Dövlət büdcəsində yüz milyonlarla manatlıq pozuntuların aşkarlanması ciddi suallar yaradır
Açıqlanan rəsmi məlumatlar dövlət büdcəsinin icrası ilə bağlı ciddi ziddiyyətlərin mövcud olduğunu ortaya qoyub. Hesablama Palatası-nın 2025-ci il üzrə hesabatına əsasən, milyardlarla manat vəsaitin auditi zamanı yüz milyonlarla manatlıq maliyyə pozuntuları və səmərəsiz xərclər aşkarlanıb. Hesabatda həmçinin uyğunluq pozuntuları, maliyyə təhrifləri və büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi halları da qeyd olunub.

Bu barədə Crossmedia.az-a danışan İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, vergi, audit ve mühasibat üzrə ekspert Şamxal Kərimov bildirib ki, dövlət büdcəsində yüz milyonlarla manatlıq pozuntuların aşkarlanması maliyyə idarəçiliyində ciddi suallar yaradır: "Belə ki, Hesablama Palatasının 2025-ci il üzrə hesabatına görə, 6.7 milyard manatlıq audit fonunda yüz milyonlarla manatlıq uyğunsuzluq və səmərəsiz xərclər qeydə alınıb. Bu rəqəmlər artıq tək-tək hallar deyil, sistemli problemlərin mövcudluğundan xəbər verir. Bu cür pozuntuların davam etməsi uzun müddətdə dövlət maliyyəsinə mənfi təsir göstərə bilər. Ən əsas risk ondan ibarətdir ki, büdcə vəsaitləri səmərəsiz xərcləndikdə eyni maliyyə resursları ilə daha az nəticə əldə olunur. Bu isə dövlət xərclərinin effektivliyini aşağı salır və resursların düzgün bölüşdürülməsinə mane olur. Xüsusilə diqqət çəkən məqamlardan biri sosial xarakterli ödənişlərlə bağlıdır. Audit nəticələrinə görə, 28.7 milyon manat məbləğində vəsait birbaşa əhaliyə yönəlmiş ödənişlər olub və bu ödənişlərin bərpası ilə bağlı deyil, dayandırılması ilə bağlı qərar verilib. Bu, artıq texniki maliyyə pozuntusu deyil, sosial həssaslıq daşıyan məsələdir. Belə hallar sosial proqramların ünvanlılığına və insanların dövlətə olan etimadına birbaşa təsir edir".
Ş.Kərimovun sözlərinə görə, bu pozuntulara yalnız insan səhvi kimi yanaşmaq düzgün olmaz: " Ayrı-ayrı hallarda texniki səhvlər mümkündür. Amma yüz milyonlarla manatlıq uyğunsuzluqlar daha çox sistem problemlərindən xəbər verir. Daxili nəzarətin zəifliyi, maliyyə hesabatlılığının aşağı səviyyədə qurulması və risklərin əvvəlcədən qiymətləndirilməməsi bu halların əsas səbəbləridir. Səmərəsiz xərclərin yüksək olması isə daha ciddi siqnaldır. Bu, yalnız vəsaitin düzgün xərclənmədiyini deyil, onun əvvəlcədən düzgün planlaşdırılmadığını göstərir. Yəni problem təkcə xərcləmə mərhələsində deyil, qərarların verildiyi mərhələdə yaranır. Büdcə vəsaitlərinin daha səmərəli istifadəsi üçün nəzarət mexanizmləri gücləndirilməlidir. İlk növbədə daxili audit sistemləri daha effektiv işləməlidir. Risk əsaslı audit yanaşması geniş tətbiq olunmalıdır ki, problemlər erkən mərhələdə aşkarlansın. Eyni zamanda dövlət qurumlarında xərclərin nəticəyə görə qiymətləndirilməsi vacibdir- ayrılan vəsait real nəticə verirmi, buna sistemli şəkildə baxılmalıdır".
Mütəxəssis əlavə edib ki, rəqəmsal nəzarət alətlərinin tətbiqi də mühüm rol oynayır: " Maliyyə əməliyyatlarının elektron izlənməsi şəffaflığı artırır və insan faktorundan asılılığı azaldır. Bununla yanaşı, pozuntulara görə məsuliyyətin qaçılmaz olması maliyyə intizamının formalaşmasında əsas şərtlərdən biridir. Ümumilikdə bu audit nəticələri göstərir ki, problem yalnız fərdi səhvlərlə bağlı deyil, sistem səviyyəsindədir. Effektiv nəzarət yalnız pozuntuları aşkar etməməli, onların yaranmasının qarşısını almalıdır. Dövlət vəsaitlərinin düzgün idarə olunması isə həm güclü nəzarət mexanizmlərini, həm də keyfiyyətli idarəetmə yanaşmasını tələb edir".
Fatimə
18:39 22.04.2026
Oxunuş sayı: 46