Əsl insan, alim və həkim ömrü
Bəzən elə ömürlər olur ki, onlar yalnız yaşadıqları dövrü deyil, bütöv bir xalqın yaddaşını işıqlandırır. Akademik Zərifə Əliyevanın həyat yolu da məhz belə mənalı talelərdəndir. Onun adı Azərbaycan tibb elminin inkişafı ilə yanaşı, humanizm, mərhəmət və yüksək mənəviyyat kimi dəyərlərlə də daim birlikdə çəkilir. 15 aprel – bu böyük şəxsiyyətin anım günü – sadəcə təqvimdə qeyd olunan bir tarix deyil, insanlara xidmətlə dolu bir ömrün ehtiramla yad edildiyi gündür.
1923-cü ilin baharında, Şahtaxtı kəndində dünyaya göz
açan Zərifə Əliyeva gənc yaşlarından elmə və insanlara faydalı olmağa böyük
maraq göstərirdi. Azərbaycan Dövlət Tibb İnstitutunda aldığı ali təhsil onun gələcək
fəaliyyətinin möhkəm təməlini formalaşdırdı. Tələbəlik illərindən zəhmətkeşliyi,
məsuliyyəti və məqsədyönlülüyü ilə seçilən Zərifə xanım qısa zamanda peşəkar həkim
və perspektivli alim kimi tanındı. Onun elmi fəaliyyəti Azərbaycan
oftalmologiyasının inkişafında yeni bir mərhələnin başlanmasına səbəb oldu. Xüsusilə
XX əsrin ortalarında geniş yayılmış Traxoma xəstəliyinə qarşı apardığı mübarizə
onun adını xalqın yaddaşına həkk etdi. O, yalnız elmi laboratoriyalarda deyil,
həm də ölkənin ucqar bölgələrində çalışaraq xəstəliyin səbəblərini araşdırır,
insanlara şəfa verirdi. Bu fəaliyyət sadəcə həkimlik işi deyil, insan talelərinə
toxunan böyük bir missiya idi.
Zərifə Əliyevanın elmi maraqları geniş və çoxşaxəli
idi. O, Qlaukoma, virus mənşəli göz xəstəlikləri və görmə orqanının peşə
patologiyası kimi sahələrdə mühüm tədqiqatlar aparmışdır. Onun elmi əsərləri və
monoqrafiyaları bu gün də oftalmoloqlar üçün dəyərli mənbə hesab olunur. Zərifə
xanım yalnız alim deyil, həm də pedaqoq və ziyalı idi. Gənc həkimlərin
yetişdirilməsində göstərdiyi səylər, onların həm peşəkar, həm də mənəvi
baxımdan inkişafına verdiyi töhfələr onun ən böyük xidmətlərindən biri sayılır.
Onun “Yüksək etimad” əsəri həkimlik peşəsinin mənəvi tərəflərini izah edərək bu
sənətin nə qədər məsuliyyətli və müqəddəs olduğunu göstərir. 1981-ci ildə nüfuzlu
M.İ.Averbax adına mükafata layiq görülməsi onun elmi fəaliyyətinin beynəlxalq səviyyədə
yüksək qiymətləndirildiyini sübut edirdi. 1983-cü ildə isə Azərbaycan Elmlər
Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi uğurlarının məntiqi nəticəsi
oldu.
Zərifə Əliyevanın həyatı yalnız elmi nailiyyətlərlə
deyil, həm də yüksək insani keyfiyyətlərlə zəngin idi. O, sadəliyi, səmimiliyi
və insanlara olan böyük sevgisi ilə seçilirdi. Onun üçün həkimlik sadəcə bir
peşə deyil, insanlara xidmətə əsaslanan bir həyat fəlsəfəsi idi. Bu fəlsəfənin
mərkəzində isə insan dayanırdı. Görmə orqanının virus mənşəli zədələnməsinə həsr
olunmuş tədqiqatları da elmi ictimaiyyət tərəfindən böyük maraqla
qarşılanmışdır. Bu araşdırmalar nəticəsində bir sıra xəstəliklərin differensial
diaqnostikası daha da təkmilləşdirilmiş, müalicə üsullarının effektivliyi
artırılmışdır. Həkim-oftalmoloqlar üçün yazdığı “Herpetik göz xəstəliyi”, “Ağır
virus konyunktivitləri” kimi dərs vəsaitləri məhz bu sahəyə həsr olunmuşdur.
Elmi araşdırmalarının nəticəsi olaraq Zərifə Əliyeva
bir neçə mühüm monoqrafiyanın müəllifi olmuşdur. Onların sırasında “Şin
istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı
oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi əsərlər
yer alır. Bundan əlavə, alimin bəzi elmi işləri görmə orqanında yaranan bədxassəli
şişlərin diaqnostikası və müalicəsinə həsr olunmuşdur. Daktriologiya sahəsinə
aid olan “Göz sulanmasının fiziologiyası” və “Göz sulanmasının müasir cərrahiyə
üsulları ilə müalicəsi” adlı monoqrafiyaları yalnız oftalmoloqların deyil, həm
də fizioloqların diqqətini cəlb etmişdir. Zərifə Əliyeva fundamental
“Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir və bu əsər bu gün
də oftalmoloqlar üçün vacib mənbələrdən biri hesab olunur. Ümumilikdə o, 150-yə
yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, bir
ixtiranın və 12 səmərələşdirici təklifin müəllifi və ya həmmüəllifi olmuşdur.
1985-ci ilin 15 aprelində Zərifə Əliyeva dünyasını dəyişsə
də, onun elmi irsi və mənəvi dəyərləri bu gün də yaşayır. Onun adı ilə fəaliyyət
göstərən tibb müəssisələri, yetişdirdiyi tələbələr və davamçıları bu böyük irsi
qoruyur və inkişaf etdirirlər.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında danışarkən
qeyd edirdi ki, o, insanlara böyük sevgi ilə yanaşan, heç kəsi incitməyən və
heç vaxt kimisə ümidsiz qoymayan bir insan idi. Onun sözlərinə görə, Zərifə
xanım Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərini özündə birləşdirən
nadir şəxsiyyət idi və ailə həyatında da əvəzsiz rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev isə anası haqqında xatirələrində vurğulayır ki, Zərifə xanımın həyat fəlsəfəsinin
əsasını uşaqlıqdan formalaşan xeyirxahlıq, insanlara sevgi və bağlılıq təşkil
edirdi. Onun sözlərinə görə, Zərifə Əliyeva həyatının son anlarına qədər mənəvi
gücünü qoruyub saxlamış, həyatın keçici olduğunu anlayaraq yaxşılığın isə əbədi
qalacağına inanmışdır. Cənab Prezident həmçinin bildirir ki, o, yalnız böyük
alim deyil, eyni zamanda övladlarını yüksək mənəvi dəyərlər ruhunda böyüdən
qayğıkeş ana idi və bu xüsusiyyətləri ilə hər zaman nümunə olaraq qalır.
Akademik Zərifə Əliyevanın həyat yolu bir daha göstərir ki, elm və insanpərvərlik bir araya gəldikdə həqiqi böyüklük yaranır. Onun adı və xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəalı
11:47 14.04.2026
Oxunuş sayı: 70