Turizm sektoru "boz zona"dan çıxacaqmı? – hansı otellərdə ulduzlar ləğv olunur?
Azərbaycanda turizm sektorunda keyfiyyət standartlarının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Bu çərçivədə Dövlət Turizm Agentliyi tərəfindən aparılan monitorinqlər nəticəsində bəzi hotellərin ulduz kateqoriyasının ləğv edilməsi ilə bağlı qərar qəbul olunub.
Qərar əsasən aşağı kateqoriyalı — 1 və 2 ulduzlu hotelləri əhatə etməklə, sahədə standartlara uyğunluğun təmin edilməsinə xidmət edir.
Son dəyişikliklər fonunda ölkədə ulduz kateqoriyalı hotellərin ümumi sayı müəyyən qədər azalsa da, bu addım turizm xidmətlərinin keyfiyyətinin artırılmasına yönəlmiş mühüm bir mexanizm kimi qiymətləndirilir.
Xüsusilə, Bakının bu sahədə dominant mövqeyi və hotellərin böyük hissəsinin paytaxtda cəmlənməsi turizm infrastrukturunun regional inkişafı məsələsini də aktuallaşdırır.
Məsələ ilə bağlı İş Adamları Cəmiyyətinin Milli Assosasiyasının üzvü, turizm üzrə eksperti Ceyhun Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Müasir turizm bazarında otellərin xidmət keyfiyyətini müəyyən edən ən əsas vizual göstərici ulduz dərəcələridir. Lakin bu ulduzlar sadəcə fasadları bəzəyən nişanlar deyil, ciddi hüquqi və texniki meyarların məcmusudur. Azərbaycanda otellərin ulduz təsnifatı prosesi son illərdə əsaslı islahatlara məruz qalıb və bu sahədəki tənzimləmələr artıq beynəlxalq standartlarla tam uzlaşdırılıb.
Uzun illər ərzində bu səlahiyyəti icra edən Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci ildə struktur islahatları çərçivəsində ləğv edilməsi turizm idarəçiliyində yeni mərhələnin əsasını qoydu.
Nazirliyin hüquqi varisi kimi çıxış edən Dövlət Turizm Agentliyi yaradıldıqdan sonra sahəvi tənzimləmələr daha mütəxəssis yönümlü formaya keçdi. Hazırkı modeldə dövlət siyasətini Agentlik müəyyən etsə də, otellərin praktiki qiymətləndirilməsi və audit prosesi Azərbaycan Hotel Assosiasiyasına həvalə edilib.
İlk baxışdan ictimai birliyin belə bir səlahiyyətə sahib olması sual doğura bilər, lakin bu, dünyanın, xüsusən də Avropanın ən uğurlu təcrübələrindən biridir.
Belə ki, Assosiasiya Avropanın nəhəng audit şəbəkəsi olan "Hotelstars Union"un akkreditə olunmuş üzvüdür və bu, ölkəmizdəki ulduzların Almaniya və ya Avstriyadakı otellərlə eyni tərəziyə qoyulması deməkdir.
Yeni qanunvericilik bazası, xüsusilə 2021-ci ildə qəbul edilmiş "Turizm haqqında" qanun ulduzlaşma məsələsində "könüllülük" prinsipinə son qoydu. İndi fəaliyyətə başlayan hər bir yerləşmə vasitəsi altı ay ərzində ulduz dərəcəsi almalı və rəsmi Turizm Reyestrinə daxil edilməlidir.
Bu tələb bazarda haqsız rəqabətin qarşısını almaqla yanaşı, istehlakçıların da hüquqlarını qoruyur. Çünki otelin özbaşına divarına vurduğu beş ulduz artıq sadəcə marketinq hiyləsi deyil, İnzibati Xətalar Məcəlləsinə əsasən ciddi maliyyə sanksiyaları doğuran hüquqi xətadır.
Qanunsuz ulduz nişanlarından istifadə edən və ya ulduz dərəcəsi olmadan fəaliyyət göstərən subyektlər 2000 manatdan 5000 manatadək, bəzi hallarda isə daha yüksək məbləğdə cərimələrlə üzləşə bilərlər.
Qiymətləndirmənin özü isə olduqca mürəkkəb bir prosesdir. Ekspertlər otaqların kvadratmetrindən tutmuş, işçilərin xarici dil biliklərinə, texnoloji infrastrukturdan yanğın təhlükəsizliyinə qədər 300-ə yaxın meyarı yoxlayırlar.
Əgər bir hotel müəyyən ulduz dərəcəsinin tələblərini yerinə yetirir, lakin növbəti pillə üçün zəruri olan bir neçə kiçik detala sahib deyilsə, ona "Superior" (üstün) statusu verilir ki, bu da müştəriyə otelin öz ulduzundan daha yüksək xidmət vəd etdiyini göstərir.
Nəticə etibarilə, Azərbaycanda tətbiq edilən bu yeni sistem turizm sektorunu "boz zona"dan çıxararaq şəffaf və rəqabətədavamlı müstəviyə daşıyır. Ulduz dərəcəsi artıq otel sahibinin subyektiv arzusu deyil, beynəlxalq standartların, dövlət nəzarətinin və hüquqi məsuliyyətin kəsişməsində dayanan bir keyfiyyət pasportudur".
13:42 24.04.2026
Oxunuş sayı: 1350