Bəziləri uşaq tapmır, bəziləri isə övladlarını çölə atır - NONSENS!
Tovuz rayonu ərazisində valideynləri tərəfindən atıldığı bildirilən azyaşlılarla bağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və ilkin qiymətləndirmələr aparılıb. Məsələ cəmiyyət tərəfindən ciddi narahatlıqla qarşılanmaqla yanaşı, uşaqların təhlükəsizliyi və rifahının təmin olunmasının vacibliyini bir daha gündəmə gətirib. Rəsmi qurumların məlumatına görə, uşaqlar hazırda müvafiq səhiyyə müəssisəsində yerləşdirilib və onların sağlamlıq vəziyyəti yoxlanılır. Araşdırmalar başa çatdıqdan sonra isə onların mənafeyi əsas götürülərək dövlət tərəfindən zəruri sosial müdafiə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bu, ilk belə hal deyil. Əvvəllər də dəfələrlə oxşar situasiyaların şahidi olmuşuq. Təcrübələr və müşahidələr bunu deməyə əsas verir ki, məsələ kifayət qədər ciddi olmaqla yanaşı, həm də cəmiyyət üçün təhlükəlidir.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov da öz fikirlərini bölüşüb: "Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, ailə və uşaqlar dövlətin himayəsindədir. Uşaqların saxlanılması və onların hüquqlarının təmin edilməsi valideynlərin əsas vəzifələrindən biridir. Valideynlər öz övladlarını saxlamağa və onların rifahını təmin etməyə borcludurlar. Əgər valideynlər bu vəzifələrini yerinə yetirmirlərsə, bu halda dövlət müdaxilə edir və müvafiq nəzarət mexanizmlərini işə salır. Belə vəziyyətlərdə uşaqlar dövlət tərəfindən himayəyə götürülür. Bu proses yerli icra hakimiyyəti orqanlarının nəzdində fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyaları, eləcə də uşaq hüquqları üzrə komissiyalar vasitəsilə həyata keçirilir. Həmin qurumlar dövlət adından uşaqların hüquqlarını qoruyur və onların mənafeyini təmin edir. Komissiyaların qərarı əsasında uşaqlar Sosial Xidmətlər Agentliyinə yönləndirilir. Agentlik müvafiq komissiyalarla birlikdə ailənin və uşağın vəziyyətini qiymətləndirir və zəruri hallarda uşaqları dövlət nəzarətində olan sosial xidmət müəssisələrinə yerləşdirir. Uşaqlar 18 yaşına çatana qədər həmin müəssisələrdə qalmaq hüququna malikdirlər. Bu müddət ərzində onlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunurlar. Uşaqlara sosial, psixoloji və hüquqi dəstək göstərilir, onların psixoloji vəziyyəti qiymətləndirilir və zəruri hallarda bərpa tədbirləri həyata keçirilir. Sağlamlıqla bağlı problemlər olduqda onlar tibbi müəssisələrə yönləndirilir və müvafiq müalicə ilə təmin olunurlar. Eyni zamanda, məktəb yaşına çatmış uşaqlar təhsilə cəlb edilir və bu proses də dövlət nəzarəti altında həyata keçirilir. Valideynlərlə bağlı isə icra hakimiyyəti orqanları məhkəməyə müraciət edərək valideyn hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər. Bu məhdudiyyətlər müvəqqəti xarakter daşıyır. Əgər valideynlər müəyyən müddət ərzində öz davranışlarını düzəldər, valideynlik vəzifələrini yerinə yetirmək qabiliyyətini bərpa edərlərsə və uşağın mənafeyinə təhlükə yaratmayacaqları müəyyən olunarsa, onlar uşaqlarını yenidən Sosial Xidmətlər Agentliyinin müəssisələrindən götürə bilərlər. Bu qərar isə mütləq şəkildə ailənin vəziyyətinin yenidən qiymətləndirilməsi əsasında qəbul edilir. Nəticə etibarilə, uşaqların hüquq və azadlıqları hər bir halda dövlət tərəfindən tam şəkildə qorunur və təmin edilir. Onlar hüquqi, sosial, psixoloji və humanitar dəstəklə təmin olunurlar".
Sosioloq Rəvan Əliyev isə son dövrlərdə valideynlərin uşaqlara qarşı daha soyuq görünməsinin əsas səbəbi kimi həyatın sürətlənməsi və stressin artması olduğunu qeyd edib: "İnsanlar maddi problemlər, iş yükü, sosial təzyiqlər səbəbindən emosional olaraq yorula bilər. Bu da ailədaxili münasibətlərə təsir edir. Valideyn uşağını sevmir deyə yox, sadəcə diqqət və enerji çatışmazlığı yaşayır. Bundan əlavə, texnologiyanın təsiri də böyükdür. Telefon, sosial şəbəkələr valideyn-uşaq ünsiyyətini zəiflədir, emosional bağları arxa plana keçirir. Çoxuşaqlılıq da müəyyən hallarda təsir edir. Ailədə uşaq sayı çox olduqda valideynin hər uşağa ayırdığı vaxt və diqqət azalır. Qısaca desək, problem sevginin yox, vaxtın, enerjinin və diqqətin azalması ilə bağlıdır".

Psixoloq Minarə Səbzəliyeva valideynlərin emosional yetkinliklə bağlı problemləri qeyd olunan halların yaranmasına səbəb ola biləcəyini bildirib: "Aydındır ki, valideyn öz emosiyalarını, gələcək planlarını, qərarlarını və stresini tənzimləyə bilmədikdə belə vəziyyətlər ortaya çıxır. Araşdırmalar göstərir ki, bəzi hallarda bu davranışlar valideynlərin öz uşaqlıq travmalarının təkrarı ilə bağlı olur. Belə valideynlər uşaqlıqda rədd edildikləri üçün “mənə verilməyibsə, mən də başqalarına borclu deyiləm” kimi bir inanc formalaşdırır və nəticədə özləri necə böyüyüblərsə, eyni emosional və psixoloji münasibəti övladlarına tətbiq edirlər. Bu, hər zaman şüurlu şəkildə baş verməsə də, nəticə dəyişmir. Əlbəttə, bu halların yaranmasına səbəb kimi maddi çətinliklər, psixoloji və ya psixiatrik problemlər, sosial dəstəyin olmaması kimi amillər göstərilə bilər. Lakin qeyd olunan faktorlar vəziyyəti izah edir, ona bəraət qazandırmır. Məhz buna görə də ən önəmli məsələ valideynin, ümumilikdə isə şəxsin emosional və psixoloji vəziyyətidir. Çünki eyni şəraitdə olan bəzi valideynlər bütün çətinliklərə baxmayaraq, yenə də övladlarını qorumağı bacarırlar".
Elmir Heydərli
14:54 12.04.2026
Oxunuş sayı: 57