350 milyardlıq inkişaf - Azərbaycanın son 20 ilinin iqtisadi portreti
Son iyirmi ildə Azərbaycan iqtisadiyyatında müşahidə olunan inkişaf dinamikası ölkəyə yönələn iri həcmli investisiyalarla birbaşa bağlıdır.
Bu dövr ərzində iqtisadiyyata 350 milyard ABŞ dollarından artıq sərmayənin qoyulması, dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin və əlverişli biznes mühitinin formalaşdırılmasının nəticəsi kimi qiymətləndirilir.
Xüsusilə, diqqətçəkən məqam odur ki, bu investisiyaların təxminən yarısı xarici mənbələr hesabına təmin olunub ki, bu da Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə artan etimadını nümayiş etdirir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, investisiya mühitinin yaxşılaşdırılması strateji prioritetlərdən biri olub və bu istiqamətdə mühüm nailiyyətlər əldə edilib.
Davamlı iqtisadi artımın təmin olunması, qeyri-neft sektorunun inkişafı və xarici investorlar üçün cəlbedici şəraitin yaradılması ölkənin uzunmüddətli inkişaf kursunun əsasını təşkil edir.
Bu yanaşma Azərbaycanın regional iqtisadi mərkəz kimi mövqeyini daha da gücləndirir və gələcək investisiya axınları üçün əlverişli zəmin yaradır.
Məsələ ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən 350 milyard dollarlıq investisiya göstəricisi Azərbaycanın son 20 ildə keçdiyi iqtisadi inkişaf mərhələsinin miqyasını göstərən çox ciddi rəqəmdir. Bu investisiyaların əhəmiyyətli hissəsi enerji sektoruna yönəldilsə də, eyni zamanda infrastruktur, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələrində də geniş layihələr həyata keçirilib.
Xüsusilə, neft-qaz gəlirlərinin iqtisadiyyata reinvestisiya olunması nəticəsində ölkədə iri infrastruktur layihələri – yollar, limanlar, enerji və logistika şəbəkələri formalaşdırılıb ki, bu da uzunmüddətli iqtisadi artım üçün baza rolunu oynayıb.
Analitik baxımdan bu rəqəm iki əsas məqamı göstərir.
Birincisi, Azərbaycan regionda ən yüksək investisiya cəlb edən ölkələrdən biri olub və bu, həm xarici investorların marağını, həm də ölkədə makroiqtisadi sabitliyin təmin olunduğunu göstərir.
İkincisi isə, investisiyaların strukturudur. Əsas çağırış bundan sonra investisiyaların daha çox qeyri-neft sektoruna yönəldilməsi, yüksək əlavə dəyər yaradan sahələrin inkişafı və iqtisadiyyatın diversifikasiyasıdır.
Yəni növbəti mərhələdə əsas məsələ bu investisiyaların səmərəliliyi, məhsuldarlığa təsiri və dayanıqlı iqtisadi artıma nə dərəcədə töhfə verməsidir".
Elmir Heydərli
11:26 24.04.2026
Oxunuş sayı: 130