Şimpanzelər belə müharibə edir – alimlər heyrətdə
Son günlərdə elmi dairələrdə və mediada geniş müzakirə olunan mövzulardan biri Uqandada yaşayan şimpanzelər arasında baş verən qeyri-adi və qanlı qarşıdurmadır.
“Science” jurnalında dərc olunan tədqiqatlara əsasən, Kibale Milli Parkında yaşayan və uzun illər vahid sosial quruluşda fəaliyyət göstərən Nqoqo şimpanze icması parçalanaraq iki düşərgəyə bölünüb və nəticədə primatlar arasında faktiki “vətəndaş müharibəsi” başlayıb.
Araşdırmalar göstərir ki, 200-dən çox fərddən ibarət olan bu böyük icma illərlə güclü sosial bağlar əsasında formalaşmışdı. Onlar birlikdə ov edir, ərazilərini genişləndirir və digər qruplara qarşı koordinasiyalı şəkildə mübarizə aparırdılar.
Lakin 2015-ci ildə sürüdə dominant mövqeyə malik bəzi lider erkəklərin xəstəlik səbəbindən məhv olması icma daxilində balansı pozdu.
Sosial iyerarxiyanın dağılması daha aqressiv fərdlərin önə çıxmasına, nəticədə isə icmanın iki hissəyə bölünməsinə gətirib çıxardı.
2018-ci ildən etibarən bu parçalanma tam formalaşdı və tərəflər arasında sistemli hücumlar başladı. İllərlə davam edən qarşıdurmalar nəticəsində azı 24 şimpanzenin öldüyü təsdiqlənib, lakin real itkilərin daha çox olduğu istisna edilmir.
Xüsusilə, erkək fərdlər arasında hakimiyyət uğrunda mübarizə və resurs çatışmazlığı bu münaqişənin əsas səbəbləri kimi qiymətləndirilir.
Tədqiqatçılar bu hadisəni nadir və son dərəcə təhlükəli sosial dağılma nümunəsi kimi dəyərləndirirlər.
Bu hadisə bir daha göstərir ki, insanlara genetik baxımdan olduqca yaxın olan şimpanzelərdə belə sosial bağların qırılması ciddi və dağıdıcı nəticələrə səbəb ola bilir.
Hətta bəzi mütəxəssislər bu cür qarşıdurmaların insan cəmiyyətlərində baş verən münaqişələrlə müəyyən paralellər təşkil etdiyini də qeyd edirlər.
Lakin diqqətçəkən məqamlardan biri də odur ki, heyvanlar aləmində bu cür “müharibə” xarakterli qarşıdurmalar ilk dəfə müşahidə olunmur.
Tarixə nəzər saldıqda, hələ 1934-cü ildə də qeyri-adi bir hadisə qeydə alınmışdı. Həmin dövrdə leyləklərlə qartallar arasında baş verən genişmiqyaslı toqquşmalar günlərlə davam etmiş, nəticədə say üstünlüyü və koordinasiyalı hərəkət sayəsində leyləklər qartallara qalib gəlmişdi.
Bu hadisə o dövrün mətbuatında, o cümlədən “New York Times” qəzetində geniş şəkildə işıqlandırılmış, 300 leylək və 60 qartal arasında baş verən “müharibə” dünya ictimaiyyətinə təqdim edilmişdi.
Beləliklə, həm tarixi faktlar, həm də müasir elmi müşahidələr göstərir ki, sosial strukturların dağılması və resurs uğrunda rəqabət yalnız insanlara xas deyil.
Təbiətdə də bu cür qarşıdurmalar baş verir və bəzən olduqca qəddar, uzunmüddətli və dağıdıcı xarakter alır.
Ayhan
15:33 13.04.2026
Oxunuş sayı: 522