Ermənistan Rusiya bazarından çıxarılır - onu Azərbaycan əvəz edəcək
Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Boris Titov tərəfindən səsləndirilən “Rusiya Ermənistan məhsullarını Azərbaycandan gələn tədarüklərlə əvəz edəcək” fikri Moskvanın kənd təsərrüfatı məhsullarının idxal zəncirində Ermənistanın payının tədricən azalması və Azərbaycanın logistika-istehsal imkanlarının artması fonunda qiymətləndirilir.
Lakin bu prosesin “tam əvəzlənmə” kimi təqdim edilməsi hələ ki, real iqtisadi əsaslardan çox siyasi mesaj xarakteri daşıyır. Çünki kənd təsərrüfatı ticarəti yalnız həcm deyil, həm də mövsümilik, sertifikatlaşdırma, qiymət və nəqliyyat xərcləri kimi çoxsaylı faktorlardan asılıdır. Bu baxımdan, Azərbaycanın Rusiyaya Ermənistandan “xeyli çox” məhsul tədarük etməsi potensial olaraq mümkündür, amma qısa müddətdə tam üstünlük qazanması daha mürəkkəb məsələdir.
Digər tərəfdən, Rusiya üçün əsas sual təkcə kimdən daha çox məhsul aldığı deyil, hansı ölkə ilə tədarük zəncirini daha stabil və siyasi baxımdan risksiz saxladığıdır. Bu mənada Moskvanın Azərbaycana yönəlməsi həm iqtisadi səmərəlilik, həm də regional balans siyasətinin bir hissəsi kimi dəyərləndirilə bilər.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib:

“Bu ssenari müəyyən dərəcədə real görünür. Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı baxımından Ermənistandan daha böyük potensiala malikdir. Xüsusilə meyvə-tərəvəz, istixana məhsulları və bəzi ərzaq növləri üzrə Azərbaycanın Rusiya bazarında artıq möhkəm mövqeyi var. Əgər Rusiya Ermənistan məhsullarına tələbi azaldarsa, Azərbaycan bəzi istiqamətlərdə həmin boşluğu qismən doldura bilər.
Lakin Ermənistanın Rusiyaya ixrac etdiyi bütün məhsulları tam şəkildə əvəz etmək qısa müddətdə mümkün olmaya bilər. Bunun üçün istehsal həcmlərinin artırılması, logistika imkanlarının genişləndirilməsi və uzunmüddətli tədarük müqavilələrinin bağlanması tələb olunur.
Rusiya baxımından əsas üstünlük daha böyük həcmdə və daha sabit təchizat əldə etməkdir. Azərbaycan isə ixrac gəlirlərini artırmaq, kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanlar yaratmaq baxımından fayda əldə edə bilər. Buna görə də belə əməkdaşlıq baş tutarsa, bundan yalnız Rusiyanın deyil, Azərbaycanın da iqtisadi qazanc əldə etməsi mümkündür. Ancaq hər iki tərəfin əldə edəcəyi faydanın səviyyəsi bazar şərtlərindən, qiymətlərdən və tədarük həcmlərindən asılı olacaq”.
Ayhan
12:16 04.06.2026
Oxunuş sayı: 61