında qiymət artımına səbəb olur. Yəni, dünya iqtisadiyyatında baş verən proseslər, xüsusilə enerji bazarındakı dəyişikliklər ərzaq qiymətlərinə birbaşa təsir göstərir.
Bütün bunları nəzərə alaraq, ölkəmizdə daxili istehsalın artırılması, kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi istiqamətində tədbirlər görülür, layihələr həyata keçirilir və daxili bazarın təmin olunması üçün müvafiq dövlət proqramları icra edilir”.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli:

“Ölkədə ərzaq qiymətlərinin günbəgün qalxmasının bir səbəbi yoxdur, bir neçə amil üst-üstə düşür.
Birincisi, idxaldan asılılıqdır. Azərbaycan buğda, bitki yağı, şəkər, ət və süd məhsullarının xeyli hissəsini xaricdən alır. Dünya bazarında taxılın, gübrənin, daşınmanın qiyməti qalxanda bu birbaşa bizim bazara gəlir.
2025-ci ildən sonra ABŞ-ın tətbiq etdiyi 50 faizlik rüsumlar, Yaxın Şərqdə gərginlik və Süveyş kanalında risklər logistikanı bahalaşdırıb. Dollar və avro bahalaşanda da idxal malı avtomatik qalxır.
İkincisi, istehsal xərcləridir. Fermer üçün dizel yanacağı, toxum, gübrə, dərman, texnika, suvarma haqqı qalxıb. İşçi qüvvəsi tapmaq çətinləşib, əməkhaqqı artıb. Enerji və qaz tarifləri də təsərrüfata təsir edir. Nəticədə kartofun, soğanın, pomidorun maya dəyəri əvvəlki illə müqayisədə xeyli yüksəkdir.
Üçüncüsü, iqlim faktorudur. Ekstremal istilər, quraqlıq, dolu və sel məhsuldarlığı salır. FAO-nun son hesabatı deyir ki, temperatur 30 dərəcəni keçəndə əksər bitkilərin məhsuldarlığı düşür. Hər bir dərəcə istiləşmə taxıl məhsulunu təxminən altı faiz azaldır. Təklif azalandan sonra qiymət qalxır. Heyvandarlıqda da istilər süd verimini salır, yem bahalaşır.
Dördüncüsü, bazardakı strukturdur. İstehsalçıdan mağazaya qədər zəncir uzun olur. Vasitəçi, topdansatış bazası, anbar, daşıma, market şəbəkəsi hərəsi öz marjasını qoyur.
Bəzi məhsullarda fermer 1 manata satır, Bakıda istehlakçı 3 manata alır. Rəqabət zəif olanda, bir neçə iri idxalçı və şəbəkə bazarı diktə edəndə qiymət süni də şişir. Mövsümi məhsulu anbara yığıb sonra baha satmaq halları da olur.
Beşincisi, pul kütləsi və gözləntilərdir. Əməkhaqları, pensiyalar, sosial ödənişlər artanda tələb artır. Əhali “sabah daha baha olacaq” deyə indidən çox alır, bu da qiyməti qovur. Bir də kirayə, nəqliyyat, kommunal xərcləri qalxanda ailə büdcəsi daralır və ərzaq xərci ümumi xərclərin içində daha çox hiss olunur, narazılıq artır”.
Ekspert əlavə edib ki, bu problemi tənzimləmək üçün təkcə bir tədbir bəs etmir:
“Qısa müddətdə dövlət idxal rüsumlarını strateji məhsullar üçün müvəqqəti sıfırlaya bilər, anbar ehtiyatlarını bazara çıxarıb spekulyasiyanın qarşısını ala bilər.
Qiymət manipulyasiyası, süni qıtlıq yaradanlara qarşı nəzarət güclənməlidir. Ən vacibi isə şəffaflıqdır: məhsulun fermer çıxış qiyməti ilə rəf qiyməti arasındakı fərq açıq göstərilsə, vasitəçi marjası görünər.
Orta və uzun müddətdə isə istehsalı artırmaq lazımdır. Suvarma sistemləri bərpa olunmalı, damcı suvarma genişlənməli, istiliyə davamlı toxum sortları gətirilməlidir. Fermerlərə güzəştli kredit, sığorta, texnika lizinqi əlçatan olmalıdır. Emal sənayesi güclənsə, mövsümi məhsul çürüməz, ilboyu bazarda mal olar. Aqrar bazarlar, kooperativlər, birbaşa “fermerdən istehlakçıya” satış nöqtələri yaradılsa zəncir qısalar və qiymət düşər.
Bir də idxaldan asılılığı azaltmaq üçün strateji məhsullarda daxili təminatı 80-90 faizə çatdırmaq hədəf olmalıdır. Bu, bir ilə olmur, amma planlı getsə 5-6 ilə nəticə verər.
Paralel olaraq antiinhisar siyasəti sərtləşməlidir. Bir neçə şirkət bazarı bölüşdürəndə qiyməti istədiyi kimi qoyur. Rəqabət Məcəlləsi işləməli, yeni oyunçuların bazara girişi asanlaşmalıdır.
Yekunda, ərzaq qiymətini təkcə inzibati yollarla saxlamaq mümkün deyil. Qadağa və tavan qiymət müvəqqəti effekt verir, sonra qıtlıq yaradır. Əsas yol istehsal xərclərini azaltmaq, təklifi çoxaltmaq, zənciri qısaltmaq və rəqabəti təmin etməkdir. Belə olanda həm fermer qazanar, həm də istehlakçı daha ucuz alar”.
ReAl partiyasının sədri Natiq Cəfərli:

“Ərzaq qiymətlərinin artmasına səbəb olan əsas amillərdən biri yerli istehsalın zəif olmasıdır. Yerli istehsalın həcmi az olduğuna görə ölkə xaricdən idxaldan çox asılı vəziyyətə düşür. Bu isə o deməkdir ki, xarici bazarlarda qiymət dəyişiklikləri baş verdikdə, həmin dəyişikliklər birbaşa Azərbaycandakı qiymətlərə də təsir edir.
Məsələn, hazırda logistika ilə bağlı problemlər mövcuddur, xüsusilə də beynəlxalq nəqliyyat marşrutlarında, o cümlədən boğazlar vasitəsilə daşımalar zamanı yaranan çətinliklər qiymətlərə təsir edən amillərdəndir. Bütün bunlar nəticə etibarilə ölkə daxilində ərzaq məhsullarının bahalaşmasına səbəb olur. Bu problemin həlli üçün əsas istiqamətlərdən biri yerli istehsalın stimullaşdırılmasıdır.
Yerli istehsalın inkişafı üçün fermerlərə uzunmüddətli, aşağı faizli və ya faizsiz kredit imkanları təqdim olunmalı və bu imkanlar daha da genişləndirilməlidir.
Eyni zamanda, fermerlər üçün müxtəlif təşviq proqramları hazırlanmalı və tətbiq olunmalıdır. Doğrudur, müəyyən təşviq proqramları artıq qəbul edilib, lakin mövcud vəziyyət göstərir ki, bu tədbirlər hələ də kifayət etmir.
Çünki bəzi sahələrdə, xüsusilə heyvandarlıqda azalma müşahidə olunur. Məsələn, son 5 il ərzində iri buynuzlu və xırda buynuzlu mal-qaranın sayında kəskin azalma baş verib. Bütün bu amillər birgə şəkildə təsir göstərərək, nəticədə Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin artmasına gətirib çıxarır”.
13:10 24.04.2026
Oxunuş sayı: 71