Dövlət satınalmalarında yeni siqnal: keyfiyyət, risk və sərt dəyişiklik təklifləri
Müasir dövrdə dövlət satınalmaları və audit mexanizmlərinin effektivliyi yalnız xərclərin qanunauyğunluğunun yoxlanılması ilə məhdudlaşmır, həm də görülən işlərin keyfiyyəti və uzunmüddətli dayanıqlılığı ilə ölçülür.
Bu kontekstdə Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzuya dair mühüm məqamları Crossmedia.az-a şərh edib. O bildirib ki, audit zamanı görülmüş işin keyfiyyətinin qiymətləndirilməsi də vacib şərtdir:

"Hədəflər icra oluna bilər, vəsaitlər qanunauyğun, məqsədyönlü və təyinatı üzrə xərclənə bilər, lakin sonda görülmüş işin keyfiyyəti tələb olunan meyarlara uyğun deyilsə, bu, nəzərə alınmalıdır. Hesabatda qeyd olunan auditin əhatə dairəsinin genişləndirilməsi hədəfinə keyfiyyət uyğunluğu və dayanıqlılıq meyarı da əlavə oluna bilər. Ölkəmizdə dayanıqlı inkişaf sahəsində unikal işlər görülür. Biz anlayırıq ki, inkişaf təkcə ÜDM də daxil olmaqla, əsas iqtisadi indikatorlarla qiymətləndirilməməlidir, müasir yanaşmalar ətraf mühitə daha az təsirlə, dayanıqlı istehsalı uğurlu sayır. Eləcə də, təşkilat və qurumlar keyfiyyət mədəniyyətinin dayanıqlılığını təmin etmək üçün keyfiyyətin ölçülməsi və monitorinqi üzrə daxili güclü mexanizmlər qurmalıdır. Bu, əsas Performans göstəricilərinə (KPİ) birbaşa təsir edir. Audit hesabatının səmərəlilik elementi üzrə səhiyyə sahəsində zəruri aktivlərin alınmaması və ya gec alınması səbəbindən ehtiyac sahibi vətəndaşlara dərman və tibbi sərfiyyat çatdırılmadığı qeyd olunur. Tibbi xidmətin mürəkkəbliyi və həmçinin, əhəmiyyəti bu sahədə dərmanlar və tibbi vasitələrlə bağlı tələbatın planlaşdırma və proqnozlaşdırmasını çətinləşdirir".
Deputatın sözlərinə görə, ümumişlək tibbi sərfiyyat malları üzrə ehtiyacı müəyyənləşdirmək mümkün olsa da, dərmanlarla bağlı ehtiyac ölkədə xəstələnmə səviyyəsindən asılıdır:
"Digər tərəfdən, dərmanlar və tibbi vasitələr olduqca spesifik olduğuna görə, onların satın alınması tender şərtləri ilə uyğun gəlmir. Yəni, burada malın adını yazmaq olar, məhz, keyfiyyətdə özünüdoğrultmuş həmin firmanın preparat adını qeyd etmək mümkün deyil. Ona görə də, ümumilikdə, dövlət səhiyyə müəssisələrinin, insanlar üçün həyati əhəmiyyət kəsb edən məhsulların birmənbədən satınalınmasına üstünlük verilməsini, satınalma şərtlərinin asanlaşdırılması, vaxta qənaət baxımından süni intellektlə qiymətləndirmələrin aparılması daha məqsədəuyğun olardı. Hesabatda qeyd olunur ki, 32 auditdə dövlət satınalmaları üzrə müvafiq hüquqi aktların tələbləri pozulub. Satınalma proseslərində keyfiyyətlə əlaqəli tələblərin artırılmasına önəm verilməlidir. Hər VÖEN-i olan satınalma prosesində iştirak edə bilməməli, hər daha aşağı qiymət təklifi edən qalib olmamalıdır. Xüsusilə, istehsal və tikinti üzrə layihələrdə iş yerinin risk qiymətləndirilməsi hesabatı tələb oluna bilər. Təklif edirəm ki, iş yerində qəzalar baş verən müəssisələr dövlət satınalmasında iştirak edə bilməsin. İş yerində qəzaların işəgötürənlərə və dövlət büdcəsinə maliyyə yükü barədə ötən çıxışlarda bildirmişdim. Bu, həm də mənəvi yükdür. Bu məsələlər zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Riskli müəssisə iş qəzaları ilə üzləşərsə, tender öhdəlikləri üçün risk yaranar. Əksinə, riskləri aşağı olan, işçilərin dəyəcək zərəri minimuma endirən müəssisələrin satınalma prosesində qabiliyyətinin artırılması məqsədəuyğun olardı. Bu mexanizm müəssisələri iş yerlərinin keyfiyyətini artırmağa, eləcə də təhlükəsiz və sağlam iş mühiti yaratmağa stimullaşdıracaqdır".
P.Vəliyevanın digər təklifi isə qeyri-hökumət təşkilatlarının seçimi ilə bağlıdır:
"Bəzi hallarda, QHT-lərin seçimi ilə bağlı da dövlət satınalması portalı üzrə müsabiqələrin keçirilməsi halları baş verir. Qrant haqqında qanuna əsasən, qht-lərin seçimi yalnız müsabiqə əsasında mümkündür və qrant müqavilələri müvafiq olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınır. Yaxşı olardı ki, ölkə üzrə QHT-lər üçün müsabiqədə vahid yanaşma tətbiq olunsun".
Fatimə
18:20 21.04.2026
Oxunuş sayı: 67